Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-11 17:49:00
Sədr müavinindən Misir Mərdanov-İctimai Şura polemikasına yeni baxış – “Niyə də istəməsin?!”

 

 Rus dilinin tədrisi ilə bağlı bir neçə müsahibəmdə bu dilə qarşı haqsız və yersiz hücumlara son qoyulması ilə bağlı bir-iki cümlə işlətdiyimə görə, bir para “milli düşüncə” sahibləri məni az qala “Dəli Kür” filmindəki Rus Əhməd səviyyəsinə qaldırmışdılar. Buna baxmayaraq, bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərakatına yaxından kömək göstərən, ədəbiyyatımızda faciə janrının əsasını qoymuş, Azərbaycanda feodal-patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak etmiş Nəcəf bəy Vəzirovun yaradıcılığına dair bəzi səhifələri vərəqləyərkən, bir seçmə ifadə diqqətimi cəb etdi: “Məclis arəstə, ortalıqda bir sandıqça, içi dolu ilan, ilanları göstərib dərvişlər başladılar oyunbazlığa.” Oyunbazlığın nə məna kəsb etdiyini özüm üçün tam dəqiqləşdirəndə o da məlum oldu ki,, sən demə oyunbazlığın digər eyni və ya oxşar mənaları ifadə edən sinonimləri də varmış: “kələkbazlıq”, “fırıldaqçılıq”, “fəndgirlik”...

 

 

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın səlahiyyət müddətinin bu ilin sentyabr ayında bitməsi ilə əlaqədar quruma yenidən seçkilər keçirilməsi üçün sənəd qəbulunun ən pik vaxtında bu oyunbazlığın ortalığa atılmasından fələk də baş açmasa belə, deyəsən, mən bəzi məqamları anlamağa başlamışam. Misir Mərdanovun “hazırda İctimai Şurada təmsil olunan şəxslərlə bir sırada görünmək istəmir”əm bəyanatını sinonimlərdən ən yumşaq olanı “fəndgirlik” kimi qəbul etsək məncə yanılmarıq. Sabiq nazirin “Mən hazırda həmin İctimai Şurada çalışan adamlar arasında olmaq istəməzdim” mövqeyi isə, bəzi qaranlıq məqamlara aydınlıq gətirməyə işıq salır. Yəni, Şurada hazırda təmsil olunanlarla yox, öz məsləkdaşlarından formalaşdırılan komanda ilə “görünmək” istəyərdim.

 

 

Niyə də istəməsin... Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov İqtisadiyyat Nazirliyi yanında İctimai Şuraya sədr seçilibsə, məntiqə görə o niyə seçilmək fikrində olmasın ki? O da AMEA-nın böyük İnstitutlarından birinə rəhbərlik edir və son dövrdə bir qədər də şərəfləndirilib. Bir də ki, o qədər də uzaq olmayan 90-cı illərdə bir Təhsil şöbəsinin müdirinin rayonlarımızdan birinə İcra hakimiyyətinə başçı təyin olunmasından sonra, nə qədər təhsil işçilərimiz bu fikrə düşdü və müəyyən qismi də öz arzularına çatmış oldu...

 

 

Sözüm onda deyil. İctimai Şura seçkili orqandır, kim arzu və istəyindən asılı olmayaraq, kim məsləhət bilinəcəksə, o da seçiləcək. Allah xeyirlərinı versin. Allahdan söz düşmüşkən, “İctimai Şuranın sədri deyir ki, o, Allahın olduğunu sübut edib. Belə söz danışan adamı şuraya sədr qoymaq olarmı?”- ittihamı görəsən hansı məntiqdən irəli gəlir? “Allahın olduğunu sübut edənlə” özünü bir araya qoymaq istəməyən bir kəs ən pis halda “opponentinə” zəng edib, sözünü üzünə deyə bilərdi. Bunun üçün Allahı İctimai Şuranın qalmaqallarına qarışdırmağa bu qədərmi ciddi zərurət vardı?

 

 

“Allahın mövcudluğunun riyazi üsulla sübuta yetirilməsi” barədə fıkir İctimai Şurada aparılan növbəti iclasların birində yaranan fasilə zamanı sədr tərəfindən sözgəlişi işlədilmişdi. Bundan neçə illər qabaq isə, İlahiyyət İnstitutunda təşkil olunmuş müzakirələrin birində bu barədə söhbət getmişdi. Bir də ki, həmin ideya Şahlar Əskərovun hələ  2016-cı ildə nəşr olunan  “Kamilləşən düşüncə” kitabında epizodik şəkildə özünə yer almışdı. Nəzərə alsaq ki, Misir Mərdanov İctimai Şuranın heç bir iclasına qatılmayıb, İlahiyyət İnstitunda təşkil olunmuş müzakirələrdə iştirak etməyib, deməli bu informasiya ona daxildən sızdırılıb. 5 il bundan qabaq çıxan kitabdan həmin tezizi əxz etməsi isə, o qədər də real görünmür. Əgər real görünürsə belə, onda niyə 2016-ci ildə deyil, məhz seçkilər ərəfəsində belə bir münasibət ictimailəşdirilir...?

 

 

Misir Mərdanovun “İctimai Şuradakı şəxslərlə təhsili inkişaf etdirmək olmaz” kimi aşağılayıcı və böhtan dolu digər atmacalarına niyə 11 nəfərdən ibarət Şura üzvlərindən yalnız 3 nəfəri cavab verdi, sosial şəbəkələrdə gedən müzakirələrdə digərləri özlərinı görməməzliyə vurdu? Konkret ad çəkilməsə də, ümumi ünvan ki, məlum idi. Alçaldıcı və təhqiredici “tezislər” fərdi olmasa da ümumən İctimai Şuraya ünvanlanmışdı. Şura üzvləri arasında sabiq nazırlə heç bir münasibəti olmayan “neytralları” hardasa başa düşmək olar. Ancaq, onunla birgə işləyiib, “təhsilin səfası və cəfasını birgə çəkən” və şurada təmsil olunanları başa düşmək kimlərəsə bir az müşkül görünə bilər. Hər halda o da istisna olunmur ki, başa düşən düşüb, başa düşməyənlər də yəqin Şuraya seçkilər başa çatdıqdan sonra başa düşəcək.

 

Mən bu məsələyə yenidən qayıtmaq fikrində deyildim, ancaq...

 

Davamı var.