Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-03 16:49:00
BMU-da “STAR the FUTURE” təcrübə proqramı ilə bağlı informativ sessiya təşkil olunub  

Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə Coca Cola İçecek Azərbaycan şirkətinin nümayəndələri tərəfindən tələbələr üçün informativ sessiya təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, sessiyada universitetin Mexanika mühəndisliyi, Sənaye mühəndisliyi, və Proseslərin avtomatlaşdırma ixtisaslarında təhsil alan tələbələr iştirak edib.

 

Şirkətin İctimaiyyətlə əlaqələr üzrə supervayzeri Aytən Məmmədova, İstehsalat rəhbəri Eldar Cəfərov, İnsan resursları üzrə rəhbəri Zarina Seyidova, İnsan resursları (təlim və inkişaf) üzrə mütəxəssisi Gülen İbrahimzadə təqdimatlarla çıxış ediblər.

 

Bildirilib ki, “Coca Cola İçecek” Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, İordaniya, İraq, Suriya, Tacikistan və Özbəkistanda fəaliyyət göstərən çoxmillətli içki şirkətidir. Şirkətin 11 ölkədə 29 zavodu var və 10 mindən çox əməkdaşı ilə 430 milyon istehlakçıya xidmət göstərir. 1996-cı ildən bəri Azərbaycanda fəaliyyət göstərən şirkət son 3 ildə öz fəaliyyətini 2 dəfə artırıb və ölkə iqtisadiyyatına öz töhfəsini verib. Eyni zamanda, şirkətin son 5 ildə həyata keçirdiyi “Təmiz ölkəm layihəsi”, “Təmiz Sumqayıt Pilot layihəsi”, “Xəzəri qoruyaq”, “Yeni nəsil layihəsi” və s. kimi sosial layihələrə göstərdiyi dəstək vurğulanıb.

 

Tədbir zamanı şirkətdə qadın əməkdaşlarının sayının çoxalmasından, həmçinin bölgələrdə yaşayan 1000-ə yaxın qadının biznes bacarıqlarının və maliyyə biliklərinin artırılmasına göstərilən dəstəkdən də bəhs olunub.

 

Görüşdə şirkətdəki fürsətlər, beynəlxalq təcrübə, eləcə də karyera imkanları barədə geniş məlumat verilib.

 

Sonra sessiyada şirkətin tələbələr üçün elan etdiyi “STAR the FUTURE” adlı təcrübə proqramından ətraflı danışılıb. Qeyd olunub ki, cari tədris ilinin sentyabr ayından sonuncu kursa başlayan tələbələr proqrama müraciət edə bilərlər. Onlayn qiymətləndirmə və Case Study mərhələlərindən uğurla keçən tələbələr 2022-ci ilin sentyabr ayında təcrübəyə başlayacaq. 

 

Proqrama https://careerscci.com/job/Baku-Intern/774858001/ linkinə daxil olaraq müraciət etmək mümkündür.

 

Sonda tələbələrə müxtəlif hədiyyələr təqdim olunub və onları maraqlandıran suallar cavablandırılıb.