Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-03 11:33:00
"Türkmənistandan gələnlər üstünlük təşkil edir" - Azərbaycanlı tələbə

Son illər xarici ölkələrlə əlaqələrin genişlənməsi, dünyaya inteqrasiya nəticəsində, gənclərin xaricdə təhsilə marağı daha da artıb. Təbii ki, burada maraq, istiqamət və niyyətlər fərqlidir. Bəziləri xaricdə təhsil alıb daha yaxşı karyera quracağını düşünür. Gənclər hansı ölkədə təhsil alacaqlarını, sevdikləri şəhər, büdcə və ya qəbul olduqları təqaüd proqramına əsasən müəyyən edirlər. Universitet və ixtisas seçimi bir sıra suallar yaratdığından onlar qərarlarından əmin ola bilmirlər. Gənclərin bu kimi suallarını cavablandırmaq üçün həmin ölkədə təhsilalan tələbələrin verdikləri məlumatlar daha əsası olur.

Bu yazıda Çanaqqala On səkkiz Mart Universitetində təhsil alan Osman Hacıyev bildiklərini bizimlə bölüşüb.

İlk olaraq universitet haqqında ümumi məlumat verək. Türkiyənin Dardanel rayonunda yerləşən Çanaqqala On Səkkiz Mart (ÇOMU) dövlət universitetidir. 3 İyul 1992-ci ildə 3837 saylı qanunla qurulan universitet 1992-1993-ci ilin payızında Frakiya Universitetindən verilən bəzi fakültələrlə fəaliyyətə başlayıb.

2012-ci ilin SCIMAGO illik hesabatında dünyanın ən yaxşı 1500 universitetindən biri kimi seçilib.  2013-ci ildə Elm, Sənaye və Texnologiya Nazirliyi tərəfindən Türkiyənin ən təşəbbüskar universitetləri siyahısında yer alıb. ÇOMU Beynəlxalq Universitetlər Birliyi, Avropa Universitetlər Birliyi, ADDIM Universitetlər Konsersiyumu və Frakiya Universitetlər Assosiasiyasının üzvüdür. Universitetinin loqosunda türk bayrağı üzərində Çanaqqala şəhidlər abidəsi yer alır. 

Osman bildirib ki, akademiklerden Həsən Arslan , Çavuş Şahin , Yusif Avcı orada dərs deyir:

" Universitetin ən yadda qalan yeniliyi "ağıllı şüşə" olub. Buranı fərqləndirən əsas cəhət  türkdilli tələbələrin çoxluğudur. Xarici tələbələr, xüsusən də Türkmənistandan gələnlər üstünlük təşkil edir".

Onun sözlərinə görə kitabxana 24 saat açıq olur və onlar rahatlıqla buradan istifadə edə bilirlər. Həmçinin onları həvəsləndirmək üçün müxtəlif tədbirlər keçirilir:

"Ən gözəl cəhətlərdən biri təhsil sistemində araşdırmalara üstünlük verilməsidir. Bununla yanaşı tələbə-müəllim münasibətləri də çox gözəldir".

Osman deyib ki, buranı üstün edən tələbələrin rahatlığı üçün hər bir şəraitin yaradılmasıdır. Həmçinin əlavə edib ki, xarici tələbələrlə münasibət yaxşıdır. Türkmənlər çox olduğuna görə isə heç bir problem olmur.