Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-17 09:50:00
Təhsil Nazirliyi və ona tabe qurumların layihələrin kommunikasiyasına dair görüşü keçirilib  

Dekabrın 16-da Təhsil Nazirliyi və ona tabe qurumların layihələrin kommunikasiyasına dair görüşü keçirilib.

 

AzEdu.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə bildirib ki, görüşün əsas məqsədi nazirlik və onun qurumları, eləcə də layihələrlə kommunikasiya işinin effektiv təşkili, layihələrarası əməkdaşlığın təşviqi və birgə işin genişləndirilməsidir.

 

Təhsil nazirinin müşaviri Elnur Nəsibov 2021-ci ildə nazirlik və tabe qurumlar arasında mövcud kommunikasiya fəaliyyətinə toxunub və əlaqələrin gücləndirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb. O, təhsil siyasətinin həyata keçirilməsində qəbul edilən qərarların, yeniliklərin məqsəd və əhəmiyyətinin müvafiq kommunikasiya platformaları vasitəsilə ictimaiyyətə operativ və dolğun çatdırılmasının önəmini qeyd edib. Həmçinin 2022-ci ildə informasiyaya əlçatanlığın təmin edilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə sosial mediadan istifadənin daha da artırılmasının əsas hədəflərdən biri olduğunu nəzərə çatdırıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Təhsil Nazirliyi və tabe qurumların, layihələrin kommunikasiyasına dair təqdimat edib. Təqdimatda qurumların fəaliyyətinin ictimaiyyətə vaxtında və əhatəli çatdırılması, 2022-ci il üçün kommunikasiya sənədinin hazırlanması kimi istiqamətlərə nəzər salınıb. Cəsarət Valehov nazirlik və tabe qurumlar arasında birgə fəaliyyəti qənaətbəxş qiymətləndirib.

Təhsil Nazirliyinin sosial media səhifələri üzrə bəyənilmə və izləyici sayı barədə məlumat verən sektor müdiri bildirib ki, hazırda nazirliyin feysbuk səhifəsinin bəyənilmə sayı 157 min 230, izləyici sayı isə 187 min 309-dur. İnstaqram üzrə izləyici sayı 79 min 100, tviter üzrə oxucu sayı 11 min 845, “Telegram”da abunəçi sayı 17 min 605, “Linkedin”də izləyici sayı 2 min 496, yutubda isə abunəçi sayı 109 mindir.

Tədbirdə növbəti ilə dair gözləntilərdən danışılıb, nazirliyin və tabe qurumların media resurslarından istifadə imkanları dəyərləndirilib və əsas hədəflər qeyd olunub.

Sonra müzakirələr aparılıb. Tədbirin sonunda layihələr üzrə növbəti il üçün kommunikasiya sənədinin hazırlanması, vətəndaş məmnunluğunun artırılmasına dair tövsiyələr diqqətə çatdırılıb və belə görüşlərin mütəmadi keçirilməsi qərara alınıb.