Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-24 17:55:00
Peşə məktəblərində işəgötürənlərin iştirakı ilə buraxılış imtahanları təşkil olunur  

Peşə məktəblərində 2020/2021-ci tədris ilində məzun olacaq şəxslər üçün işəgötürənlərin iştirakı ilə buraxılış imtahanları təşkil edilir.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, işəgötürənlərin imtahan prosesinə cəlb edilməsi məzun olacaq şəxslərin bilik və bacarıqlarının qiymətləndirilməsi mərhələsində bilavasitə əmək bazarının tələblərinin nəzərə alınmasına xidmət edir.

 

Bir sıra qabaqcıl peşə məktəblərində təşkil edilən imtahan prosesində iri və nüfuzlu işəgötürənlər yaxından iştirak edirlər.

 

Belə ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “AutoAzərbaycan” MMC, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Gilan Dairy Farms” MMC, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Azərxalça” ASC, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Fairmont Baku” otelindən olan nümayəndələrin sədrliyi ilə keçirilən imtahanlar zamanı komissiya üzvləri ilə birgə tələbələrin yekun qiymətləri, istehsalat xasiyyətnamələri, ixtisas (sınaq) işlərinin nəticələri nəzərdən keçirilir, şifahi sorğu aparılaraq imtahan nəticələri müəyyənləşdirilir.

 

İşəgötürənlərin iştirakı ilə müxtəlif istiqamətlərdə həyata keçirilən tədbirlər həm peşə məktəblərinə real təcrübədən faydalanmağa, həm də işəgötürənlərə peşə təhsili üzrə kadr hazırlığını öz ehtiyaclarına uyğunlaşdırmağa imkan yaradır.

 

Ümumilikdə bu imtahanlar müvafiq peşə məktəbinin əməkdaşlıq etdiyi müəssisələrlə birgə aparılır. İyun ayının əvvəlindən başlanmış buraxılış imtahanlarının iyunun 30-dək yekunlaşdırılması planlaşdırılır.