Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-15 11:00:00
Güclü külək bu məktəblərə ziyan vurdu - SİYAHI 

Son günlər baş verən güclü külək nəticəsində Azərbaycanda fəaliyyət göstərən bir neçə məktəbə ziyan dəyib.

 

Təhsil şöbələrindən report-un sorğusuna cavab olaraq bildirilib ki, güclü külək fevralın 13-də Bakı şəhəri, Səbail rayonu, 162 nömrəli tam orta məktəbin dam örtüyündə olan üzlük daşları qoparıb.

 

"Artıq problemin bir qismi aradan qaldırılıb, şagirdlərin dərsə gedib-gəlməsində heç bir problem olmayıb, tədris öz qaydası ilə davam edir", - məlumatda qeyd olunub.

 

Bildirilib ki, həmin gün gecə saatlarında həmçinin Abşeron rayonu Çaylı kənd tam orta məktəbində də güclü külək binanın dam örtüyünün bir qismini sıradan çıxarıb, bəzi pəncərələrin şüşələri sınıb: "İstixananın giriş qapısı və tüstü borusu yararsız vəziyyətə düşüb. Buna baxmayaraq, şagirdlərin dərslərdə iştirakında heç bir problem olmayıb, məktəbdə tədris öz qaydası ilə davam edib”.

Vurğulanıb ki, fevralın 13-də Şəki şəhəri 4 nömrəli və Qaratorpaq kənd tam orta məktəblərinə də ziyan dəyib: "Belə ki, güclü külək hər iki məktəbdə dam örtüyünün bir qismini, xüsusilə şiferlərin bir neçəsi və ətək dəmirlərini qoparılıb. Ancaq məktəbdə tədris öz qaydası ilə davam edir".

Eyni zamanda məlumatda digər məktəblərdə belə hallara rast gəlinmədiyi qeyd edilib.