Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-06 13:10:00
Yeni  tədris ilindən 6 yaşı tamam olan uşaqlar I sinfə müsabiqəsiz qəbul olunacaq - Təhsil Nazirliyi

"Ötən gün dövlət başçısının sərəncamı ilə qəbul edilən "Təhsil haqqında" qanun bütün pillə və səviyyələri əhatə edib".

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, qanunda yer alan əsas dəyişikliklərdən biri ilin sonunadək (dekabrın 31-dək) 6 yaşı tamam olan uşaqların da məktəblərə qəbul olmasıdır: "Lakin yalnız valideyn istədikdə övladı 6 yaşı tamam olmadan 1-ci sinfə qəbul edilə biləcək. Ona görə də bu proses kütləvi xarakter daşımayacaq. Bu tədris ilindən mövcud qaydalar tətbiq ediləcək".

F.Qədirov qeyd edib ki, respublika fənn olimpiadalarının qalibləri də istiqamətləri üzrə universitetlərə müsabiqədənkənar qəbul edilə biləcək: "Artıq bunun üçün ölkədə hüquqi baza yaradılıb".

Qeyd edək ki, əvvəlki qanunvericiliyə əsasən, uşaqların 1-ci sinfə qəbulu sentyabrın 15-dək 6 yaşı tamam olan zaman aparılırdı. Sentyabrın 15-dən dekabrın 31-nə kimi 6 yaşı tamam olan uşaqların 1-ci sinfə qəbulu isə müsabiqə formasında həyata keçirilirdi. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları