Təhsil nazirinin müavini Firudin Qurbanov 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Vətən müharibəsi iştirakçısı olan dövlət hesabına xaricdə təhsil almış gənclərlə onlayn görüş keçirib.

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, Firudin Qurbanov Gənclər Gününün təsis edilməsi və tarixi haqqında məlumat verib. Nazir müavini torpaqlarımızın işğaldan azad olunmasının xalqın, xüsusilə də gənclərin Azərbaycan Prezidentinin dəmir yumruğu altında vahid bir güc olaraq birləşməsi və müzəffər ordumuz sayəsində mümkün olduğunu vurğulayıb. Bildirib ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə cəlb edilən, yaralıların müalicəsi üçün tibbi xidmətə könüllü yollananlar sırasında dövlət hesabına (dövlət proqramları və hökumətlərarası təqaüd proqramları) xaricdə təhsil almış şəxslər də olub. Firudin Qurbanov bunun qürurverici hal olduğunu qeyd edib.

 

Görüşdə gənclər keçdikləri döyüş yolundan danışıb, bu prosesin iştirakçısı olmaqdan qürur duyduqlarını dilə gətiriblər.