Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-10 14:59:00
Pilot layihə ilə bağlı yekun hesabat ictimaiyyətə təqdim edilib-FOTO

 Azərbaycan Texniki Universitetində (AzTU) “İctimai xidmətlərin əhatəliliyinin və keyfiyyətinin artırılması üçün qərarqəbuletmə mexanizmlərinin işlənməsi (pilot olaraq Abşeron və Qobustan rayonlarının nəqliyyat sektoru timsalında)” adlı layihənin yekun hesabatının onlayn təqdimatı keçirilib.

 

AzEdu.az xəbər verir ki, təqdimatda Milli Məclisin, AzTU-nun, Abşeron və Qobustan rayonu icra hakimiyyətlərinin, ERA Marketing Center şirkətinin  və BMT-nin İnkişaf Proqramının nümayəndələri iştirak edib. 

 

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, layihədən qazanılan təcrübə həm qanunvericilik orqanı  və icra strukturları, həm də özəl sektor və ali təhsil müəssisəsi üçün əhəmiyyətlidir.

 

Rektor layihənin icraçılarının peşəkar fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib.

 

Milli Məclisin deputatı Şahin Seyidzadə dövlətin yol və nəqliyyat infrastrukturuna verdiyi diqqətdən, bu layihənin də məhz Qobustan və Abşeron rayonlarının əhalisinin social-iqtisadi rifahına xidmət etməsi baxımından praktiki əhəmiyyətindən bəhs edib. Millət vəkili pilot layihə çərçivəsində müxtəlif strukturların əməkdaşlığının çox yaxşı təcrübə olduğunu qeyd edib. Bildirib ki, ölkə miqyasında  nəqliyyat və yol infrastrukturunda çətinlikləri olan digər rayonlarda da layihənin tətbiqi məqsədəuyğun olar.

 

Abşeron və Qobustan rayonu icra hakimiyyətlərinin nümayəndələri də tədqiqat aparılan ərazilərdə əhaliyə ictimai nəqliyyat xidmətlərinin və yol infrastruktunun təkmilləşdirilməsinə yönələn bu layihənin əhəmiyyəti baxımından vacibliyini bildiriblər.

 

Tədbirdə çıxış edənlər layihə çərçivəsində yığılan məlumatların növbəti əməkdaşlıqlar üçün baza rolunu oynayacağını qeyd edib. Bundan başqa, nəqliyyat və logistika sahəsində xidmət sahəsinin inkişafı, eləcə də dayanıqlı iqtisadiyyata AzTU-nun verə biləcəyi tövfələrdən bəhs olunub. 

 

Daha sonra layihənin rəhbəri, AzTU-nun “Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi” kafedrasının dosenti, t.f.d.  Fuad Daşdəmirov layihənin yekun hesabatını təqdim edib. O, layihəni icra mərhələləri haqqında məlumat verərək layihə çərçivəsində Qobustan və Abşeron rayonları ərazisində ictimai nəqliyyat xidmətinin və yol infrastrukturunun vəziyyəti ilə əlaqədar 700 yerli sakin arasında sorğunun keçirildiyini, nəticələrin emal olunaraq əsas problemlərin müəyyən edildiyini və onların aradan qaldırılması üçün tədbirlər planının işlənib hazırlandığını və əsaslandırıldığını qeyd edib.

 

Layihədən əldə olunan nəticələrin bir hissəsi müvafiq ixtisas üzrə magistr təhsili alan və layihənin icrasında fəal iştirak edən tələbələr – Verdiyev Turan, Cavadlı Ülvi, Kərimli Tərxan və Salayev Elməddin tərəfindən təqdim olunub.