Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-24 16:41:00
“Məktəbəqədər və ibtidai təhsil” jurnalının yeni nömrəsi çapdan çıxdı 

“Məktəbəqədər və ibtidai təhsil” jurnalının 2021-ci il 3-cü nömrəsi çap olunub.

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodik nəşri “Məktəbəqədər və ibtidai təhsil” jurnalının 2021-ci il, 3- cü nömrəsi çapdan çıxıb. Jurnalın bu nömrəsində də tanınmış alimlərin, təhsil mütəxəssislərinin, doktorantların elmi araşdırmaları ilə yanaşı, müəllimlərin, tərbiyəçi-müəllimlərin təcrübəsini əks etdirən məqalələr dərc olunub. Tanınmış alim, prof. R.Əliyev və pedaqogika üzrə fəlsəfə doktoru N.Çələbiyevin həmmüəllif olduqları "Psixologiya elminin inkişafına və elmi kadrların hazırlığına ADPU-nun töhfələri" adlı məqalədə Azərbaycanda psixologiya elminin təşəkkül tarixi, psixologiya sahəsində elmi kadr hazırlığı və Azərbaycan dilində psixologiyaya dair dərsliklərin və kitabların nəşrində, elmi araşdırmaların aparılmasında ADPU-nun rolu, bu sahədə müstəsna xidmətləri olan alimlər haqqında məlumat verilir.

 

Məktəbəqədər yaşlı uşaqlarda müstəqilliyin inkişafı problemləri və bu keyfiyyətlərin formalaşdırılmasına səbəb olan cəhətlərdən bəhs edən məqalənin həmmüəllifləri Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent L.Cəfərova və Bakı Humanitar Kollecinin müəllimi Ü.Nəsibovadır.

 

Filologiya üzrə fəlsəfə doktoru A.Əsədov öz məqaləsində ibtidai siniflərdə dünya ədəbiyyatı nümunələrinin tədrisinin vacibliyindən bəhs edir.

 

Bu nömrədə, həmçinin jurnalın şöbə redaktoru Kəklik Məmmədovanın "Məktəbəqədər və ibtidai təhsil" jurnalının yaradıcısı və uzun illər baş redaktoru olmuş akademik Y.Ş.Kərimovun elmi-pedaqoji irsindən bəhs edən məqaləsi ilə də tanış ola bilərsiniz.

 

Qax şəhəri, 3 №-li körpələr evi-uşaq bağçasının tərbiyəçi - müəllimi Nəzakət Rəsulova "Uşaqlarda ailəyə və özünəgüvən hisslərinin formalaşmasına təsir edən amillər" adlı məqaləsində öz çoxillik təcrübəsini həmkarları ilə paylaşır. Məktəbəqədər sahə üzrə mütəxəssis Kifayət Məmmədova isə öz məqaləsində erkən yaşlı uşaqların inkişafı ilə bağlı işin təşkilində tərbiyəçi-müəllim və valideyn əməkdaşlığının əhəmiyyətindən bəhs edir. ADPU nəzdində Pedaqoji Kollecin müəllimi D.Bağırova "İnteraktiv təlimin mahiyyəti və təşkilinin əsas qaydaları" adlı məqaləsində Rusiya və Azərbaycan alimlərinin tədqiqatlarına əsaslanaraq, interaktiv texnologiyaların təsnifatını verir, təşkili xüsusiyyətlərini açıqlayır. Təhsil İnstitutunun doktorantı G.Vəliyeva öz məqaləsində məktəbəqədər yaş dövründə uşaqların sosiallaşması məsələlərindən bəhs edir, bu zəmində məktəbəqədər müəssisələrlə ailələrin əməkdaşlığının vacibliyini vurğulayır.