Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-03 10:48:00
Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans keçirilib - FOTO

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində mövcud vəziyyət, görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans keçirilib.
 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, "Microsoft Teams" platforması üzərindən onlayn keçirilən tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin, uşaq-gənclər idman-şahmat məktəblərinin, idman liseylərinin direktorları iştirak edib.

 

Videokonfransı giriş sözü ilə açan nazir müavini Firudin Qurbanov 44 günlük Vətən müharibəsində əldə olunan qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib, döyüşlərdə iştirak edən təhsil işçilərinin şücaətlərindən danışıb. Görüşdə Vətən uğrunda canından keçən təhsil işçilərinin xatirəsi yad edilib.

 

Nazir müavini COVID-19 pandemiyasının təsirlərinin minimallaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən atılan addımların əhəmiyyətini vurğulayaraq verilmiş tapşırıqların icra vəziyyəti, pandemiya dövründə tədrisin davamlılığını təmin etmək məqsədilə nazirlik tərəfindən görülən işlər barədə danışıb. Firudin Qurbanov pandemiya dövründə tədrisin davamlılığının təmin edilməsi, məktəblilərin ev şəraitində asudə vaxtlarının səmərəli keçirilməsinə nail olunması, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarınının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb. Nazir müavini bu müddət ərzində əlamətdar və tarixi günlərlə bağlı Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri tərəfindən 100-ə yaxın müsabiqə, sərgi, virtual-ekskursiya, düşərgə, "dəyirmi masa", o cümlədən, onlayn platformada 9 respublika və beynəlxalq onlayn rəsm müsabiqəsi, 2 respublika videoçarx müsabiqəsi, 12 yaradıcılıq müsabiqəsi, 1 inşa-yazı müsabiqəsi, 1 beynəlxalq festival-müsabiqəsi, 1 ekoloji forum, 2 beynəlxalq, 3 yerli olmaqla 5 şahmat turnirinin keçirildiyini qeyd edib və sözügedən tədbirlərə 15 mindən artıq şagirdin qatıldığını vurğulayıb .
 

Firudin Qurbanov tədbir iştirakçılarına şagirdlərin məktəbdənkənar fəaliyyətə cəlb olunması, təlim-tərbiyə prosesinin təşkili, nizam-intizam və təhlükəsizlik qaydalarına riayət edilməsi, kadr təminatının yaxşılaşdırılmasına dair tövsiyə və tapşırıqlarını verib.
 

Görüşdə məktəbdənkənar təhsil müəssisələrində mövcud vəziyyət, qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb, gündəlikdəki məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib.