Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-06 12:51:00
Veb-proqramlaşdırma üzrə yarışın “Speed test” mərhələsinə start veriləcək  

Bu gün “WorldSkills Azerbaijan” platforması tərəfindən təşkil edilən veb-proqramlaşdırma üzrə yarışın onlayn formatda “Speed test” mərhələsinə start veriləcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, bu mərhələni uğurla tamamlayan gənclər iyulun 12-13-də təşkil olunacaq final mərhələsində iştirak imkanı qazanacaq.

Final mərhələsində isə ilkin seçim mərhələsində yüksək nəticə göstərənlər “front-end”, “back-end” və “CMS/Wordpress” kimi modullar üzrə praktiki tapşırıqları yerinə yetirəcəklər. Qaliblər yarışın baş sponsoru “ATL Tech” və “ATL Academy” şirkətlərində təcrübə keçmək, müxtəlif proqramlar üzrə təhsil almaq, qiymətli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər. Eyni zamanda, “WorldSkills Asia” tərəfindən təşkil edilən beynəlxalq yarışda Azərbaycanı təmsil edə biləcəklər.

Qeyd edək ki, bu, ölkəmizdə “WorldSkills” formatına uyğun ilk yarış olacaq. Yarışın test tapşırığı və qiymətləndirmə meyarları “WorldSkills” peşə standartları əsasında müəyyən ediləcək. “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına 2020-ci ildə qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” platforması əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Xatırladaq ki, yarışda iştirak üçün 102 nəfər qeydiyyatdan keçib.