Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondu (UNICEF) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında imzalanmış “Partlayıcı sursatların təhlükəsi barədə ailə və uşaqların maarifləndirilməsinə dair 2021-2022-ci illər üçün birgə fəaliyyət planı”na əsasən Təhsil İnstitutu tərəfindən “Müəllimlər üçün partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə (PSTM) üzrə distant təlim proqramı” layihəsinin icrasına başlanılıb.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, layihə çərçivəsində Ağdam, Tərtər, Füzuli, Goranboy, Xocavənd, Ağcabədi, Beyləqan, Göygöl, Daşkəsən, Bərdə, həmçinin digər rayonlarda seçilmiş məcburi köçkün icmalarında ümumi təhsil müəssisələrinin müəllimləri üçün mina və digər partlayıcı sursatların təhlükəsinə dair müvafiq təlimlər keçiriləcək və onların əldə edəcəkləri bilik və bacarıqların tətbiqinə nəzarət olunacaq. Təlimlər UNICEF-in dəstəyi ilə ANAMA tərəfindən hazırlanıb və şagirdlər üçün yenilənmiş dərsliklərdən və müəllimlər üçün metodik vəsaitlərdən istifadə etməklə ekspert təlimçi qrupu tərəfindən aparılacaq. Həmin təlimçi qrupunun hazırlanması məqsədilə ANAMA-nın mütəxəssisləri tərəfindən “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” proqramı üzrə təlimçilərin təlimi keçirilib. Təlimlərdə mina və partlamamış hərbi sursatların tanınması, təhlükəli ərazilərin əlamətləri, sosial psixoloji təsirlər, məktəb hazırlığında PSTM haqqında məlumatlar verilib. Sonda təlimçilərə sertifikat, təlimat kitabçası, PSTM təbliğat materialları olan maarifləndirici və xəbərdaredici poster, bukletlər təqdim olunub.

 

Eyni zamanda, layihə çərçivəsində “Mina təhlükəsizliyi” dərsinin təşkili ilə bağlı müəllimlər üçün metodik vəsaitin və videotəlimatların hazırlanması nəzərdə tutulur.

 

Qeyd edək ki, layihə 2022-ci ilin iyul ayınadək davam edəcək.