Təhsil nazirinin müvafiq əmri ilə həyata keçirilən “Məktəblərdə keyfiyyətin inspeksiyası” layihəsi çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən növbəti dəfə məktəb inspektoru vakansiyası elan olunub.

 

TKTA-dan AzEdu.az-a bildirilib ki, layihənin məqsədi məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək, o cümlədən məktəb-şagird-valideyn əlaqələrini daha da gücləndirərək, sağlam və keyfiyyətli təhsil mühiti formalaşdırmaqdır. Vakansiya üzrə müraciətlərin qəbulu iyulun 10-dək davam edəcək. Müraciət etmək istəyən şəxslər agentliyin rəsmi saytına daxil olub vakansiya tələbləri ilə tanış olaraq, məlumatlarını göndərə bilərlər.

 

Layihə çərçivəsində martın 10-dan iyunun 7-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Lənkəran şəhərlərində, həmçinin Abşeron, Masallı, Cəlilabad və Bərdə rayonlarında yerləşən 24 məktəbdə pilot inspeksiyalar keçirilib. Mövcud vakansiya üzrə inspektorların seçimi və namizədlərin təlimləndirilmə prosesi yekunlaşdıqdan sonra növbəti tədris ilindən etibarən real inspeksiyalara başlanılacaq.