Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-28 14:15:00
Mətbuat katibləri universitetlərdə tətbiq olunacaq qaydalar və yataqxanaların vəziyyətindən DANIŞDI  

Tədrisin  təşkili  ilə  bağlı  verilən  qərara  əsasən, 29  sentyabrdan  etibarən  ali  təhsil müəssisələrində  əyani  dərslərə  start  verilir.

 

Qərara  əsasən, vaksin  pasportu, immun  və  əks  göstəriş  sertifikatı  olmayan tələbə  və  təhsil  işçiləri  üçün  müəyyən  məhdudiyyətlər  tətbiq  ediləcək.

 

Bəs  universitetlərdə  və  yataqxanalarda  yoxlanış  prosesi  necə  həyata  keçiriləcək? Ali  təhsil  müəssisələrinin  yataqxanaları  bu  il  istifadəyə  veriləcəkmi?

 

AzEdu.az  tələbələri, onların  valideynləri  və  təhsil  işçilərini  maraqlandıran  bu  kimi  suallara   cavab  olaraq  universitetlərin  mətbuat  katibləri  arasında  keçirilən  sorğunu  təqdim  edir.

 

Azərbaycan  Texniki  Universitetinin  mətbuat  katibi  Sevinc  İsgəndərova  tələbə və əməkdaşların  vaksinasiyasına  diqqət  çəkərək, universitet  yoxlanış prosesindən  danışıb:

 

“Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri, əməkdaşları və tələbələri Operativ Qərargahın qərarına uyğun olaraq vaksinasiya prosesində iştirak edir. Bu günə olan məlumata görə, müəllim və əməkdaşların 90 %-i, tələbələrin isə 77 %-i vaksinasiya prosesində iştirak edib. Vaksin olunanlarla bağlı məlumat müvafiq şöbələr və fakültələr tərəfindən toplanılır. Daha sonra universitetin mühafizə xidmətinə təqdim edilir. Həmin siyahıya əsasən müəllim, tələbə və əməkdaşlar universitetə buraxılır. Vaksinasiyadan keçməyənlər universitetə buraxılmır. Universitetə dəvət olunan qonaqlar, tələbələrin valideynləri, yaxınları və digər vətəndaşlar da COVID-19 pasportunu təqdim etdikdən sonra universitetə buraxılır”.

 

Mətbuat  katibi  yataqxanaların  yaşayış standarlarına cavab vermədiyini  qeyd  edib:

 

“Yataqxanalarla bağlı qeyd edim ki, Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə şəhərciyi 1965-70-ci illərdə inşa olunmuş 5 mərtəbəli, daş konstruksiyalı 6 binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 546 yerlik 2 ədəd 14 mərtəbəli yataqxanadan ibarətdir. Bu binalarda 1988-90-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb.  Yataqxanalarda ümumilikdə 900-dək qaçqın və məcburi köçkün ailəsi yaşayırdı. Hazırda binalarda 124 ailə qalıb. Yataqxana kompleksi tamamilə aşınıb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya  sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yarasız hala düşüb. Qaçqın və məcburi köçkünlər köçürüldüyü təqdirdə bina əsaslı təmir edilmədən öz təyinatı üzrə istifadə edilə bilməz. Hazırda müvafiq qurumlar tərəfindən universitetin yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi davam edir. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxana əsaslı şəkildə təmir olunacaq və tələbələrin istifadəsinə veriləcək”.

 

Bakı  Mühəndislik  Universitetinin  İctimaiyyətlə  əlaqələr  şöbəsinin müdiri  Elman  Babayev  universitetə  giriş  zamanı  tətbiq  olunacaq  qaydaları  açıqlayıb:

 

 “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərara əsasən ali təhsil müəssisələrində çalışan  işçilərin 80 faizinin 1 sentyabr tarixindən COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. Qərarın tələblərinə uyğun şəkildə Bakı Mühəndislik Universitetində (BMU) çalışan professor-müəllim heyəti və işçiləri vaksinasiya olunub. Bu məsələ ilə bağlı nəzarəti isə universitetin müvafiq struktur bölmələri həyata keçirir. Kənar şəxslərdən BMU-ya gələrkən girişdə vaksin pasportu, immun və əks göstəriş sertifikatı tələb olunur. Əgər qeyd olunan müvafiq sənəd varsa, BMU-ya daxil olmasına icazə verilir. Əks halda universitet ərazisinə girişə icazə verilmir.  Bununla bərabər BMU-ya daxil olan şəxslərin hərarətləri elektron termometrlə ölçüldükdən sonra universitetə buraxılır, fiziki məsafə gözlənilir və şəxsi gigiyena qaydalarına ciddi nəzarət olunur”.

 

Şöbə  müdiri  universitetin  yataqxanasının  bərpa  olunacağını  və xüsusi  nəzarətin  həyata  keçiriləcəyini  bildirib:

 

“BMU-da yataqxanaların fəaliyyəti bərpa olunacaq və mövcud pandemiya şərtləri nəzərə alınmaqla bu istiqamətdə müəyyən hazırlıqlar həyata keçirilməkdədir. Bununla yanaşı, artıq yataqxanalara onlayn formada qeydiyyat prosesinə start verilib və müvafiq elan universitetin saytına yerləşdirilib. Qeydiyyat 15-25 sentyabr 2021-ci il tarixlərində davam edəcək. Müvafiq təlimatlar hazırlanıb və buna uyğun olaraq nəzarət yataqxana rəhbərləri tərəfindən həyata keçiriləcək”.

 

Azərbaycan  Memarlıq  və  İnşaat  Universitetinin  Mətbuat  və  informasiya  şöbəsinin  müdiri  Nəcibə  Mirzəyeva tələbə  və  əməkdaşların  vaksinasiya  prosesində iştirakına diqqət  çəkərək, COVİD-19 pasportunun  yoxlanılmasından  danışıb:

 

“Sentyabrın  29-dan  etibarən  universitetlərdə  əyani  tədrisə  start  veriləcək. Eyni  zamanda Operativ  Qərərgah  tərəfindən  qəbul  edilən  qərarlara  əsasən, COVİD-19 pasportu  olmayan  tələbələr  və  təhsil  işçiləri  universitetlərə  buraxılmayacaq. Bizdə  də  bu  qaydalara  ciddi  nəzarət  ediləcək. Universitetin  mühafizə  xidməti  girişdə  həm  tələbələrin, həm  də  təhsil  işçilərinin  yoxlanılmasına  nəzərati  həyata  keçirəcək. Eyni  zamanda  hazırda universitetlərə  abituriyentlərin  qeydiyyatı  onlayn  şəkildə  aparılır. Ancaq  müəyyən  mövzularla  bağlı  universitetlərə  yaxınlaşan  abituriyentlər  və  onların  valideynlərindən  COVİD-19  pasportu  tələb  olunur. Qeyd  edim  ki, bizim əməkdaşlarımızın  vaksinasiya  prosesi  artıq  ötən  aylardan  başlayıb. Artıq  90%-dən  çox  təhsil  işçimiz  vaksin  olunub. Tələbələrdə  biz  bu statistikanı  verə bilmirik. Fakultələrimizdə tyutorlar  tələbələrlə  əlaqə  saxlayır, tələbələr  vaksin  olunmaları  ilə  bağlı  məlumat  verirlər. Tələbələrin  məlumatları  var  ki, COVİD-19  pasportu  və  əks  göstəriş  sertifikatı  mütləqdir  və  tələb  olunur”.

 

Şöbə  müdiri  yataqxananın  vəziyyəti  və  ora  nəzarət  prosesi  haqqında  məlumat  verib:

 

“Hazırda  yalnız  bir  yataqxanamız  fəaliyyət  göstərir. Digər  yataqxanalarımızda  uzun  illər məcburi  köçkünlər  yerləşmişdi. Doğrudur, hazırda  onlar  köçürülüb, ancaq   hazırda  o  yataqxanalarıın  vəziyyəti  tələbələrin  məskunlaşması  üçün  münasib  deyil.  Oranın  təkrar  təmirə  deyil, hətta  yenidən  qurulmasına  ehtiyac  var. Bu  səbəblə  bir  yataqxanamız  fəaliyyət  göstərir. Bu  yataqxanamız  təmir  edilib, sanitar  qovşağı  yenilənib, tələbələrin  məskunlaşması  üçün  uyğun  şərait  var. Yataqxanamız  252  nəfərlikdir, yerli  tələbələr  üçün  30, əcnəbi  tələbələr  üçün  ödənişi  40  manatdır. Dərslərin  başlaması  ilə  əlaqədar  artıq  müraciətlər  daxil olur, universitetimiz Tələbə  Həmkarlar  İttifaqı  buna  nəzarət  edir”.

 

Azərbaycan  Dövlət  iqtisad  Universitetinin  İctimaiyyətlə  əlaqələr  şöbəsinin müdiri Elnarə  Məmmədova  yoxlanışın xüsusi qurğular  vasitəsilə həyata keçiriləcəyini  açıqlayıb:

 

“Vaksin pasportu və ya immunitet sertifikatı olmayanlar qaydalara uyğun olaraq universitetə buraxılmayacaqlar. Əməkdaş və tələbələrin universitetə daxil olması  xüsusi quraşdırlmış elektron qurğular vasitəli tənzimlənəcək. UNEC-in 5 yataqxanası var, yataqxanalarda məcburi köçkünlər məskunlaşdığı üçün tələbələrin istifadəsinə verilə bilmir”.

 

Azərbaycan  Dillər Universitetinin  İctimaiyyətlə  əlaqələr şöbəsinin müdiri Cavid  Zeynallı  qaydalara  riayət  olunması  ilə bağlı hər hansı bir problem olmayacağını vurğulayıb:

 

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qayda və təlimatlarına uyğun olaraq, Azərbaycan Dillər Universitetində bütün karantin qaydalarına  riyaət olunur. Universitet əməkdaşlarının və pedoqoji heyətin vaksinləşmə ilə bağlı hər hansı problemi yoxdur. Tədris ənənəvi olaraq başlayandan sonra isə bütün qaydalara ciddi riayət olunacaq. Qaydalara əsasən 18 yaşından yuxarı hər kəsdən vaksin pasportu tələb olunur. Bu, bütün tədris müəssisələrinə şamil edilir və əlbəttə, ADU-da da əsas olaraq götürüləcək. Şübhəsiz ki, bu qayda universitet yataqxanasında da tətbiq olunacaq. Bütün bu qaydalarla bağlı artıq hər kəsin məlumatı var. Ona görə də düşünürük ki, bu istiqamətdə hər hansı problem yaşamayacağıq”.

 

Bakı  Dövlət  Universitetinin  İctimaiyyətlə əlaqələr və informasiya  şöbəsinin  müdiri Günel  Orucəliyeva  həm  yataqxananın vəziyyəti, həm də yoxlanış prosesindən danışıb:

 

“Universitetə  giriş  zamanı COVİD-19  pasportunun yoxlanılmasına  nəzarəti  mühafizə  xidməti  həyata  keçirəcək.Ümumilikdə 75% tələbə, 90%  müəllim və texniki işçilərin  80%-i vaksin olunub. Tələbə evi yalnız ənənəvi tədris başlayandan sonra istifadəyə veriləcək. Müasir tələblərə cavab verən 220 nəfərlik yeni “Tələbə Evi”ndə tələbələrin yaşaması və təhsillərini davam etdirmələri və asudə vaxt üçün bütün şərait yaradılıb.  104 otağın hər biri tələbata cavab verən mebellərlə təchiz edilib. Otaqlar  iki və üç nəfərlikdir. Birinci mərtəbənin qapısında giriş-çıxışa nəzarət üçün avtomatik sistem quraşdırılıb ki, bu da tələbələrin təhlükəsizliyini təmin edir. Pandemiya şəraitini nəzərə alaraq, burada dezinfeksiya üçün mexaniki (əllə işləyən) və həmçinin avtomatlaşdırılmış xüsusi qurğu da yerləşdirilib. Tələbələr öncə əllərini dezinfeksiyaedici məhlulla yuduqdan sonra otaqlarına qalxa biləcəklər”.

 

Azərbaycan  Dövlət  Neft  və  Sənaye  Universitetinin  İctimaiyyətlə  əlaqələr və Marketinq   şöbəsinin  direktoru  Bəhruz  Nəzərov əks  göstəriş  sertifikatı üçün  müraciət edən amma hələ  gözləyən  tələbələrin də universiteə girişinə  nəzarətini  qeyd  edib:

 

“Universitet  əməkdaşlarının  98%-i  vaksin  olunub. Hazırda  birinci  kursların qeydiyyat prosesi davam edir və artıq  3021 indiyə kimi qeydiyyatdan keçib. Qeydiyyatdan  keçdikcə  onların  vaksinasiya  prosesində  iştirakı  ilə  bağlı  məlumat  alacağıq. Qaydalara  uyğun  olaraq  oktyabrın 1-dək hər bir  tələbə və təhsil işçisi 1 doza, 1 oktyabrdan  sonra  isə  hər iki doza vaksini qəbul  etməlidirlər. Bununla  əlaqədar  olaraq  yuxarı  kurslar  arasında  monitorinq  keçirilib. Nəticədə  tələbələrin  təxmini  80% -nin  vaksinasiyadan keçdiyi  məlum  olub və  bu  göstərici  günü-gündən  artır. Əvvəlcədə  hansı  tələbələrin  vaksinasiyadan  keçməsi  ilə  bağlı  məlumatlar  əldə  edilir. Universitetin  bir  neçə  giriş-çıxışı  var. Eyni  zamanda  buna  nəzarət  mühafizə  xidməti  vasitəsi  ilə  də  həyata  keçirilir. Sıxlığın  yaranmaması  məqsədi  ilə  giriş  və  çıxışlar  ayrı-ayrı  yerlər  olaraq  müəyyən  olunub. Əməkdaşlarımız  həm  COVİD-19  pasportu, həm  də  immun  sertifikatlarını  təqdim  edərək  işə  çıxmağa  başlayıblar.  Əks  göstəriş  sertifikatı  almaq  üçün  müraciət  edən, amma hələ  də  gözləyən  tələbələrimiz var. Onların  universitetə  girişi  bu  sertifikatı  əldə  etmək  üçün  növbəyə  yazılmaları  haqqında  sənədləri  təqdim  etmələri  şəklində  təmin  ediləcək”.

