Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-02 13:30:00
“Universitetlər buna ciddi hazırlaşmır” – Xalat və papaqla “yola salınan”  “Məzun günü”  

İyunun ortalarından başlayaraq, Azərbaycanda yerləşən ali təhsil müəsssisələrində  məzun günləri keçirilir. Tədbirlər hər universitetdə müxtəlif formada təşkil olunur.

Mütəxəssislərin fikrincə, hər il universitetlərdə keçirilən  məzun günləri standart,  müəyyən sujet xətti olmadan və pərankəndə şəkildə təşkil olunur.  Bəzi tədbirlərdə şagirdlərin yaş kateqoriyasına uyğun olmayan, ara mahnılar, ifalar da səsləndirilir. Məzunların bu “musiqilər”in sədaları altındakı rəqsini izləmək isə arzuolunmaz mənzərədir.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında şairə, pedaqoq Kəmalə Abiyeva bildirib ki, əksər universitetlərin məzun günlərində xaos və qarışıqlıq müşahidə olunur:

“Bizim vaxtımızda məzun günləri çox səliqəli təşkil olunurdu. Hazırda universitetlərdə,  efirlərdə kim hansı mahnını gəldi oxuyur. İndi hər kəs mahnı, şeir yazır. Bəzi istedadlı yazıçıların, şairlərin, gənclərin maddi imkanları zəif olduğundan  kitab çap etdirə bilmirlər. Ancaq maddi durumu yaxşı olanlar kitab da çap etdirir, mahnı da yazdırır, onların efirdə səsləndirilməsini də təmin edirlər. Universitet tədbirində, xüsusilə də məzun buraxılışında belə mahnıların səsləndirilməsi yolverilməzdir. “Məzun günü” ciddi tədbirdir. Təəssüf ki, bu ciddi tədbirə istər məktəblərdə, istərsə də universitetlərdə ciddi yanaşılmır”.

Şairənin sözlərinə görə, universitetlərin özləri “Məzun günü”nə ciddi hazırlaşmır:

“Məzun günündə elə ali mahnılar da oxunmalıdır. Musiqisi də, tədbiri də ali olmalıdır. Amma  universitetlər buna ciddi hazırlaşmır. İl boyu bütün qurumlarda iş qrafikləri olur. Yanvar ayından sonra bu tədbirə hazırlıq işləri görülməlidir. İndi məzunlar xalat alıb, başlarına da papaq qoyurlar. Bütün bunlarla da “Məzun günü” tədbiri yekunlaşır.

Aktyor, rejissor Nicat Kazımov sözügedən məsələdən xəbərdar olduğunu vurğulayıb:

“Bu, tələbələrin günü, onların bayramıdır. Düşünürəm ki, onlara necə xoşdursa, tədbiri hansı formatda görmək istəyirlərsə, təşkilatçılıq da o istiqamətdə qurulmalıdır. Tələbələr əylənir, deyib-gülürlər. Buna mane olmaq olmaz. Universitetləri deyə bilmərəm, ancaq bəzi məktəblərdə “Son zəng”tədbirlərinin qurulması üçün rejissor dəvət olunur”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları