Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-28 15:14:00
Bu müəllimlər üçün MİQ-də ciddi problemlər yaşanacaq – Səbəb və çıxış yolları

 

“İnformatika dərslikləri MİQ sualları tam əhatə etmir, namizədlərin hazırlığı üçün vahid vəsaitlərin olması vacibdir”

 

Bir müddət öncə Baş nazir Əli Əsədovun qərarı ilə İnformatika fənninin I qrupa əlavəsi təsdiqləndi. Daha  sonra isə Dövlət İmtahan Mərkəzi imtahana hazırlaşanlara metodik köməklik baxımından vəsaitin hazırlandığını açıqladı.

 

Bütün bunlar hər şeyin texnologiya ilə tənzimləndiyi müasir dünyada şagirdlərin İnformatika fənni üzrə daha ciddi hazırlığı baxımından dərs vəsaitlərilə yanaşı, keyfiyyətli pedaqoji kadrların da məktəblərə cəlb olunması amilinə də diqqət çəkir.

 

Belə olan təqdirdə Müəllimlərin işə qəbulu müsabiqəsində İnformatika fənni üzrə nə kimi dəyişiklik və yeniliklərin olması zəruridir?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan İT mütəxəssisi, İnformatika müəllimi Tural Sofuyev mövcud vəziyyəti dəyərləndirib.

 

Mütəxəssis müəllimlərin işə qəbul müsabiqəsində İnformatika fənni üzrə vahid portalın yaradılmalı olduğunu bildirib:

 

“Belə deyək, vahid vəsait olmalıdır ki, müəllimlər rahat hazırlaşa bilsinlər.  Əgər imtahanda düşən suallar sırf dərsliklər əsasında hazırlanır və təqdim olunursa, digər fənləri deyə bilmərəm,  İnformatika üzrə düşən suallar demək olar ki, heç dərslikləri əhatə etmir. Bu istiqamətdə İnformatika dərsliklərinin yenilənməsi xüsusi olaraq vacibdir. İstər abituriyentlərin universitetlərə qəbul, istərsə də müəllim namizədlərin işə qəbul imtahanlarına hazırlığı baxımından dərsliklərin yenilənməsi vacib amildir. Yəni, tutarlıq dərsliklərin olması zəruridir. Hazırda istifadə olunanlar bu tələbləri tam şəkildə əhatə etmirlər”.

 

Müəllim, namizədlərin müsabiqəyə hazırlığının daha yaxşı həyata keçirilməsi üçün vahid vəsaitlərin zəruriliyinə diqqət çəkib:

 

“İmtahan hazırlaşan namizədlər üçün ən əsas amil vahid vəsaitlərin olmasıdır. Necə ki, magistratura səviyyəsinə hazırlaşanlar üçün İnformatikadan vahid materiallar, vəsaitlər mövcuddur, eyni şey MİQ-ə hazırlaşanlar üçün də tətbiq edilməlidir. Vəsaitlər namizədlərin daha yaxşı və rahat hazırlaşması üçün zəmin yaradır. Əks təqdirdə, müəllimdə hazırlaşmaq üçün hansı materiallardan istifadə etməsi, necə hazırlaşması ilə bağlı suallar yaranır”.

 

O, son olaraq,-“Ona görə də ya suallar sinif tədrslikləri əsasında tam əhatə olunacaq şəkildə qurulmalıdır, ya da müəllimlərin hazırlaşması üçün vahid vəsaitlər istifadəyə verilməlidir”-deyə bildirib.