Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-06 14:52:00
“Yenilənəcək dərsliklərdə ordumuzun xilaskarlıq missiyası öz əksini tapacaq”- Nadir İsrafilov

 

 

 

Tərbiyə prosesinin vacib tərkib hissəsi-vətənpərvərlik yeni müstəvidə

 

Əzəli torpaqlarımız, ərazi bütövlüyümüz uğrunda gedən, Vətən müharibəsi xarakteri alan ordumuzun xilaskarlıq savaşında  həm ölkə daxilində, həm də xaricdə yaşayan vətəndaşlarımız birlik və həmrəylik nümayişi,  dünyaya Azərbaycan, Qarabağ həqiqətlərini çatdırmaq üçün ön cəbhədəki əsgərlərə, eləcə də düşmən hücumu nəticəsində zərər çəkən ailələrə hərtərəfli dəstəyi  ordumuza uğurlu əks-hücum əməliyyatı ilə düşmənə sarsıdıcı zərbələr endirməsi fonunda xalqımızın ruh yüksəkliyini, vətənpərvərlik hissini bir qədər də artırmış olub. 

 

İşğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübariz əhval ruhla səfərbərliyə qoşulanların sırasında  müəllimlər, digər təhsil sahəsi ilə bağlı  işçilərinin də olması,  paytaxtdakı və bölgələrdəki ümumitəhsil müəssisələri kollektivlərinin Azərbaycan Ordusuna dəstək aksiyaları, xeyli sayda  pedaqoji ictimaiyyət nümayəndələrinin hərbi mükəlləfiyyətlə bağlı vəzifələri yerinə yetirmək üçün könüllü olaraq səfərbərlik xidməti orqanlarına gəlib hərbi toplanışlara cəlb olunması ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadəsi, qürur hissi ilə səciyyələnən vətənpərvərlik tərbiyəsinin yeni müstəviyə keçməsinin bariz nümunəsidir.

 

Ümumiyyətlə tərbiyə məsələsi kütləvi ədəbiyyatda insanın şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına, müəyyən baxışların yaranmasına yönəlmiş məqsədyönlü peşəkar fəaliyyət, təlim-tədris müəssisələrində xüsusi təlim almış mütəxəssislər tərəfindən şəxsiyyətin formalaşması və yaranması məqsədilə hazırlanmış bütöv, şüurlu təşkil edilmiş proses kimi səciyyələndirilir.

 

Müasir pedaqogika tərbiyəyə şəxsiyyətin ahəngdar formalaşması və inkişafı prosesi kimi baxır. Tərbiyəçi və tərbiyə olunan ümumi məqsəd üçün birgə qüvvə ilə çalışan fəal tərəflər kimi qəbul olunur. Tərbiyə uşağa birtərəfli təsir kimi yox, pedaqoji əməkdaşlıq kimi başa düşülür.Tərbiyənin məzmunu gənc nəslə aşılanacaq tərbiyə keyfiyyətlərinin məcmusudur. O, ahəngdar şəxsiyyət tərbiyəsinin bütün tərkib hissələrini özündə birləşdirir.

 

Buraya əsasən əqli tərbiyə, əxlaq tərbiyəsi, siyasi tərbiyə, vətənpərvərlik tərbiyəsi, əmək tərbiyəsi, fiziki tərbiyə, estetik tərbiyə, hüquq, iqtisadi, ekoloji,  mənəvi tərbiyə, dini tərbiyə, cinsi tərbiyə və s. daxil edilir.  Bu tərbiyə sahələri tərbiyənin ümumi məqsədinin həyata keçirilməsində - hərtərəfli və ahəngdar şəxsiyyət formalaşmasında mühüm rol oynayır.

 

Uşağın dünyaya gəlməsindən başlayan, əsasən intizam və dözüm formalaşdırmağa hesablanan antik dövrün Sparta tərbiyəsindən tutmuş, Con  Lokkun  müasir kimlik və mənlik anlayışlarının mənşəyi kimi qəbul ediən  “Ağ lövhə” nəzəriyyəsi, tərbiyəyə insanın təbii qüvvələrini inkişaf etdirən, onun sərbəst inkişafını təmin edən vasitə kimi dəyərləndirən J.J.Russonun azad tərbiyə ideyası da daxil olmaqla pedaqogika tarixində tərbiyəyə müxtəlif baxışlar olmuşdur. Orta əsrlərdə tərbiyəyə insanı idarə etmək vasitəsi kimi baxılırdı: uşaq qoyulmuş qaydalara, böyüklərin tələblərinə tabe olmalı idi. Belə tərbiyə avtoritar tərbiyə adlanırdı. Onun əsas vasitələri nəzarət, cəza, tələb, əmr, qadağan idi.

 

XX əsrin əvvəllərində tərbiyə insana birtərəfli təsir vasitəsi kimi izah edilməyə başlandı: uşağa tərbiyənin sadəcə obyekti kimi baxılırdı, onun şəxsi fəallığı qiymətləndirilmirdi. Sonrakı dövrdə tərbiyəyə birtərəfli baxış tənqid edilməyə başladı; tərbiyə insanın daim yeniləşməsi, mənəvi cəhətdən zənginləşməsi prosesi kimi, subyekt və obyektin qarşılıqlı təsiri, bir-birini qarşılıqlı zənginləşdirməsi prosesi kimi xarakterizə edildi.

 

Sovet dönəmində ideya-siyasi tərbiyə, beynəlmiləlçilik tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsi, ateizm və əmək tərbiyəsinə daha  ciddi önəm verilməsi kursu götürüldü. Qolçomaqlığa qarşı çıxan, vətənin idealları naminə hətta öz doğma  atasının bir neçə kisə taxılı gizlətməsi barədə donos verərək, onu həbsə atdıran Pavlik Morozov, işğal olunmuş ərazidə gizli fəaliyyət göstərən “Gənc qvardiya” təşkilatçılarından biri, nəhayət həbs olunaraq güllələnən 17 yaşlı  Oleq Koşevoy, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ilk qadın, kəşfiyyat –diversiya qrupunun üzvü, 18 yaşında əsir alınaraq dar ağacından asılan  Zoya Kosmodemyanskaya, alman dzotunun ambrazurasını öz sinəsi ilə örtərək silahdaşlarının düşmənə həmləsinə şərait yaradıb həlak olan, 19 yaşlı Aleksandr Matrosov və digər bir çoxlarının qəhrəmanlıq nümunələri Respublikamızın ümumtəhsil məktəblərində də tədris olunan SSRİ tarixi kursunun mühüm leytmotivinə çevrildi.

 

Yəqin ki, orta və yaşlı nəslin nümayəndələri xatırlamamış deyillər ki, sovet dövründə əksər respublikalarda olduğ kimi, bizdə də qədimdən başlayaraq müasir dövrə qədərki tariximiz ümumi  “SSRİ tarixi” kursunun tərkibində öyrənilir və vahid fənn olaraq qiymətləndirilirdi. Yəni, “SSRİ tarixi” üzrə keçirilən hər bölmənin sonunda sinxron olaraq Respublika tarixinə cəmi 1 dərs saatı ayrılırdı.  Nəhayət Təhsil Nazirliyində mütəxəssislərin iştiraki ilə müzakirələrdən və müvafiq qurumlarla razılaşdirildıqdan  sonra, V-XI siniflər üçün nəzərdə tutulan 80 saatlıq ilk ayrıca hazırlanmış Azərbaycan tarixi üzrə proqram 1980-cı ildə işıq üzü gördü. Həmin proqram əsasında “Azərbaycan tarixi” artıq “SSRİ tarixi” kursunun tərkibində deyil, müstəqil fənn kimi öyrədilir və attestatlara ayrıca qiymət yazılır

 

Azərbaycanın təhsil sistemində son onilliklərdə davamlı və məqsədyönlü şəkildə aparılan islahatlar dövlət müstəqilliyinin mühüm əlamətlərindən biridir. Müstəqillik yeni dövlətçilik ənənələrinin yaranmasına, bütün sahələrdə uzun illər boyu kök salmış stereotiplərə və fəaliyyət standartlarına, işin forma, məzmun və mahiyyətinə müasir mövqedən yanaşmağa, indiyədək mövcud olanların yeni ideyalar əsasında təkmilləşdirilməsi və dəyişdirilməsinə geniş imkanlar açır. Doğma tariximizin vətənpərvərlik səhifələri, vətənpərvərliyin tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik ənənələrini açmağa, onun inkişafının ümumimilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilməsinə şərait yaradır.

Nəzərə alsaq ki, bu gün təlim-tərbiyə verdiyimiz yeniyetmə və gənclər sabahın Vətən müdafiəçiləridir, əminlik hissi ilə qeyd etmək olar ki, yeni nəslin vətənə sevgi,  vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin qarşısında duran əsas vəzifədir. Ölkəmizin təhsil siyasətində də təhsilalanlarda vətənpərvərlik hisslərinin tərbiyə olunması, uşaqlarda milli ruhun aşılanması mühüm istiqamətlərdən biridir.  

 

Bu mənada,  yeni hazırlanacaq tarix dərsliklərində Azərbaycan əsgərlərinin, zabitlərinin və mülki şəxslərinin qəhrəmanlıq nümunələrinə xüsusi diqqət yetirmək lazım gələcək “Azərbaycan tarixi” fənni ilə yanaşı “Qarabağ tarixi” və “Ortaq türk tarixi” kurslarına yeni baxış və fərqli yanaşma zərurəti yaranacaq.

Nadir İsrafilov

Təhsil Nazirliyi yanında İctimai Şuranın Sədr müavini

 

(Ardı var)