Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-08 16:24:00
MİQ-in müsahibə mərhələsindən nümunələr -“Mən şagirdimi başqa sözlə aldadaram”

Avqustun 18-i müəllimlərin işə qəbul imtahanlarının müsahibə mərhələsi başa çatıb.

 

Bu mərhələdə test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanan namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılıb.

 

 AzEdu.az  məlumat verir ki, aztehsil.com müsahibədə iştirak edən komissiya üzvləri ilə həmsöhbət olaraq, artıq yekunlaşan müsahibələr zamanı namizədlərin bilik və bacarıqlarının nə dərəcədə qənaətbəxş olduğunu öyrənib.

 

Mövzu barədə danışan İngilis dili ixtisası üzrə komissiya üzvü Nailə Manafzadə namizədlərin ixtisas biliklərinin normal səviyyədə olduğunu qeyd edib:

 

"Amma səmimi qeyd etməliyəm ki, hazırlıqsız müəllimlər də vardı. Ümumilikdə isə müəllimlərin hazırlığını qənaətbəxş hesab etmək olardı. Hətta peşəkar səviyyədə çalışmağa hazır olan namizədlər də var idi.

 

Gələcək müəllimlərin çətinlik çəkdikləri isə əsasən "speaking”, yəni danışıq oldu. Onlar hansısa sərbəst mövzu ətrafında ingiliscə danışanda çətinliklə üzləşirlər”.

 

O, müsahibə zamanı üzləşdiyi maraqlı cavablardan da danışıb:

 

"Namizədlərdən soruşurduq ki, "şagird sizə cavabını bilmədiyiniz sual versə, nə edirsiniz?” bəziləri səmimi olaraq "açıq şəkildəbilmədiyimietiraf edərəm. Cavabı öyrənib onlara izah edəcəyimi qeyd edərəm”-deyirdilər.  Bəziləri isə cavab verdilər ki, "mən bilmədiyimi etiraf etmərəm. Şagirdimi başqa sözlə aldadaram”.

 

Bu, təbii ki, doğru deyil və biz heç bir namizədə gələcək karyerasında belə hərəkəti tövsiyə etmirik”.

 

Onun sözlərinə görə, bəzi müəllimlərin MİQ imtahanında topladıqları ballarla müsahibədəki cavabları üst-üstə düşməyib:

 

"Bu, ondan irəli gəlir ki, müəllimlər test imtahanında eyni, standart sualları əzbərləyir və cavablayırlar. Amma müsahibənin danışıq hissəsində bütün problemlər üzə çıxır. Onlar yazıda uğurlu olsalar da danışıqda çətinlik çəkirlər”.

 

165 saylı məktəbin direktoru İlqar Məmmədov da komissiya üzvləri arasında olub. O, müəllimlərin dünyagörüşü istiqamətində olan asan sualları cavablamaqda çətinlik çəkdiklərini qeyd edib:

 

"Müsahibələr zamanı namizədlərin ixtisas bilikləri,  psixoloji durum və dünyagörüşlərini üzə çıxarmağa  çalışdıq. Müşahidələrimə əsasən deyə bilərəm ki, müəllimlər dünyagörüşü ilə bağlı çox asan suallar verməyimizə baxmayaraq, bəzən sadə suallara da cavab ver bilmirdilər.

 

Namizədlərə öz tövsiyələrimizi də verdik. Bunlar əsasən mütaliə ilə məşğul olmaq, öz peşəkarlıqlarını artırmaq və özlərini inkişaf etdirməklə bağlı idi. 

Namizədlərdə həyəcan çox idi. Onlara başa salırdıq ki, burada həyəcanlanacaq durum yoxdur”.