Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-22 15:44:00
Universitet formallığı - Təcrübə bizə nəsə verirmi? -Prorektordan təhlil

 

Hazırda son kurs tələbələrinin tədris və istehsalat təcrübəsi müddəti davam edir.

 

Bu halda bir sıra universitet tələbələri təcrübə keçəcəkləri müəssisənin universitet tərəfindən təyin olunması və özlərinə seçim imkanı yaradılmamasından şikayətlərnirlər. Eyni zamanda buna səbəb kimi göstərilən amillərdən biri də təyin olunduqları müəssisənin yaşayış ünvanından uzaq olması və gündəlik xərclərin qarşılanmamasıdır.

 

Bəs tələbə istehsalat təcrübəsini keçəcəyi müəssisəni özü seçə bilərmi? Bu hansı hallarda mümkündür? Yaxud gündəlik xərclər nə kimi durumlarda qarşılana bilər? və s. kimi suallar ortaya çıxır.


Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru, ali təhsil üzrə mütəxəssis Elçin Süleymanov AzEdu.az-a açıqlamasında istehsalat təcrübəsində müəssisə seçimi məsələsinə aydınlıq gətirib:


“Tələbələrin istehsalat təcrübəsi universitetlə təcrübənin keçiriləcəyi müəssisə arasında razılaşdırılan müqaviləyə əsasən həyata keçirilir. Təbii ki, burada təcrübə 14 həftəlik bir müddəti əhatə etdiyi üçün tələbələrin bu müddətindəki fəaliyyətinə nəzarət məqsədilə universitet tərəfindən təcrübə rəhbəri müəyyənləşdirilir. Təyin olunan rəhbər təcrübə keçən tələbələri müəssisələrdə ziyarət etməlidir. Bu səbəblə tələbələrin kompakt halda bir yerdə olmaları universitetlər üçün daha məqsədəuyğundur. Çünki təcrübə müxtəlif məkanlar, rayonlarda həyata keçiriləcəyi təqdirdə nəzarət nisbətən çətinləşir. Amma tələbə öz yaşadığı ünvana yaxın müəssisədə təcrübə keçmək istəyirsə, bunu əvvəlcədən universitetə bildirir və təcrübə yeri üçün müraciət edir. Beləliklə universitetlə həmin müəssisə arasında müqavilə imzalanır, nəticədə tələbə təcrübə müddətini orada keçə bilir”

 

Mütəxəssis təcrübənin keçiriləcəyi müəssisəni seçən tələbəyə universitetin bəzən haqlı olaraq icazə vermədiyini bildirərək, səbəbini açıqlayıb:

 

“Universitetlər çalışırlar ki, formallıqdan qaçılsın. Bir çox ali təhsil müəssisəsi istehsalat təcrübəsinin tələbələrin gələcək karyerası üçün əhəmiyyətini dərk edir. Buna görə də tələbələrin təcrübə müddətinin daha məhsuldar keçməsi üçün daha ciddi müəssisələr seçilər ki, bu daha düzgün addımdır. Müəssisələr də öz növbələrində gələcək kadrlarını təcrübəçilər arasında müəyyənləşdirirlər. Yəni yekunda həm universitet, həm də müəssisə faydalanır. Burada qeyd etdiyim kimi ilk növbədə tələbənin təcrübə keçəcəyi müəssisə onun ixtisasına tam uyğun olmalıdır, bu vacibdir. Bəzən tələbələr öz ixtisaslarına uymayan, yaxın kiçik, kağız üzərində qurulmuş müəssisələrdə, şirkətlərdə təcrübə keçmək istədiklərini bildirilər. Universitet də haqlı olaraq onlara icazə vermir. Burada formallığın minimuma endirilməsi universitetlərin arzu etdiyi bir məsələdir. Amma məsələn, tələbə təcrübə üçün bir yaşadığı şəhərdə olmayan bir banka göndəriləcəksə, həm universitet, həm də bank bu amili nəzərə ala bilər. Yəni bankların bir çox bölgələrdə filialları var, tələbənin istəyi nəzərə alınaraq yaşadığı ünvana yaxın filiala göndərilə bilər”.

 

Prorektor BMU-da bu prosesin tənzimlənmə formasını nümunə göstərib və nəzərə alınan məqamları diqqətə çatdırıb:

 

“Məsələn, Bakı Mühəndislik Universitetində Müəssisələrlə əlaqələr və karyera ofisi var. Onlar əvvəlcədən təcrübə məkanlarını müəyyənləşdirir, daha sonra elan edirlər. Beləliklə tələbələr, öz arzusuna görə, yaşadığı ünvana uyğun olaraq elan olunmuş müəssisələrdən birini seçirlər. Amma burada ailə vəziyyəti və müxətlif səbəblər nəzərə alınır. O zaman şərt budur ki, ünvana yaxın olan müəssisə ilə müqavilə bağlansın, tələbənin təcrübə keçə bilməsi üçün orada lazımı şərait olsun və işləyəcəyi sahə də ixtisasına uyğun olsun”.

 

Tələbələrin təcrübə müəddəti Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə” vasitəsilə həyata keçirilir və tənzimlənir. Bu əsasnamədə tədris və istehsalat təcrübəsi, müəssisə və universitetlərin öhdəlik və vəzifələri, eyni zamanda tələbə və elmi rəhbərlərə maddi təminat kimi məsələlərə aydınlıq gətirilir.

 

Əsasnaməyə uyğun olaraq, istehsalat təcrübəsi təhsil müəssisəsinin özündə və ya onun yerləşdiyi şəhərdə (rayonda) olan müəssisədə keçirildiyi halda, tələbələrə gündəlik xərclər ödənilmir.