Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-22 14:15:00
Şagirdlərə diplom satdığı deyilən direktor AzEdu.az-a danışdı:  “Bu, yalandır, ittihamdır”

“Valideynin ittihamları qəti şəkildə yalandır”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 307  nömrəli tam orta məktəbin direktoru Rövşən Qasımov deyib. Onun sözlərinə görə, mediada yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Ad-soyadını gizlədən valideynin yaydığı məlumat necə dəqiq ola bilər?! Bu ittihamları qəbul etmirəm. Valideynin ittihamları qəti şəkildə yalandır”.

Qeyd edək ki, mediada Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində fəaliyyət göstərən 307 saylı tam orta məktəbdə şagirdlərdən zorla qanunsuz pullar yığılmasıyla bağlı məlumatlar yayılıb. Məlumatda bildirilir ki, məktəbdə şagirdlərdən müxtəlif vasitələrlə pul yığılır. Valideynlərin sözlərinə görə, məktəb direktoru Rövşən Qasımovun təkidi ilə şagirdlərə Fəxri Fərman və diplomlar satılır. Bu sənədlərin satışı isə məcburidir. Belə ki, hər sinif rəhbəri valideynləri yığaraq onların hər birindən 5 manat pul tələb edir. Əvəzində isə müəllimlər valideynlərə övladlarının adına yazılmış diplomlar satır. Diplom guya ki, şagirdin orta məktəbdə özünü nümunəvi aparması, dərslərə davamiyyəti və yaxşı oxuması haqqında verilir. Şagirdlər deyirlər ki, bu cür diplomlar 1 ci sinifdən 11-ci sinfə qədər hər bir şagirdin adına yazılır. Diplom və ya təltifnamə hazır olan kimi sinif rəhbərlərinə təqdim edilir və hərəsinə görə müəllimdən 5 manat tələb olunur. Müəllimlər də həmin təltifnamələri şagirdlərə və onların valideynlərinə verməklə onlardan 5 manat tələb edir. Valideynlər bildirirlər ki, orta məktəbdə 86 sinif var. Hər ay hər sinifdən ən azı 15-20 şagirdə təltifnamə verilməlidir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları