Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-05 16:25:00
"DİM və Təhsil Nazirliyi birgə fəaliyyət göstərməlidir"-Təhsil jurnalistləri ilə SORĞU

Təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin müzakirələri zamanı qəbul imtahanlarına düşən suallarla bağlı bəzi məqamların narahatlıq doğurduğunu deyib.

 

 

Bu məsələ təhsil ictimaiyyəti tərəfindən müzakirələrə səbəb olub və bir çox insanlar belə məqamlarda Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə fəaliyyət göstərməyinin vacibliyini qeyd ediblər.

 

 

AzEdu.az təhsil jurnalistlərinin həmin məsələ ilə bağlı fikirlərini öyrənib:

 

 

Təhsil jurnalisti Niyazi Şərifsoy DİM və TN-nin birgə əməkdaşlığının vacib olduğunu qeyd edib:

 

 

“Emin Əmrullayevin Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirdiyi DİM-in ali məktəblərə qəbulla bağlı imtahablarda keçirdiyi narahatlıq fikri hamı kimi mənim də diqqətimi çəkdi. Hazırda təhsil ictimaiyyəti tərəfindən bu məsələ ilə bağlı sosial şəbəkədə aparılan müzakirələr olduqca aktualdır. Həmin müzakirələrdən bu qənaətə gəldim ki, çox təəssüflər olsun ki, rəy bildirənlər iki hissəyə bölünüb. Onlardan bir qismi DİM-in, digər qismi isə Təhsil Nazirliyinin tərəfini tutmaqdadır. Bunu heç də yaxşı hal kimi qəbul etmirəm. Əgər ortada problem varsa, hər iki dövlət qurumu onun öhtəsindən gəlməyə çalışmalıdır. Ümid edirəm ki, DİM və TN məsələlərə birgə şəkildə obyektiv və şəffaf yanaşaraq müzakirələr aparacaq. İmtahan suallarında məzmunla bağlı problem bərabər şəkildə aradan qaldırılmalıdır. Onun həlli birgə iş birliyi və müzakirələrdədir.

 

 

Bir məsələni də qeyd edim ki, dövlət  imtahanlarının DİM tərəfindən keçirilməsinin tərəfdarıyam. Çünki imtahanlar müstəqilliyimizi əldə etdiyimiz ilk illərdən bu şəkildə keçirilir. Bunun effektiv olduğu qənaətindəyəm. DİM həmin sahədə xüsusi təcrübəyə malikdi”. 

 

 

“Azərbaycan müəllimi” qəzetinin  əməkdaşı Ruhiyyə Daşsalahlı bu məsələnin mediaya yad olmadığını vurğulayır:

 

 

“Nazirin ifadə etdiyi məsələ bu ilin problemi deyil. Biz jurnalistlər bununla bağlı narazılıqları əvvəlki illərdə də müşahidə etmişik. Məsələn, şagirdlərlə  sorğularımızda bu narahatlıqları dilə gətirənlər olub və qəzetimizin səhifələrində həmim fikirlər öz ifadəsini tapıb. Hətta beynəlxalq olimpiada qalibi olan məktəblilər və onların müəllimlərinin cavabın doğruluğundan əmin olduğu suallar olub ki, imtahanlarda həmin cavablar səhv olaraq qiymətləndirilib.

 

 

Müzakirə isə hər zaman ən yaxşı yol sayılır. Bildiyim qədərilə Təhsil Nazirliyi və DİM-in bir çox məsələlərdə birgə işləmək və ortaq qərar vermək təcrübəsi var. İstədikləri zaman hər iki qurum üçün bir araya gəlmək çətin olmaz. Amma, dediyim kimi, istədikləri zaman. Yəni, öncə istəməli, bunun üçün addım atmalıdırlar. 

 

 

İmtahan suallarını, hər halda təsadüfi şəxslər hazırlamır. Məncə, DİM-i müzakirə etmək indiki şəraitdə lazım deyil. Belə sualların imtahana təsadüfən, bilməyərəkdən və s. salındığını düşünmürəm”.

 

 

Teleqraf informasiya agentliyinin əməkdaşı Aysel Azad qurumlar arasında məsləhətləşmələr aparmağın düzgün olduğu qənaətindədir:

 

 

“DİM imtahanları öz öhdəsinə götürüb. İlk olaraq bununla bağlı qəbul edəcəyi qərarlar barədə ən azından nazirliyə məruzə verməli, məsləhətlər aparmalıdır. Əlavə olaraq, şagird, valideyn, yaxud müəllimlərin iştirakı ilə müzakirələr təşkil oluna bilər”.

 

 

Visiontv.az xəbər portalının redaktoru Orxan Kərimov həmkarları kimi DİM və TN-nin birgə fəaliyyətini görmək istəyir:

 

 

“Son illər təhsilin inkişafı baxımından xeyli işlər görülüb və islahatlar aparılıb. Lakin belə düşünürəm ki, Təhsil Nazirliyi ilə DİM təhsilin daha da inkişafı üçün birgə çalışmalı və təkliflər verməlidirlər. Uzun illər hamıya məlumdur ki, bu iki qurum bir-birləri ilə müəyyən məsələlərdə yola getmir. Yəni düzgün əlaqəndirmə olmadığı üçün problemlər ortaya çıxır və cəmiyyətdə müəyyən narahatlıqlar yaranır. Etiraf etməliyik ki, təhsil naziri Emin Əmrullayev hər zaman təkliflərə, müzakirələrə açıqdır. Nazir təhsilin inkişafı üçün konkret hədəflər qoyub və onlara çatmaq üçün əlaqələndirici qurumlar nazirliyə dəstək verməklə işləməlidirlər. Əks halda istədiyimiz hədəfə çatmaq qeyri-mümkün olacaq. Test tapşırıqları məsələsinə gəlincə bu illərdi müzakirə edilir və hər dəfə müəyyən narazılıqlar ortaya çıxır.  Bunun da qarşısını almaq üçün düşünürəm ki, TN və DİM birlikdə kompleks tədbirlər həyata keçirməli arada olan boşluqlar doldurulmalıdır”. 

 

 

Qafqazinfo.az saytının müxbiri Ruzbeh Məmməd qeyd edir ki, DİM uzun illər təhsil sahədə öz sözünü deyib:

 

 

“Təhsil Nazirliyinin DİM-in test taşırıqlarına münasibət bildirməsi doğru deyil. Çünki nazirlik hələ özü orta məktəb dərsliklərini doğru-düzgün təqdim edə bilməyib. İllərdir ki, təkrar-təkrar kitablar çap edir, külli miqdarda o kitabların çapına, müəllifinə vəsait ayrılır. Ortada bir şey yoxdur. Yox əgər, həqiqətən, DİM-ə nəzarət etmək mexanizmini işə salmaq istəyirsə, o zaman təhsil sistemini tamamilə dəyişməlidir.. Xarici dövlətlərin praktikasını öyrənib, DİM-lə müzakirələr başlatmalıdır. Normalda bu ölkədə ən operativ və düzgün qrum DİM-dir. Onu da küsdürməyək”.

 

 

“Ədalət” qəzetinin əməkdaşı Emin Piri DİM və TN-nin birgə komissiya yaratmağının effektiv olduğu qənaətindədir:

 

 

“Bir çox hallarda uyğunsuzluqlar olur ki, bundan imtina etmək olmaz.  Qısaca deyərdim ki, müəyyən məsələlər üzrə ortaq komissiya yaradıb çalışmaq mümkündür. Buraya imtahan suallarından tutmuş keçirilmə qaydalarına qədər müzakirə aparılsa, ortaq məxrəcə gəlmək olar”.

 

 

Ümid edirik, DİM və TN birgə fəaliyyət göstərərək uğurlu nəticələr əldə edəcəklər.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları