Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-15 16:08:00
Tələbələrin vaksinasiyası universitetlər daxilində aparıla bilərmi? – Deputat əsaslandırması

 

 

Sentyabrın 29-dan etibarən  ali  təhsil  müəssisələrində əyani  tədrisə  start  veriləcək.

 

Tədrisin  hansı  formada  təşkili  ilə  bağlı  keçirilən  brifinqdə  COVİD-19 pasportu, immun, eləcə də  əks- göstəriş  sertifikatı  olmayan tələbə,  təhsil  işçiləri  ilə  bağlı  müəyyən məhdudiyyət və qaydaların tətbiq  ediləcəyi  bildirilmişdi.

 

Belə  olan  təqdirdə  bir  sual  meydana  gəlir. Prosesinin  sürətləndirilməsi  və  ali  təhsil  müəssisələrində  əyani  tədrisin davamlılığını  təmin  etmək  məqsədi ilə  universitetlərin  daxilində  fəaliyyət  göstərən  tibb mərkəzlərində  tələbə və təhsil işçilərinin peyvəndlənməsi həyata keçirilə bilərmi?

 

Milli  Məclisin  Elm  və  Təhsil  komitəsinin üzvü, deputat  Ceyhun Məmmədov  AzEdu.az-a  açıqlamasında  bildirib ki, əslində  bu günə kimi ali təhsil müəssisələrinin  bütün tələbələri və təhsil işçiləri peyvəndləmədən keçməli  idilər:

 

“Hesab  edirəm  ki, Azərbaycanda  peyvəndləmə  prosesi  uzun müddətdir  ki, başlayıb  və  davamlı  olaraq  təhsil  müəssisələrinə, tələbələrə  bununla  bağlı  müvafiq  tövsiyələr verilir. Eyni  zamanda  elan  olunub  ki, təhsil  müəssisələrinə  yalnız  COVİD-19  pasportları  ilə  daxil  olmaq mümkün  olacaq. Əslində,  bu  günə  kimi  bütün  ali  təhsil  müəssisələrinin  müəllim  və tələbə  heyəti  peyvəndləmədən keçməli  idilər. Çünki  artıq  bu  neçə  vaxtdır elan olunub, deyilir, dövlət  səviyyəsində  vətəndaşlara  davamlı  olaraq  bildirilir. Qeyd  edim  ki, bunu  nəzərə  alaraq  vaxtında  təhsil  işçilərimiz, müəllimlərimiz, tələbələrimiz bu prosesdən keçməli idilər, biz tədris  prosesinə tam  hazır  olmalı idik. Çünki  bu  barədə  də əvvəlcədən  məlumat  verilmişdi  ki, ola bilər biz ənənvi təhsilə qayıdaq. Ənənəvi  tədrisin  bərpasını  ən  çox  istəyən  də  elə  tələbələr, təhsil  işçiləri, müəllimlər idi. Bu  səbəblə  onlar  peyvəndləmə  prosesində  daha  aktiv  olmalı idilər”.

 

Deputat  universitet  daxilində peyvəndləmənin həyata  keçirilməsinin  bir  sıra  məsələlərdən  asılı  olduğunu  qeyd  edib:

 

“Ali  təhsil  müəssisələri  daxilində  peyvəndləmənin  həyata  keçirilməsi  isə  ölkəmizdə  peyvəndləmə  prosesinin  hansı  səviyyədə  olmasından  asılıdır. Mövzu  ilə  bağlı  rəqəmlər  təhlil  olunmalıdır. Bilirik ki, Təhsil  Nazirliyi  bu  barədə  statistik  məlumatları  tez-tez  ictimaiyyətə  təqdim  edir. Belə  desək, bu  tələbələrin, müəllimlərin və təhsil  işçilərinin peyvəndləmədən keçmə  faizindən  asılıdır. Artıq  22 və 29  sentyabrdan  etibarən təhsilin  bütün  pillələri  üzrə  əyani  tədrisə  start  verilir. Əsas  məsələ  bizim  buna  nə  dərəcədə hazır  olmağımızdır. Məndə  olan  məlumata  görə, böyük  əksəriyyət peyvəndləmə  prosesindən  keçib”.

 

O, ciddi zərurət  yaranacağı  təqdirdə  bu  məsələyə baxıla  biləcəyini  vurğulayıb:

 

“Universitet   daxilində  peyvəndləmənin  həyata  keçirilməsi  məsələsi  zərurət  yaranarsa, təbii ki, mərkəzi  icra  hakimiyyəti  olaraq  Təhsil  Nazirliyi  bu  barədə  düşünə, müvafiq  qurumlar  və Operativ Qərərgahla  birlikdə  müvafiq  qərarlar  qəbul  edilə  bilər. Əgər  peyvəndləmədə  müəyyən  çətinliklər ortaya  çıxarsa, problemlər  yaşanarsa, bu  zaman  ciddi  zərurət  yaranacağı  təqdirdə  bu  məsələyə  baxılaraq  müvafiq  qərar  qəbul  edilə  bilər. Bu  həm  Təhsil  Nazirliyinin  aidiyyatı  qurumlarından, həm  də  ümumi  götürdükdə  universitetin, onun  daxilində  fəaliyyət  göstərən  tibb  mərkəzinin  şəraiti  və  hansı  imkanlara  malik  olmasında  asılı  bir  məsələdir. Nəticə  olaraq  zəruruət  yaranarsa  bu  məsələyə  baxıla  bilər”.

 

Qeyd  edək  ki, hazırda mövzu  ilə  bağlı  universitetlərdə  hansı  qayda  və  məhdudiyyətlərin  tətbiq  ediləcəyi dəqiq  məlum  deyil.