 

Direktor  bildirib ki, universitetdə tətbiq ediləcək qaydalar  yataqxanaya  da şamil olunacaq:

 

“Hazırda  universitetin  yataqxanası  fəaliyyət  göstərir  və  orada  bütün  dezinfeksiya  işləri  həyata  keçirilib. Giriş  zamanı  temperaturlar  yoxlanılır, hər bir  mərətbədə  dezinfeksiya  edici  məhlullar  quraşdırılıb, artıq  qeydiyyat  prosesi də  başlayıb. Universitet  üçün  nəzərdə  tutulan  eyni  qaydalar  yataqxana  üçün  də  tətbiq  ediləcək. 320  nəfərlik yataqxanamız var, bir  otağın  qiyməti  100 manatdır. Bir  otaqda  2-3  tələbə  qala  bilər, bu zaman yataqxana üçün ödənilən  məbləğ  tələbələr  arasında  bölünür”.

 

Lənkəran Dövlət  Universitetinin  Mətbuat  və  İnformasiya  xidmətinin rəhbəri  Esmira  İsmayılova  tələbə, müəllim və  işçi  heyətinin  vaksin  pasportu, immun  və  əks  göstəriş  sertifikatlarının  surətlərinin universitetə təqdim olunduğunu bildirib:

 

“Sentyabrın  29-dan etibarən Lənkəran Dövlət Universitetində  də dərslər elan edildiyi kimi əyani formada keçiriləcək.Bununla bağlı universitetimizdə bütün hazırlıq işləri başa çatmaq üzrədir.Koronavirus pandemiyasının davam etdiyini nəzərə alaraq bizim ali təhsil ocağında da bir sıra məhdudiyyətlər tədbiq ediləcək.Belə ki, vaksin pasportu, immun və əks göstəriş sertifikatı olmayan tələbə, müəllim və işçi heyəti universitetə buraxılmayacaqlar.Bu barədə artıq  onların hər biri məlumatlandırılıb.Məlumat üçün deyim ki, LDU-da işçi və müəllim heyətinin 95% , yaşı 18-dən yuxarı olan tələbələrin 90% vaksinasiya olunub.Qalanların böyük əksəriyyəti əks göstəriş və immun sertifikatı alıb, bir qismi isə növbədədir və yəqin ki, sentyabrın 29-u tarixinə kimi bu sənədləri alacaqlar.Tələbələr, müəllimlər və işçi heyəti vaksin pasportlarının və əks göstəriş sertifikatlarının surətlərini fakültə və dekanatlıqlara artıq təqdim ediblər.

 

Qeyd edim ki, bizdə fakültələr ayrıca tədris binalarında yerləşir.Onların hamısının girişində mühafizəçi və nəzarətçilər tərəfindən içəri daxil olanların tempraturu, vaksin pasportları və əks göstəriş sertifikatları yoxlandıqdan sonra içəri buraxılacaqlar.Fakültələrin hamısında, o cümlədən yataqxana binasında karantin otaqları yaradılacaq ki, xəstəlik kimdəsə aşkar olunarsa, operativ təcrid edilsin və tibbi müəssisələrə məlumat verilsin.Xatırladım ki, mühafizəçi və nəzarətçilərə vaksinasiyadan keçənlərin və keçməyənlərin siyahısı verilib və onlar həmin siyahı əsasında hərəkət edəcəklər”.

 

Rəhbər, yataqxananın  fəaliyyəti  və  görülən  sanitar-epidemioloji tədrbirlərdən  danışıb:

 

“Yataqxanaya gəlincə isə, Nazirlər Kabinetinin müvafiq qərarından sonra fəaliyyətə başlacaq.Hər otaqda  iki nəfərin qalması planlaşdırılıb .1-ci mərtəbə xüsusi karantin otaqları üçün ayrılıb. Dərslərin müddətinə gəlincə, buna da Nazirlər kabineti qərar verəcək və biz də həmin qərara uyğun hərəkət edəcəyik. Bu ilki tədris ili mövcud pandemiya ilə bağlı ali təhsil ocaqları üçün çətinliklər yaratsa da, əminik ki, bunun öhdəsindən layiqincə gələcəyik. Onu da bildirim ki, LDU üçün kifayət qədər antiseptik məhlullar,detrodrem,teplovizor, birdəfəlik tibbi əlcəklər, üz sipərləri və s.alınıb”.