Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-24 09:49:00
UNEC-də “Azərbaycan iqtisadiyyatı” kitabının təqdimatı olub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov və rektorun müşaviri dosent Elşən Bağırzadənin həmmüəllifi olduqları “Azərbaycan iqtisadiyyatı” (infoqrafik) kitabının təqdimatı keçirilib.

 

AzEdu.az xəbər verir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan kitabın təqdimatında Milli Məclisin deputatları, ölkənin tanınmış iqtisadçı alimləri iştirak ediblər.

 

UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva “Azərbaycan iqtisadiyyatı” kitabında ölkə iqtisadiyyatının tarixi inkişaf mərhələləri, struktur dəyişiklikləri, islahatları, perspektivləri və bütövlükdə inkişafının başlıca xüsusiyyətlərini əks etdirən məlumatların infoqrafik formada oxuculara çatdırıldığını deyib. Kitabdan ölkə iqtisadiyyatı ilə maraqlanan hər kəsin, eləcə də Azərbaycan iqtisadiyyatı fənninin tədrisi zamanı tələbə və müəllimlərin faydalana biləcəyini vurğulayıb.

 

Rektor Ədalət Muradov dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan və ölkə iqtisadiyyatının inkişaf mərhələlərindən bəhs edən kitabın ərsəyə gəlməsinin zəruriliyindən danışıb. Kitabın nəşrində informasiyanın çatdırılmasında dünyada yeni yanaşma olan infoqrafik üslubun əsas götürüldüyünü deyən rektor burada Dövlət Statistika Komitəsinin məlumat bazası ilə yanaşı, mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də beynəlxalq təşkilatların statistik məlumatlarından istifadə edildiyini diqqətə çatdırıb. 18 fəsildən ibarət olan kitabda çar Rusiyası dövründəki Azərbaycan iqtisadiyyatının, Cümhuriyyət illərində milli iqtisadiyyat yolunda atılan ilk addımların, sovet Azərbaycanı dövründə sosialist iqtisadiyyatının əsas istiqamətlərinin göstərildiyini, eləcə də müstəqil Azərbaycanın bazar iqtisadiyyatının formalaşması istiqamətində həyata keçirilmiş tədbirlər və onların nəticələrinin şərh olunduğunu deyib. Bildirib ki, kitabda ölkənin iqtisadi inkişafı ilə bağlı beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinə dair məlumatlar da əks olunub, həmçinin ölkənin iqtisadi resursları, makroiqtisadi struktur və digər məlumatlar verilib.

 

Dosent Elşən Bağırzadə kitabda beynəlxalq müqayisələrin aparıldığını xüsusi vurğulayaraq, oxucuların burada MDB məkanı, türk dünyası, postsosialist məkanı və inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya ölkələrinin son 30 ildəki iqtisadi inkişaf trendini Azərbaycanla müqayisəli şəkildə görə biləcəyini deyib.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ölkə iqtisadiyyatının inkişaf mərhələlərinin dolğun şəkildə və infoqrafik üslubda əks olunduğu kitabı oxucular üçün zəngin mənbə adlandırıb. O, gənc nəslin daha çox təsviri informasiyalara üstünlük verdiyinə diqqət çəkərək, bu cür nəşrlərin daha tez qavranan və yaddaqalan olduğunu vurğulayıb.

 

Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov kitabın ölkə iqtisadiyyatı ilə bağlı alternativ statistik mənbə olduğunu və ölkənin iqtisadi xəritəsi rolunu oynadığını deyib. Y.Yusifov iqtisadi rayonların son bölgüsünün təhlilinin də kitabda yer almasını yüksək qiymətləndirib, ölkə iqtisadiyyatı ilə bağlı yeni nəşrin cəmiyyətin bütün üzvləri üçün faydalı olacağını bildirib.

 

Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, AMEA-nın müxbir üzvü, professor Akif Musayev Azərbaycan iqtisadiyyatının bir əsrlik dövrünün statistik rəqəmlərlə əks olunduğu kitabda ölkənin iqtisadi inkişaf modelinin təqdim olduğunu deyiblər. Belə bir nəşrin ərsəyə gəlməsinin böyük zəhmət tələb etdiyini vurğulayıblar.

 

Milli Məclisin deputatı Etibar Əliyev, professorlar Arif Şəkərəliyev, Əli Əlirzayev, Məhiş Əhmədov, İrşad Kərimli və digərləri çıxış edərək kitabı Azərbaycan iqtisadiyyatının tədqiqi sahəsində böyük elmi baza və iqtisadiyyat elminin populyarlaşdırıması yönümündə olduqca zəngin vəsait adlandırıblar.