Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-07 14:25:00
Paytaxt məktəblərində “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqəyə başlanılacaq    

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqəyə başlanacaq.

 

Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, müsabiqə BŞTİ-nin tabeliyindəki ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında onlayn keçiriləcək.

 

Müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Vətən müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etmək, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Həmçinin Azərbaycanın, xüsusilə də işğaldan azad olunmuş ərazilərin tarixi, mədəniyyəti, coğrafiyası, tanınmış şəxsiyyətləri, tarixi abidələri barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması da əsas hədəflərdəndir. Üç mərhələdən ibarət müsabiqənin I mərhələsi (məktəbdaxili mərhələ) 2020-ci il dekabrın 10-15-də keçiriləcək. Məktəbdaxili mərhələdə ən yüksək nəticə əldə etmiş hər məktəbdən bir nəfər seçilərək müsabiqənin II mərhələsinə təqdim olunacaq. İkinci mərhələ Bakı şəhərinin inzibati rayonları üzrə dekabrın 16-22-də təşkil olunacaq. Hər inzibati rayon üzrə ilk 3 yerin sahibi olan şagirdlər müsabiqənin dekabrın 23-30-da keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanacaq.

 

Qeyd edək ki, müsabiqənin əsas mövzuları I Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri, II Qarabağ müharibəsi, işğaldan azad olunmuş bölgələrin tarixi, mədəniyyəti, coğrafiyası, tarixi abidələri, şəxsiyyətləri və Azərbaycanla bağlı ümumi dünyagörüşüdür.

 

Müsabiqənin final mərhələsində Təşkilat Komitəsi tərəfindən ümumilikdə qalib kimi 9 şagird (2 nəfər I yer, 2 nəfər II yer, 2 nəfər III yer, 3 nəfər həvənləndirici yer) müəyyənləşdiriləcək.

 

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.