Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-17 10:51:00
Bir çox Bakı məktəblərində  qanunsuz şəkildə pul yığılmaları  pik səviyyədədir-Təhsil eksperti

“Direktorlar bəzi məmurlara güvəndikləri üçün onlara qarşı ciddi tədbirlər görülə bilinmir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

 

Belə ki, Bakı şəhərində yerləşən orta məktəblərdən birinin direktorunun səs yazısı yayılıb. 

 

189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyeva qeyd edir ki, məktəbdəki xərcləri təmin edə bilmir:

 

“Siz fikirləşmirsiniz ki, məktəbin xərclərini nə ilə ödəməliyik?”, - deyə o, valideynlərə təzyiq edib. 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi cavab olaraq bildirib ki, sözügedən məktəbin direktorunun səs yazısı ilə bağlı qurum tərəfindən müvafiq araşdırma aparılır:

 

“Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.

 

 

Elşən Qafarov məsələ ilə bağlı fikirlərini bildirib:

 

“Məktəblərdə hansısa pulun toplanması yolverilməz və qanunvericiliyə zidd hərəkətdir. Təhsil müəssisəsinin direktorunun və işçisinin  bu addımı atması qeyri-etikdir. Çox təəssüflər olsun ki, bir aya yaxındır, direktorun səs yazısı yayılıb. Lakin bunun ictimailəşməsinə baxmayaraq, məsələ ilə bağlı nə Təhsil Nazirliyi, nə də BŞTİ dünənə kimi heç bir məlumat verməmişdi. Həmin direktora qarşı hansısa tədbir hələ də görülməyib”.

 

Təhsil eksperti qeyd edir ki, məktəblərdə qanuni şəkildə  qeydiyyatdan keçmiş müəllim-valideyn assosiasiyaları var:

 

“Onların üzvlük haqlarının ödənilməsi qanundan kənar deyil. Amma məktəb direktorunun  pul mənimsəməsi və ya onu toplaması  assosiasiya məbləğinə aid edilmir, baxmayaraq ki, direktor valideynlərdən  bu adla vəsait toplayır. Həmin pul direktorun birbaşa təhsil müəssisəsindən topladığı məbləğdir. Hazırda Bakı şəhərinin bir çox məktəblərində  qanunsuz şəkildə pul yığılmaları  pik səviyyədədir. Çox təəssüflər olsun ki, bir çox nüfuzlu məktəb direktorları arxayınlıq edirlər. Onlar müəyyən məmurlara güvəndikləri üçün bu şəxslərə qarşı ciddi tədbirlər görülə bilinmir”.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları