Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-17 13:47:00
“Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin ilk mərhələsi başa çatdı  

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin məktəbdaxili mərhələsi başa çatıb.

 

Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, müsabiqə BŞTİ-nin tabeliyində olan ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında onlayn qaydada keçirilib.

 

Məktəbdaxili mərhələdə ən yüksək nəticə əldə etmiş hər məktəbdən bir nəfər seçilərək müsabiqənin II mərhələsinə təqdim olunub. İkinci mərhələ Bakı şəhərinin inzibati rayonları üzrə 2020-ci il dekabrın 22-dək təşkil olunacaq. Hər inzibati rayon üzrə ilk 3 yerin sahibi olan şagirdlər müsabiqənin 2020-ci il dekabrın 23-30-da keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanacaq.

 

Qeyd edək ki, müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Vətən müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etmək, habelə xüsusi istedada malik uşaqları üzə çıxarmaq, şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

 

Onlayn müsabiqənin əsas mövzuları Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri, İkinci Qarabağ müharibəsi, işğaldan azad olunmuş bölgələrin tarixi, mədəniyyəti, coğrafiyası, tarixi abidələri, şəxsiyyətləri və Azərbaycanla bağlı ümumi dünyagörüşüdür.

 

Müsabiqənin final mərhələsində Təşkilat Komitəsi tərəfindən ümumilikdə qalib kimi 9 şagird (2 nəfər I yer, 2 nəfər II yer, 2 nəfər III yer, 3 nəfər həvəsləndirici yer) müəyyənləşdiriləcək.

 

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.