Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-02 09:15:00
Təhsil Nazirliyinin nümayəndə heyətinin Ankarada səfəri davam edir

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri davam edir.

 

AzEdu.az xəbər verir ki, noyabrın 1-də təhsil naziri Emin Əmrullayev Ankarada Türkiyənin milli təhsil naziri Mahmut Özərlə görüşüb.

 

Görüşdə iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyəti və əlaqələrin gələcək perspektivləri müzakirə olunub. Tərəflər bu ilin fevralın 19-da imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un icrasından irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparıb.

 

Günün ikinci yarısı nazir Emin Əmrullayev Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvarla görüşüb. Görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrdən məmnunluq hissi ifadə olunub, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ege Universiteti arasında ikili diplom proqramının əhəmiyyəti vurğulanıb.

 

Sözügedən tarixdə Azərbaycan Təhsil Nazirliyinin heyəti Türkiyənin Bilkənt Universitetini ziyarət edib. Universitetin rektoru Abdullah Atalar ilə görüş zamanı Bilkənt Universiteti ilə Azərbaycan Respublikasının ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərtac