Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-01 09:00:00
Massaçusetsə  qəbul olan tələbənin uğur sirri - Aereokosmosla bağlı möhtəşəm planları- FOTOLAR

 

Son zamanlar tələbələr və şagirdlər arasında dünyanın nüfuzlu xarici ali təhsil müəssisələrinə qəbul olan gənclərimizin sayı daha da artır.

 

Texnologiya üzrə dünyanın bir nömrəli ali təhsil müəssisəsi hesab edilən Massaçusets Texnologiya İnstitutuna ard-arda iki gəncimizin qəbul xəbəri ictimaiyyətdə təqdir edildi. Onlardan biri də UFAZ-ın son kurs tələbəsi Ləman Cəlilovadır.

 

AzEdu.az-a açıqlamasında uğurun sirlərini bölüşən Ləman,eyni zamanda gələcək planlarından da danışıb.

 

Əvvəlcə onu tanıyaq...

 

“Mən Ləman Cəlilova, ümumi orta təhsilimi 2018-ci ildə 6 nömrəli məktəb-liseydə qızıl medalla başa vurdum. Daha sonra 680 bal toplayaraq Azərbaycan-Fransız Universitetinin Kimya mühəndisliyi ixtisasına qəbul oldum. Hazırda universitetinin 4-cü kurs tələbəsiyəm”.

 

 

-Dünyanın ən yaxşı texnologiya universitetinə qəbul almısız. Müraciət prosesiniz necə oldu? Qəbul xəbərini nə zaman öyrəndiniz?

 

-Müraciət etdiyim universitetlər arasından ilk MIT-ə sənədlərimizi göndərmişdim. Bu zaman dil sertifikatları, cv, həmçinin motivasiya məktubumu və tövsiyə məktublarını yollamışdım.Təxminən yanvar ayının 24-ü müraciətimə müsbət cavab gəldi, qəbul oldum. Nəticə olaraq magistratura səviyyəsi üzrə təhsilimi tam təqaüdlə Massaçusets Texnologiya İnstitutunda Kimya mühəndisliyi üzrə davam etdirəcəyəm.

 

-Təhsilinizi davam etdirəcəyiniz universitetin lazımı qədər geniş tədqiqat imkanları var. İxtisasınız üzrə gələcəkdə nə kimi əsaslı yeniliklər etmək istəyərsiz?

 

-Gələcəkdə enerji keçidi prosesinə töhfə vermək istiqamətində müəyyən işlər görməyi düşünərəm. Xüsusilə aerokosmik sahədən bəhs ediriksə, burada istifadə olunan yanacaqların əvəzinə ətraf mühitə daha az zərər verən yanacaqların istehsalı, yaxud alternativ enerji sektorunda hər hansı yeniliklər ola bilər.

 

 

-Ümumilikdə təhsilinizi başa vurduqdan sonra gələcək üçün nə kimi planlarınız var? Maraqlıdır..

 

-Doğrusu, bu barədə hələ çox da bir şey düşünməmişəm. Əsas olaraq özüm üçün iki prioritet istiqamət seçmişəm: alternativ enerji sektoru, ya da aerokosmik sahə. Çünki bu istiqamətlərin hər ikisi hazırda inkişaf etməkdə olan sahələrdəndir.

 

 

-Ölkəmizdə təhsilini xaricdə davam etdirmək istəyən kifayət qədər gənclərimiz var. Onlara nə kimi tövsiyələriniz olar?

 

-Heç vaxt özülərinə inamı itirməsinlər. Seçmək istədikləri universitet dünya reytinqində nə qədər yüksək nüfuza malik olursa olsun, onu özləri üçün əl çatmaz hesab etməsinlər. Əsas özünə inamdır, qalan hər şey mümkündür. Bir da hər zaman öz üzərlərində çalışsınlar.