Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-15 12:30:00
Hər iki təyinatı uğurlu seçim hesab edirəm –Nadir İsrafilov

“Məsul vəzifələrə təyin olunan hər iki əməkdaşımıza mənəvi dəstək vermək, təhsilimizin daha da inkişafı və tərəqqisi sahəsində uğurlar arzulamaq qalır”.

 

 

Bu sözləri AzEdu.az-a Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

 

 

Belə ki, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

 

 

Nadir İsrafilov məsələ ilə bağlı fikirlərini bildirib:

 

 

“Necə deyərlər, uğurlu islahatlar uğurlu kadrlarla reallaşar. Hesab edirəm ki, Rəşad Tağıyevin karyera irəliləyişi gözlənilən idi. On beş ildən artıq müxtəlif idarəetmə strukturlarında müvafiq vəzifələrdə çalışıb. 2013-cü ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, daha sonra isə həmin idarənin müdir müavini olub. Ona göstərilən yüksək etimad nəticəsində Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

 

 

İşlədiyi rəhbər vəzifədə  qısa müddət ərzində ümidləri layiqincə doğruldub. Xüsusilə də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübrizədə onun təşkilatcılıq səriştəsi özünü xüsusilə biruzə vermib. İlk olaraq Bakı şəhərindən başlanılan paytaxt məktəblilərinin Azərbaycan ordusuna dəstək aksiyaları, xeyli sayda pedaqoji ictimaiyyət nümayəndələrinin birlik və həmrəylik nümayişi, vətənpərvərlik ruhu ən qısa zamanda pespublikamızın bütün regionlarına sirayət etmişdir.

 

 

Ərazi bütövlüyümüz bərpa olunduqdan sonra bütün sahələrdə yeni inkişaf dövrünə qədəm qoyuruq. Bu baxımdan ölkə üzrə ümumi təhsilin təşkili və idarəolunması məsələlərinin də aktuallığı artır. Xüsusilə işğaldan azad olunmuş rayon və şəhərlərdə təhsilin yenidən qurulması vəzifəsi ciddi yanaşma tələb etsə də, ümumilikdə digər rayon və şəhərlərdə də görüləsi işlər az deyil. Təsadüfi deyil ki, təxminən oktyabr ayının ortalarında Təhsil Nazirilində bir sıra struktur dəyişiklikləri aparılmış, ümumi təhsilin təşkili və idarəolunması şöbəsi yaradılmışdır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin paytaxt təhsilinin öncül yerə çıxmasında yaxından iştirakını, lazımı təcrübəsini nəzərə alıb, səlahiyyət çərçivəsi genişləndirilərək məhz yeni yaradılmış şöbəyə rəhbər təyin olunması təqdirəlayiq hal olmaqla bərabər, artıq bölgələrin də qarşısında ümumi təhsilin təşkili və idarəolunması istiqamətində yeni perspektivlər açılacağına inam yaradır”.

 

 

Nadir İsrafilov Mehriban Vəliyevanın təyinatından söz açıb:

 

 

“O ki, qaldı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdiri təyin olunan Vəliyeva Mehriban Hidayət qızına bildiyim qədər Filologiya üzrə fəlsəfə doktorudur, Azərbaycan Respublikasının Əməkdar müəllimidir, “Ən yaxşı müəllim” müsabiqəsinin, “İlin ən yaxşı pedaqoji mühazirəsi”müsabiqəsinin qalibi olub, dəfələrlə Fəxri fərman və diplomlarla təltif edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət İdarələrinə Qəbul Komissiyası ilə ekspert kimi əməkdaşlıq edir. Bir sıra dərslik, dərs vəsaitləri və məqalələr müəllifidir. Akademik Zərifə Əliyeva adına liseyə direktor təyin edilməmişdən əvvəl, həmin liseydə direktor müavini vəzifəsində çalışıb. Təhsil sahəsində rəhbər vəzifəyə təyin olunmaq üçün daha nə lazımdır ki...

 

 

Bizə isə, məsul vəzifələrə təyin olunan hər iki əməkdaşımıza ünvanlanan təbriklərə qoşulmaq, onlara imkanımız daxilində mənəvi dəstək vermək, təhsilimizin daha da inkişafı və tərəqqisi sahəsində uğurlar arzulamaq qalır”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları