Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-04 14:20:00
Azərbaycan Respublikası üzrə bölgələrin orta təhsil reytinqi

Metodologiya
Bölgələrin orta təhsil reytinqi aşağıdakı 3 statistik göstərici əsasında hazırlanıb:
1) 9 illik buraxılış imtahanlarının nəticələri;
2) 11 illik buraxılış imtahanlarının nəticələri;
3) Ali məktəblərə qəbul imtahanlarının nəticələri.
9 illik təhsili bitirən şagirdlər 3 fəndən imtahan verirlər: xarici dil, tədris dili və riyaziyyat. Hər fənn üzrə şagirdlər 30 suala cavab verməlidirlər. Maksimum qiymətləndirmə balı hər fənn üzrə 100 bal təşkil edir. Yəni ixtiyari şagird hər 3 fəndən 90 sualın hamısına səhvsiz cavab verdiyi halda 300 bal toplamaq imkanı qazanır.
11 illik təhsil üzrə buraxılış imtahanında da vəziyyət eynidir: şagirdlər xarici dil, tədris dili və riyaziyyat fənlərinin hər birindən 30 (ümumilikdə 90) suala cavab verməklə maksimum 300 bal toplaya bilər.
Ali məktəblərə qəbul zamanı isə 150 baldan az olmayaraq bal toplayan abituriyentlər universitetlərə qəbul olmaq şansı qazanırlar. Universitetlərə qəbulda isə maksimum bal 700-dür.
Bölgələrin orta təhsil reytinqi yuxarıdakı üç göstəricini cəmləməklə hesablanır. Sizə təqdim edilən nəticələr Bakı Araşdırmalar İnstitutu mütəxəssisləri tərəfindən Dövlət İmtahan Mərkəzinin statistik bazası əsasında hazırlanıb. Hesablama aşağıdakı ardıcıllıqla aparılıb:
(1) Hər bir rayonun 9 illik təhsil üzrə müvəffəqiyyət əmsalı hesablanır. Bu zaman hər bir rayonda abituriyentlərin 3 fənn üzrə topladığı bal ortalaması maksimum mümkün bala (300) bölünür və 100-ə vurulur. Məsələn, Bərdə rayonunda 9 illik təhsil üzrə imtahanlardan orta bal 115 təşkil edirsə, bu o deməkdir ki, rayonun bu təhsil pilləsi üzrə müvəffəqiyyət əmsalı 38.8% təşkil edir (115/300*100).
(2)Hər bir rayonun 11 illik təhsil üzrə müvəffəqiyyət əmsalı hesablanır. Bu zaman hər bir rayonda abituriyentlərin 3 fənn üzrə topladığı bal ortalaması maksimum mümkün bala (300) bölünür və 100-ə vurulur. Məsələn, Bərdə rayonu üzrə 11 illik təhsil üzrə orta bal 125 təşkil edirsə, bu o deməkdir ki, rayonun bu təhsil pilləsi üzrə müvəffəqiyyət əmsalı 41.7% təşkil edir (125/300*100).
(3) Hər bir rayonun cari il üzrə orta məktəb məzunlarının ali məktəblərə qəbul əmsalı hesablanır. Bu zaman rayonda 11 illik təhsili başa vuraraq universitet pilləsinə daxil olmuş məzunların rayondakı bütün məzunlara faizlə nisbəti hesablanır. Məsələn, 2020-ci ildə Bərdə rayonu üzrə 11 illik təhsili bitirmiş 105 məzundan 23 nəfəri ali məktəblərə qəbul olubsa, universitetlərə qəbul əmsalı 21,9% (23/105*100) təşkil edəcək.
(4)Sonuncu addımda hər 3 nəticə toplanaraq göstəricilərin sayına (3-ə) bölünür. Məsələn, Bərdə rayonunda 9 illik təhsil üzrə müvəffəqiyyət əmsalının (38,8%), 11 illik təhsil üzrə müvəffəqiyyət əmsalının (41,7%) və ali məktəblərə qəbul səviyyəsinin (21,9%) cəmi 102.4-ə bərabərdir və bu rəqəm (102.4) 3-ə bölündükdə yekun əmsal 34.1-ə bərabər olur. Yəni bu nümunədə Bərdə rayonu 3 əsas göstərici üzrə 100%-lik mümkün nəticəyə qarşı 34.1% müvəffəqiyyət əmsalına malikdir.