Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-05 14:12:00
Azərbaycanda əhalinin kitab oxuma davranışı - STM sorğu keçirdi

Sosial Tədqiqatlar Mərkəzi 15-25 sentyabr 2021-ci il tarixlərində əhalinin kitab oxumaq və almaq davranışları ilə bağlı 1067 respondentlə telefon sorğusu keçirib.

AzEdu.a xəbər verir ki, 
sorğu bütün iqtisadi rayonları əhatə edib. Sorğuda əminlik intervalı 95.0%, statistik xəta əmsalı 3.0% təşkil edib.

Mütaliə vərdişləri

Sorğuda iştirak edənlərin yarısı (49.8%) adətən kitab oxuduğunu bildirib. Təxminən oxşar sayda respondentin (44%) ailəsində özündən başqa kitab oxuyan ailə üzvü yaşayır. Hər 4 respondentdən birinin son bir ildə oxuyub-bitirdiyi kitab sayı 1-3 kitab aralığındadır. Respondentlərin 6.4%-i isə 10 kitabı tam oxuyub bitirib.

Demoqrafik qruplar üzrə baxsaq, evlilərin 45.6%-i və subayların isə 72.9%-i adətən kitab oxuyur. İşləməyib, ancaq iş axtarışında olanların 61.6%-i, işləyənlərin isə 55%-i adətən kitab oxuduğunu bildirib. Yaş, təhsil və aylıq gəlir səviyyəsi artdıqca müntəzəm kitab mütaliə edənlərin sayı azalır. Məsələn, 18-25 və 26-35 yaş qruplarında müntəzəm kitab oxuyanların çəkisi müvafiq olaraq 76.5% və 52.3% təşkil edibsə, 36-65 yaş arasında olanların isə yarıdan az hissəsi kitab oxuyur. Gender cəhətdən statistik əhəmiyyətli fərq müşahidə edilməyib.

Texnologiyanın inkişafına baxmayaraq, mütləq əksəriyyət (81.3%) kitabları əsasən hələ də çap formasında oxuyur. 18-25 və 26-35 yaş qruplarında kitabları əsasən elektron formada oxuyanlar 21%-dən yuxarı olduğu halda, bu göstərici orta yaş qruplarında 5-10% aşağı, 65 yaşdan yuxarı isə 0% təşkil edib.

Sorğuda iştirak edən oxucuların yarısından çoxu (54.3%) kitabları dünyagörüşünü inkişaf etdirmək üçün oxuduğunu deyib. Yaş cəhətdən bu cavabı seçən qruplar arasında gənc və orta yaşlılarla yuxarı yaşlılar arasında ciddi fərq müşahidə edilib. Belə ki, kitabları dünyagörüşünü inkişaf etdirmək üçün oxuyanların 26%-i 18-25, 25%-i 26-35 və 23%-i 36-45 yaş aralıqlarındadır ki, bu da digər yaş qruplarından 2-3 dəfə daha yüksəkdir. Kitabları dünyagörüşünü inkişaf etdirmək üçün oxuyanların demək olar ki, yarısının aylıq gəlir səviyyəsi 500 manatdan yüksək, 55%-i ali təhsilli və 54%-i hazırda işləyənlərdir. Oxucuların təxminən üçdə biri kitablara şəxsi inkişaf üçün müraciət edir. Maraqlıdır ki, hər 4 nəfərdən biri (27%) üçün kitab oxumaq istirahət sayılır.

Niyə kitab oxumursunuz?

Kitab oxumayan 536 respondentin xüsusiyyətlərinə nəzər yetirsək, yaş cəhətdən onların arasında 26-45 yaşda olanlar (49%) üstünlük təşkil edir. Kitab oxumayanlar arasında aylıq gəlir səviyyəsi 0-250 manat olanlar təxminən 50%, orta təhsillilər isə 64% çəkiyə malikdir. Gender cəhətdən statistik əhəmiyyətli fərq müşahidə edilməyib.

Kitab oxumayan 536 respondentin gətirdiyi başlıca iki səbəb kimi vaxtının (63.6%) və marağının olmaması (29.6%) qarşıya çıxır. Maraqlıdır ki, olduqca az sayda respondent (5.8%) maddi imkanının kitab almasına mane olduğunu bildirib. Vaxtının olmadığını bildirənlərin 60%-i 26-45 yaş aralığındadır. Mədəni status cəhətdən bu variant daha çox evli olanlar tərəfindən seçilib (66.4%). Tamamladığı ən yüksək təhsil səviyyəsi ali təhsil olanların 77.1%-i vaxtının olmamasını kitab oxumamağın əsas səbəblərindən biri kimi göstərib. Sosial şəbəkədən hər gün istifadə edənlərin 85.5%-i vaxtının olmamasını deyib.