Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-04 16:00:00
Könül Nurullayeva: Məktəb psixoloqlarının işini düzgün istiqamətləndirən proqramın işlənilməsinə ehtiyac var  

Bu gün ən önəmli məsələlərdən biri də məktəblərdə psixoloq ştatı üçün ayrılan yerlərin azlıq təşkil etməsidir. Şagirdlərin sayının çoxluğu psixoloqların onlara fərdi yanaşmasına mane olur. Digər məsələ ixtisaslaşmış peşəkar psixoloqların tədris prosesinə cəlb olunmasıdır.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib. Onun sözlərinə görə, psixologiya ixtisası mövcud olan ali təhsil müəssisələrində çalışan müəllim heyətinə psixologiya elminin müasir dövrdə tələbləri və yenilikləri barədə vaxtaçırı təlim kursları və seminarlar təşkil olunmalıdır. K.Nurullayeva bildirib ki, son zamanlar məktəblərdə şagirdlərin müəllim və sinif yoldaşlarına qarşı xoşagəlməz davranışlar nümayiş etdirməsi, belə halların sosial şəbəkələrdə operativ şəkildə yayılması təəssüf hissi yaradır. Məktəblərdə psixoloq ştatlarının yaradılması, “Məktəblinin dostu” layihəsi, ali məktəblərdə “Təhsildə sosial psixologiya xidmətləri” ixtisasının açılması və bu ixtisas üzrə peşəkar kadrların yetişdirilməsi kimi tədbirlər təqdirəlayiqdir. Lakin problemlərin həlli istiqamətində konkret addımlar atılmalıdır. Bu kontekstdə o, diqqəti dünya təcrübəsinə yönəldib: “Bu gün dünyada məktəblilərə psixoloji yardım göstərilməsi, onların psixoloji sağlamlığının qorunması məsələsi aktualdır. Finlandiyada 7-ci sinifdən etibarən şagirdlər üçün psixoloji sağlamlıqla bağlı ayrıca fənn tədris olunur. Bundan başqa, Finlandiyada məktəblərdə zorakılığa qarşı KiVa proqramından istifadə olunur. KiVa proqramı bir sıra oyunların və dərslərin keçirilməsi ilə zorakılıq hallarının qarşısının alınması, həll yönümlü vasitələrlə zorakılığa müdaxilə və məktəblərdəki vəziyyətin monitorinqinin həyata keçirilməsi şəklində tətbiq olunur”.

 

K.Nurullayeva qeyd edib ki, məktəb psixoloqlarının işini düzgün istiqamətləndirən proqramın işlənilib hazırlanması və həmin proqram əsasında şagirdlərə psixoloji yardım göstərilməsi zəruridir: “Məktəblərdə psixoloji xidmətlər yaş kateqoriyalarına uyğun təşkil olunmalı, şagirdlər üçün hər yaş kateqoriyasını nəzərə alan psixologiya dərsləri keçirilməlidir. Təhsil Nazirliyi tərəfindən keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində hər bir məktəbin, məktəb psixoloqunun istifadə edə biləcəyi, elektron resursların, alt sistemlərin yaradılması istiqamətində təklif olunan layihələrə üstünlük verilməsi yaxşı olardı”.

Deputat, həmçinin vurğulayıb ki, xüsusi həssas kateqoriyalara aid edilən uşaqların müəyyənləşdirilərək, onlarla fərdi konsultasiyalar həyata keçirmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məlumatların Təhsil Nazirliyinə inteqrasiya olunmasını təmin edəcək alt sistemlər yaradılmalıdır: “Hesab edirəm ki, məktəblərdə baş verən pozuntularla bağlı məlumatların Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya, eləcə də əksinə, məktəbdənkənar yerlərdə məktəblilər tərəfindən törədilən hüquq pozuntuları ilə bağlı məlumatların şagirdlərin təhsil aldıqları məktəblərə ötürülməsi və onların əlaqəli şəkildə fəaliyyət göstərməsi daha məqsədəmüvafiq olardı”.