Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-12 13:40:00
BMU-da Koreya dili fənninin tədrisinə başlanılıb  

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Fondu arasında cari ilin mart ayında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən universitetdə Koreya dili fənni tədris olunmaqdadır.

 

AzEdu.az xəbər verir ki, bu məqsədlə Azərbaycana gələn Cənubi Koreya Respublikasının vətəndaşı cənab Ho Choi Koreya Fondunun dəstəyi ilə ziyarətçi professor qismində BMU-nun Pedaqoji fakültəsinin müəllim və tələbələrinə Koreya dili fənninin tədrisini həyata keçirməkdədir.

 

BMU ilə adıçəkilən Fonda arasında imzalanan müqavilənin əsas məqsədi Azərbaycanda Koreya dilinin, mədəniyyətinin və tədqiqatlarının təbliğ edilməsidir.

 

Ziyarətçi Professorluq proqramının BMU üzrə layihə direktoru universitetin Xarici dillər kafedrasının müdiri, dosent Ətrabə Güldür.

 

Fond dünya səviyyəsində Koreya tədqiqatlarını dəstəkləmək və təbliğ etmək məqsədi daşıyan qeyri-kommersiya təşkilatıdır. Layihə çərçivəsində Fondun əməkdaşlıq etdiyi universitetlərə 1 il müddətində ziyarətçi professor və müəllimlər göndərilir.

 

Qeyd edək ki, BMU Cənubi Koreya ilə təhsil sahəsində sıx əməkdaşlıq əlaqələrinə malikdir. BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramı 2020/2021-ci tədris ilindən uğurla icra olunmaqdadır. Proqram üzrə təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır. Proqramla bağlı daha geniş informasiyanı https://beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/ linkinə daxil olaraq əldə etmək mümkündür.