Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-29 13:13:00
LDU-da Nizami Gəncəviyə həsr edilmiş Respublika elmi   konfransı  keçirilib

 

 

Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar  Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Respublika Təhsil Nazirliyinin  Sərəncamdan irəli  gələn  tədbirlər planına  uyğun olaraq  Lənkəran Dövlət Universitetində   (LDU)  “Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti” mövzusunda Respublika elmi   konfransı keçirilib.

 

Onlayn  formatda  keçirilən konfransı  universitetin  rektoru,  professor Natiq İbrahimov açıb. Bildirib ki,  Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib.  Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib və ulu öndərin  təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş   “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Universitet rəsmisi   ustad  şairin 1981-ci ildə H.Əliyevin  bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimlərinin  ölkəmizin  mədəni həyatında  əlamətdar hadisəyə  çevrildiyini xüsusi vurğulayıb. Bildirib ki, 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib. Natiq İbrahimov  2021-ci ilin  ölkə başçısının sərəncamı ilə  Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsini Nizami dühasına verilən böyük qiymətin və dahi şairə ehtiramın təcəssümü kimi dəyərləndirib, bildirib ki, Nizami bütün zamanların ölməz söz ustadıdır,  xalqımızın dəyərsiz sərvətidir və həmişəyaşardır.

 

Elmi konfransda  LDU-nun “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrasının professoru, filologiya elmləri doktoru   Yədulla Ağazadənin   “Nizami yaradıcılığı elm, əxlaq və qəhrəmanlıq  abidəsidir”, “Tarix və onun tədrisi metodikası” kafedrasının müəllimi, tarix  üzrə  fəlsəfə doktoru, dosent Emin Məlikovun  “Nizami Gəncəvinin əsərləri Vətən tarixinin öyrənilməsində mənbə kimi”  mövzularında məruzələri dinlənilib. Məruzəçilər    ölməz sənətkarı bütün dövrlərin parlaq şəxsiyyəti, sənətkarı, dahi söz sərrafı kimi dəyərləndirərək  bildiriblər ki,  Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir və şairin  xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Məruzələrdə  Nizami sənətkarlığı müxtəlif aspektlərdən təhlil edilib, dünya, şərq, Azərbaycan  ədəbiyyatında  oynadığı roldan söz açılıb, bu poeziyanın həmişəyaşarlılığı  vurğulanıb, poetik irsi xalqımızın böyük mədəni sərvəti kimi dəyərləndirilib, bu irsin tədrisinin, öyrədilməsinin vacibliyi vurğulanıb, şairin poeziyasının  bütün zamanlarda aktuallığını itirməyəcəyi, daim  oxucu marağını cəlb edəcəyi deyilib, Azərbaycan tarixinin öyrənilməsində əvəzsiz mənbə olduğu  bildirilib.

 

Konfransa Gəncədən qatılan  Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun əməkdaşı , tarix üzrə fəlsəfə doktoru  Elnur Həsənov  tədbirin təşkilatçılarına  Gəncə ictimaiyyəti adından minnətdarlıq edib,  universitetdə yaradılan elmi ab-havaya görə rektor Natiq İbrahimova təşəkkür  bildirib, “Nizami Gəncəvi əsərlərində xalq müdrikliyi vətənpərvərlik örnəyidir” mövzusunda çıxış edib.

 

Plenar islasdan sonra konfrans işini bölmələrdə davam etdirib. “Nizami Gəncəvi Azərbaycan ədəbiyyatşünaslığında” və “Nizami Gəncəvi irsi dil-üslub kontekstində” adlı bölmələrdə LDU-nun və ölkənin digər ali təhsil ocaqlarını, AMEA-nın Elmi institutlarını təmsil edən müəllim, doktorant və dissertantların 30-a qədər elmi tezisləri dinlənilib.