Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-23 11:44:00
“Məktəblinin dostu” layihəsinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib

Dekabrın 23-də Bakı şəhəri 20 nömrəli məktəb-liseydə “Məktəblinin dostu” layihəsinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə “Məktəblinin dostu” layihəsi ilə bağlı videoçarx nümayiş olunub.

 

Təhsil nazirinin müşaviri Rüstəm Ağayev "Məktəblinin dostu" layihəsi çərçivəsində bu günə qədər görülən işlər barədə məlumat verib. Layihənin əhəmiyyətindən danışan R.Ağayev "Məktəblinin dostu" nun yaranma səbəbləri və məqsədlərini diqqətə çatdırıb. Bildirilib ki, 2016-cı ilin dekabr ayından fəaliyyət göstərən “Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün məktəbdə daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.

 

Layihənin icrası ilkin alaraq 30 məktəbdə başlayıb və Bakı, Abşeron, Sumqayıtda ümumilikdə 226 təhsil müəssisəsini əhatə edir. 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 400 əməkdaş çalışır. Qeyd edək ki, pandemiya dövründə "Məktəblinin dostu" uğurla fəaliyyət göstərib.

 

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin əhəmiyyətindən söz açıb, layihəni təhsil sistemi üçün uğur adlandırıb. Nazir təhsilin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən söz açıb, bu sahədə layihənin önəmini qeyd edib. Vurğulanıb ki, bu gün "Məktəblinin dostu" layihəsi Azərbaycan təhsil sisteminin ayrılmaz bir hissəsidir. E.Əmirullayev “Məktəblinin dostu” layihəsinin əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirib, onlara ugurlar arzulayıb.

 

Daha sonra səmərəli fəaliyyətinə, xüsusi təşəbbüskarlıq və fəallıq nümayiş etdirdiyinə görə “Məktəblinin dostu” layihəsinin əməkdaşları təltif olunub.