Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-12 12:49:00
Nazirliyin uğurlu strategiyası – STEAM təhsil – Ekspert təklifləri

 

 

Fevralın 9-da Təhsil naziri Emin Əmrullayev Şirvan şəhər Kimya-Biologiya Təmayüllü Respublika liseyinin nəzdindəki STEAM mərkəzi ilə tanış olub.

 

Regionlarda STEAM mərkəzlərinin yaradılması bu modelin tətbiqini yenidən gündəmə gətirib.

 

AzEdu.az-a danışan təhsil nümayəndələri STEAM-ın inkişafından və onun tətbiqindən söz açıblar.

 

“Hədəf”  şirkətlər qrupunun direktoru Şəmil Sadıq STEAM-ın Azərbaycanda tətbiqi haqqında fikirlərini bildirib:

 

 

“STEAM 10 ildən çoxdur ki, dünyada təhsil trendinə çevrilib. Bir çox ölkələr STEAM-la bağlı yeni yanaşma və proqramlar tətbiq etməyə çalışırlar. Hazırda interraktiv dərslərin əyani formasını STEAM-da görmək olar. Bir çox məktəblərdə dərslər nəzəriyyə əsasında qurulsa da, STEAM  peşəyönümlü təhsilin inkişafını tələb edir. Azərbaycanda  həm Təhsil Nazirliyi, həm də özəl məktəblər tərəfindən STEAM həyata keçirilir. Bildiyiniz kimi, “Hədəf” ölkəmizdə ilk STEAM liseyidir. Bu təhsil sisteminin faydalı və xeyirli tərəfləri çoxdur.

Sadəcə, həmin konsepsiyanı inkişaf etdirmək lazımdır. Bəzi müəllimlər STEAM dedikdə yalnız robotexnikanı nəzərdə tutur. Lakin STEAM sırf robotlarla iş deyil, o fənlərarası əlaqənin  praktik şəkildə həyata keçirildiyini göstərən  təhsil yanaşmasıdır. Bu baxımdan Azərbaycanda peşəyönümlü mühəndislərin yetişdirilməsi, STEAM təhsilinə yer verilməsi və məktəblərimizində laboratoriyaların açılması çox təqdirəlayiqdir. Şirvan şəhərindəki  liseyin nəzdində STEAM mərkəzinin  açılması çox önəmlidir və bu gələcəkdə Azərbaycan təhsili üçün ciddi nəticələr göstərəcək.

 

Təhsil Nazirliyi tərəfindən 2019-cu ildə  Azərbaycan təhsil işçilərinin  İsraildə STEAM-la bağlı təlimi baş tutdu.

 

Məktəblərimizdən bu təlimdə iştirak etmək üçün 50 nəfər göndərilmişdi.  Düşünürəm ki,  STEAM fəlsəfəsini başa düşən istənilən məktəb bu sahə üzrə işləyə bilər. STEAM dedikdə hər kəsin ağlına  texnoloji avadanlıqlar və laboratoriyalar gəlir. Amma o elə bir məfhumdur ki, fizika və digər dərsləri keçən müəllim şagirdi ilə  bərabər müəyyən avadanlıqları hazırlamağı bacarmalıdır. Bu həm də müəllimin işin içində olmasına gətirib çıxarır.

 

STEAM fəlsəfəsini qəbul etdikdən sonra  istənilən direktor və müəllim bunu həyata keçirə bilər. Məktəb direktorları bir az yaradıcı yanaşsalar,  çox rahat şəkildə bu işi həyata keçirə bilərlər. Yaradıcı müəllimlərin yetişməsi üçün isə təlim və paraktikalar keçirilməlidir. Biz Hədəf liseyi olaraq 5  STEAM təlimi vermişik. Onlardan biri beynəlxalq, 4-ü isə yerli əhəmiyyətli olub.

 

Bununla bərabər,  Təhsil Nazirliyi hər il “STEAM Azərbaycanda”  layihəsini həyata keçirir. Bu layihə artıq 3 ildir ki, tətbiq olunur. Qrant layihə və təlimlərin keçirilməsi də işin inkişafına xidmət göstərir”.

 

“STEAM Azərbaycan” layihəsinin üzvü Aliyə Əhmədova təhsildə yeni modellərin tətbiqindən söz açıb:

 

“STEAM mərkəzlərinin açılması və onun əhatə dairəsinin genişləndirilməsi  günümüzün aktual və vacib reallığıdır. Sadəcə olaraq onu qeyd etmək istəyirəm ki, bu mərkəzlər açılırsa,  həqiqətən də tədris  mükəmməl şəkildə aparılacaq . Belə ki, şagirdlərə  mentorluq edəcək təhsil işçiləri düzgün seçilməlidir. Məcbur deyil ki, şagirdlərə STEAM-ı müəllimlər tədris etsin, onu mühəndis və texniki işçilər də öyrədə bilər. Bu işlər düzgün formada aparılmalıdır ki,  müsbət nəticə əldə edilə bilsin. Bu istiqamətdə kitabların, çoxlu sayda videoların  və elektorn  resursların  olması vacibdir. Şagirdlər STEAM dərslərini aldıqca paralel olaraq respublika və xaricdə olan  müsabiqə və festivallara da cəlb olunmalıdır. Müsbət nəticə əldə etmək üçün  inkişafa yol açılmalıdır”.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü  Ülviyyə Mikayılova STEAM-ın müsbət cəhətlərindən söz açıb:

 

“STEAM dünyadakı müsbət dinamikalı modellərdən biridir. Onun Azərbaycanda genişlənməsi  çox müsbət  haldır.  Xüsusən də, Bakıdan kənarda bu modelin tətbiqi və onun genişlənməsi təqdirə layiq addımdır. Sadəcə STEAM-ın təlim-tədris prosesinin tərkib hissəsi olmasını arzu edərdim. Model məktəblər açmaq olar, amma onun əhəmiyyəti o zaman özünü göstərər ki,  o təcrübəyə sızır və tədrisin bir parçası olar. Mən istəyərdim ki, STEAM da ölkəmizdə bu şəkildə tətbiq edilsin. Lakin bunun nə dərəcədə mümkün  və real olduğunu dəqiq deyə bilmərəm. Belə ki, STEAM bahalı modeldir və ətrafda olan məktəblər də ondan yararlana bilər. Bu modeli metodiki nöqteyi-nəzərdən genişləndirmək lazımdır”.

 

Qeyd edək ki, STEAM layihəsinin əsas məqsədi respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir. Layihə hazırda 147 ümumtəhsil məktəbdə tətbiq olunur və 25 000-dən çox şagird, 800 müəllimi əhatə edir.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları