Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-23 16:31:00
Təhsildə Keyfiyyət Təminatı Agentliyi illik hesabat verib

Dekabrın 23-də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) illik hesabatı ilə bağlı mətbuat konfransı təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, mətbuat konfransında TKTA-nın direktoru Eldar Orucov agentliyin 2021-ci il ərzində gördüyü işlər haqqında ətraflı məlumat verib. Bildirib ki, cari ildə Gəncə Dövlət və Azərbaycan Texnologiya universitetlərinin akkreditasiya qiymətləndirilməsi prosesi yekunlaşıb və hesabatlar Akkreditasiya Şurasına təqdim olunub. Ümumilikdə 15 ali təhsil müəssisəsində Akkreditasiya Komissiyasının verdiyi tövsiyələrin icrasının monitorinqi aparılıb. Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair müvafiq qaydaların tələblərinə əməl olunmasının yoxlanılması məqsədilə I yarımil ərzində 137, II yarımil ərzində isə 600 məktəbdə monitorinq təşkil olunub.

 

Cari il ərzində qeyri-formal və informal təhsilin tanınması istiqamətində bərbər, plastik boru, mobil telefonların təmiri ustası, qənnadıçı-şirniyyatçı, aşpaz ixtisasları üzrə imtahanlar keçirilib. Vətəndaşlara 174 sertifikat, 13 diplom təqdim olunub. İmtahanlarda iştirak etmək üçün 20 nəfərdən ibarət ekspert bazası yaradılıb. 7 ixtisas üzrə 1457 sual, 107 tapşırıq hazırlanıb və əmək bazarının nümayəndələri tərəfindən bütün sual və tapşırıqların ekspertizası aparılıb. “Paşa Holding”in maliyyə dəstəyi ilə cari ilin iyul ayında qənnadıçı-şirniyyatçı ixtisası üzrə qeyri-formal olaraq fəaliyyət göstərən sağlamlıq imkanları məhdud və ya öhdəliyində əlil övladı olan 16 qadının formal məşğulluğuna dəstək göstərilməsi məqsədilə qiymətləndirilmə həyata keçirilib. İmtahanda uğurlu nəticə göstərən 13 ərizəçidən 9-u diplom, 4-ü isə müvafiq modullar üzrə sertifikat əldə etmək hüququ qazanıb.

 

Eldar Orucov diqqətə çatdırıb ki, 2021-ci ildə TKTA-ya tanınma üzrə 3004 müraciət daxil olub. Müraciətlərin 76 faizi (2278 nəfər) müsbət nəticələnib. 24 faiz (26 nəfər) isə mənfi cavab alıb. Qeyd edib ki, tanınma üzrə müraciətlərə baxılma müddəti əvvəlki illərə nisbətdə xeyli azalıb. Əgər 2018-ci ildə müraciətlərə baxılma müddəti 55 gün olurdusa, bu gün müraciətlər 18 gün ərzində nəticələnir.

 

Ekspert bankına müraciət edən 300 namizədə “Keyfiyyət təminatı sistemi və daxili keyfiyyət təminatı” (I modul) mövzusunda təlimlər təşkil olunub. 22 müxtəlif ali təhsil müəssisəsində akademik və inzibati heyətinə “Akkreditasiya qiymətləndirilməsində ekspertlərin rolu” mövzusunda seminar keçirilib. Təlim ehtiyaclarının aşkar olunması məqsədilə 32 ali təhsil müəssisəsinin akademik heyəti arasında anonim sorğu keçirilib və nəticələr təhlil olunub. Ali təhsil müəssisələrində keyfiyyət təminatı səviyyəsinin tələbələrin gözü ilə təhlil olunması məqsədilə 16550 tələbə arasında sorğu aparılıb.

 

Direktor vurğulayıb ki, cari il ərzində əməkdaşlıq əlaqələrin genişləndirilməsi də diqqətdən kənarda qalmayıb. 17 özəl müəssisə ilə əməkdaşlıq edilib, 10 müəssisə ilə müqavilə bağlanıb. 96 müəssisənin iştirakı ilə əmək bazarının təhlilinə dair sorğu həyata keçirilib. Beynəlxalq əlaqələr də genişləndirilib. Türkiyənin Ali Təhsildə Keyfiyyət Təminatı Şurası (YÖKAK), Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyi (IAAR) və Təhsildə Keyfiyyət Təminatı üzrə Müstəqil Agentliyi (İQAA) ilə əməkdaşlıq haqqında ikitərəfli anlaşma memorandumları imzalanıb. Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) Baş Assambleyasının onlayn formatda keçirilən iclasında TKTA bu quruma tam hüquqlu üzv seçilib. Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Beynəlxalq Şəbəkəsinə tam hüquqlu üzv olmaq üçün müraciət edilib.