Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-15 16:24:00
AMEA-da maaşlar aşağıdır, gənclər gəlmir, qocalar ölür -İnstitut direktorundan  ETİRAZ

 

 

“Bu Dilqəm müəllimin öz fikridir, o demək deyil ki, biz onu əsas götürməliyik”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyev deyib.

 

Belə ki, AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev AMEA-nın bir sıra institutlarının birləşdirilməsi, işçilərin ixtisar edilməsi və yaş həddinin müəyyənləşməsi ilə bağlı fikirlərlə çıxış edib.

 

Vaqif Fərzəliyev məsələ ilə bağlı fikirlərini ifadə edib:

 

“İndiki dövrdə kimin ağlına nə gəlirsə, onu deyir. Çox adam çalışır ki, elmdə dəyişiklik edərək özünü göstərsin. Həmçinin, onlar düşünürlər ki, mühüm təklif verə bilərlər. Elm və tədqiqatların öz qanunları, institutlarının isə  istiqamətləri var. Onların bağlanması üçün əsas  olmalıdır, həmçinin, birləşdirmək üçün də səbəb yaranmalıdır. İnstitutları birləşdirmək bizə nə verəcək? Belə olduqda yalnız iki direktor əvəzinə, 1 direktor idarəçiliyi həyata keçirəcək, işçilər isə yerində qalacaq. O vaxt ixtisarlar ola bilər ki, həqiqətən də,  bu institut  elmi tədqiqat məhsulu verməsin. Elmi tədqiqat institutunun texniki  məhsulu məqalə, kitab və tətbiqi işlərdir. Bunların hər biri həyata keçirilirsə, bu institutları bağlamağın nə manası var?”.

 

 

O, həmçinin, Dilqəm Tağıyevin fikrinə münasibət bildirib:

 

“Bu, Dilqəm müəllimin öz fikridir, o demək deyil ki, biz onu əsas götürməliyik. Hər kəs məsələyə öz düşüncəsi ilə yanaşır. Problemə bir nəfərin fikri ilə deyil, aparıcı alimlərin  müzakirəsinin nəticəsi əsasında ortaq yanaşmaq lazımdır. İqtisadi nöqteyi-nəzərdən araşdırmalar aparılmalıdır.

 

Hərə bir söz danışır. Başqa insan da çıxır, həmin fikri inkişaf etdirir. Bir şəxsin sözü ilə  akademiya kimi qurumda  dəyişiklik etmək olmaz. Dilqəm müəllimin düşüncələri ola bilər. Onun dəyərli təklifləri də var. Həmçinin, beynəlxalq təcrübələr də öyrənilməli, yanaşmalar tətbiq edilməlidir. Azərbaycanın öz mentalitet və  qanunları mövcuddur. Elmimizin inkişaf tarixi var. Bu qədər nüansları birdən-birə tapdalamaq olmaz”.

 

İnstitut direktoru qeyd edir ki, hazırda akademiyada işçilərin sosial vəziyyəti pisdir:

 

“Əsas məsələlərdən biri də  alimlərin sosial problemlərinin həll edilməsidir. Bu, aradan qalxmalıdır ki, onlar fəal olsunlar. Gənclər akademiyaya gəlmirlər. Çünki maaşlar çox aşağıdır, sosial təminat yoxdur, ona görə də onlar başqa sahəyə yönəlilər. Elm sektorunda qalan yaşlılar da dünyasını dəyişir, onları əvəz edən insanlar olmur.

 

Nəticə olaraq onu deyim ki, bir nəfərin fikri ilə hansısa məsələni əsas hesab etmək olmaz. Təbii ki, düşüncələrdə müsbət rüşeym var, lakin bu, o demək deyil ki, həmin proseslər reallaşmalıdır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları