Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-27 12:46:00
Jurnalistlər nəyi ilin təhsil hadisəsi sayırlar? – Maraqlı və fərqli cavablar

2018-ci il bir sıra mühüm hadisələrlə yadda qaldı. Aylardır boş qalan təhsil naziri postuna Ceyhun Bayramovun təyin olunması da belə hadisələr sırasındadır. Nazirin gəlişiylə, təhsildə bir sıra yeniliklər, qanuna dəyişikliklər   və əlavələr edildi. Lakin bir çoxları yeni təhsil nazirinin seçilməsini heç də ilin təhsil hadisəsi kimi qəbul etmir.

Bəs təhsil sahəsi ilə bağlı mütəmadi olaraq cəmiyyəti məlumatlandıran,  yeniliklərdən insanları xəbərdar edən təhsil jurnalistləri hansı olayı ilin təhsil hadisəsi adlandırırlar?

AzEdu.az bu sualla bir neçə təhsil müxbirinə müraciət edib. 

Sputnik.az saytının əməkdaşı Rumiyyə Miraslan yeni təhsil nazirinin təyin edilməsini ilin təhsil hadisəsi kimi qəbul etmədiyini vurğulayıb:

“Yeni nazir işin içində olan adam idi. Olay o zaman olardı ki, təhsilə heç bir aidiyyatı olmayan biri təhsil naziri təyin edilərdi. Yaxşı ki, bu olmadı. Yaxşı ki, postun boş qaldığı müddət ərzində yeni gətiriləcək nazirlə bağlı olan ehtimallar özünü doğrultmadı. Çünki əvvəlki təcrübələrdən görmüşük ki, təhsildən anlayışı olmayan insanın bu posta gətirilməsi çox mənfi fəsadlar verib. Nazirin posta gələn kimi gördüyü bir neçə ciddi tədbiri ilin hadisəsi hesab edirəm. Məsələn, şagirdi döyən müəllimi dərhal işdən azad etdi. Düzdür, daha yumşaq cəza da verilə bilərdi, ancaq işdən azad edilməsi digər müəllimlər üçün böyük bir “dərs” oldu. Bunun ardınca Hövsan məktəblərinin birində baş vermiş xoşagəlməz  hadisə ilə bağlı tədbir görüldü. Hadisə mediada işıqlandırılan gün iki müəllimlə yanaşı, məktəbin direktoru da dərhal işdən azad edildi. Məncə, nazir bu cəza mexanizmi ilə göstərdi ki, şagirdlərə verilən dərsin keyfiyyətini yaxşılaşdırmaq üçün səriştəsiz, məsuliyyətsiz, tərbiyəsiz, korrupsioner, məktəbi bazara döndərən şəxslərin təhsil sistemindən uzaqlaşdırmaq lazımdır. Ümid edirəm ki, məhz bu tədbirlərdən sonra elə olan, olmağı düşünən müəllimlər də özlərinə nəzarəti ələ alıb, fəaliyyətlərinə çəki-düzən verdilər”.

Rumiyyə Miraslan təhsillə bağlı bir neçə məsələni də ilin hadisəsi hesab edir:

“İndiyədək ümumtəhsil müəssisələrinin I sinfinə ancaq 15 sentyabr tarixinədək 6 yaşı tamam olan uşaqlar qəbul edilirdi. Beləliklə də, 6 yaşını tamam olmayan uşaqlar kənarda qalırdı ki, bu da valideynlər arasında ciddi narazılığa səbəb olurdu. Heç kim bir neçə aya görə övladının bir sinif geri düşməsini istəməz. Ancaq bu günlərdə “Təhsil haqqında” Qanuna bununla bağlı dəyişiklik edildi. Dəyişikliyə əsasən, Azərbaycanda valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul ediləcəklər. Digər məsələ isə qanunda edilən növbəti dəyişiklik oldu. Belə ki, növbəti tədris ilindən başlayaraq beynəlxalq və respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar. Hesab edirəm ki, bu dəyişiklik təhsilin keyfiyyətində böyük dönüş yaradacaq. Bir neçə il repetitor yanına gedərək həm əlavə zaman, həm də maddi vəsait sərf edənlərin yox, dərslərdə uğurlu nəticələr göstərib ali məktəbə qəbul olmaq arzusunda olanların sayı artacaq. Təhsil Nazirliyində edilən yeni kadr təyinatını da ilin ən uğurlu kadr təyinatı hadisəsi hesab edirəm. Bu, Muxtar Məmmədovun Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin olunmasıdır. M.Məmmədov çox savadlı, bacarıqlı, öz biliyi, savadı, zəhməti hesabına yüksəlmiş gənclərimizdəndir. Sözün əsl mənasında, fəxr ediləsi, qürur duyulası, vəzifəsinin şərəfi ilə yox, məsuliyyəti ilə yaşayacaq məmur olacağına da adım kimi əminəm”. 

Modern.az saytının əməkdaşı Namidə Bingölün sözlərinə görə, yolu təhsildən  keçməyən insan yoxdur:

“Təhsildə yeniliklər olduğu qədər, xoşagəlməz olaylar da baş verir. Təəssüf ki, neqativ halları təhsil sistemində görmək daha dəhşətlidir. Məsələn, 2018-ci ildə Bakı məktəblərinin birində zorlanma hadisəsinin baş verməsi hamımıza çox pis təsir etdi. Könül istər ki, təhsilimizdə bu cür hallar olmasın. Ümumilikdə isə yeniliklər, uğurlar da çox olub. Bunları sadalamaqla bitməz. Məsələn, gənc kadrları ucqar kənd yerlərində müəllim kimi görəndə sevinməmək qeyri-mümkündür. Sadaladıqlarıma şəxsi prizmamdan yanaşıram. Ola bilsin ki, başqa bir olay kimin üçünsə ilin hadisəsidir. Ümumilikdə,  gənc kadrların təhsil sistemindəki uğurları, olimpiada qaliblərinin çoxluğu və abituriyentlərin yüksək nəticə göstərməsi mənə görə ilin ən yaxşı təhsil hadisələridir”. 

“Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmova bildirib ki, təhsil naziri yeni təyin olunduğundan bu suala cavab vermək hələ çətindir: 

“Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfransda nazirin səsləndirdiyi "Sahibkar universitetlər” modelinin yaradılması fikirləri diqqət çəkir. Bu modelin gələcəkdə iqtisadiyyatımıza gətirəcəyi inkişaf, elm-təhsil-biznes üçbucağının yaradılması istiqamətində addımlar təhsildə yenilik ola bilər”.

Publika.az saytının əməkdaşı Gülxar Şərif  qeyd edib ki, bu il “Təhsil haqqında” Qanuna edilən dəyişikliklər  diqqəti daha çox cəlb edib:

“Həmin qanuna edilən dəyişikliklərin bir qismi həqiqətən də uğurlu hesab edilə bilər. Məsələn, əvvəl 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan uşaqların məktəbə qəbulu imtahanla idi. Bu məsələnin yaratdığı problemlər aradan qaldırılacaq. Beynəlxalq olimpiadalarda qalib olanların istənilən ali məktəbə imtahansız qəbulu imkanı yaranacaq. Yerli olimpiada qaliblərinə də qalib olduğu sahə üzrə müsabiqədənkənar qəbul imkanı yaradılacaq.  Bu kimi yenilikləri təhsildə maraqlı və ehtiyac duyulan məqamlar kimi dəyərləndirmək olar”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları