Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-15 09:57:00
Azərbaycan və Türkiyə universitetlərinin əməkdaşlıq əlaqələri müzakirə olunub

Dekabrın 14-də təhsil nazirinin müavini Firudin Qurbanov Türkiyənin Karabük Universitetinin rektoru Rəfik Polat və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, nazir müavini görüşdə ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin möhkəm olduğunu diqqətə çatdırıb. Hər zaman mürəkkəb məqamlarda, xüsusilə 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsində, Qələbəmizin əldə olunmasında qardaş ölkənin dəstək göstərməsini xüsusi vurğulayıb.

 

Firudun Qurbanov bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əlaqələrimizin inkişaf yolunda olduğunu qeyd edib. İki ölkənin təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsi, təhsilin idarə olunması orqanları arasında müvafiq sazişlərin olması, ali təhsilin beynəlmiləlləşməsinin əsas istiqamətləri haqqında məlumat verib. Nazir müavini, həmçinin ölkəmizdə təhsilin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarının uğurla yerinə yetirildiyini diqqətə çatdırıb.

 

Karabük Universitetinin rektoru Rəfik Polat öz növbəsində rəhbərlik etdiyi universitet haqqında məlumat verib.

 

Görüş zamanı Karabük Universiteti ilə qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, Karabük Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasındakı əlaqələr müzakirə edilib və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə bakalavriat və magistratura təhsil səviyyələri üzrə tələbə və müəllim mübadiləsi məsələlərindən danışılıb.

 

Görüşdə hər iki universitetin inkişafı üçün ikili diplom proqramlarının tətbiqi və bu proqramın əhəmiyyəti vurğulanıb.

 

Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.