Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-06 10:24:00
“Şagirdlər distant dərs zamanı çox vaxt səsimizi də eşidə bilmirlər”- Müəllimlərlə sorğu

 

 

 

 

Nazirlər Kabinetinin oktyabrın 29-da imzaladığı qərara uyğun olaraq, bütün təhsil pillələri üzrə tədrisin distant təşkilinə başlanıldı.

 

Yoluxmaların arıtdığı bir dövrdə distant təhsil ən optimal yol olsa da xüsusilə də müəllimlər üçün çətinliklər yaradır.

 

AzEdu.az müəllimlərdən bu istiqamətdə aldığı sorğunu təqdim edir:

 

“Distant təhsil ən tutarlı seçimdir”

 

Aytəkin Bayramova  (Bakı şəhəri, 299 nömrəli tam orta məktəb)

 

O, şagirdlərini görə bilməyəcəyi üçün təəssüflənsə də distant təhsili ən tutarlı variant hesab edir:

 

“Müəllimlərin işəqəbul üzrə müsabiqəsində  58 bal toplayaraq 299 nömrəli tam orta məktəbə qəbul olunmuşam.

 

Beşillik pedoqoji təcrübəm var. Müddətli müqavilə əsasında 3 il Biləcəri qəsəbəsi, 13 nömrəli Laçın rayon məcburi köçkün məktəbində, 2 il isə Xəzər rayonu 181 nömrəli  məktəbdə işləmişəm.

 

Müəllim kimi MİQ müsabiqəsinin təşkilini yüksək qiymətləndirirəm. Hər bir namizəd üzərimizdə işləyərək təklif olunan yerlər uğrunda rəqabətə qoşulur. Müsabiqənin  imtahan prosesi şəffaf və demokratik formada keçdi.

 

 Təəssüf  ki,  pandemiya ilə əlaqədar şagirdlərimi görə bilməyəcəm. Buna baxmayaraq, mövcud şəraiti nəzərə alsaq, düşünürəm ki, distant təhsil ən tutarlı seçimdir”.

 

 

“Əminəm ki, peşəmə olan sevgim bunun öhdəsində gəlməyə kömək edəcək”

 

Məmmədova Elnarə  Bakı Dövlət Universiteti Coğrafiya fakültəsini bitirən E.Məmmədova 58 balla 259  nömrəli tam orta məktəbə qəbul olunur:

 

“Ötən il də MİQ müsabiqəsində iştirak etmişdim.  45 bal toplasam da nəticəm məni qane etmədi. Bu il yenidən və daha yaxşı hazırlaşaraq, 58 bal topladım. İmtahan  mərhələsi çox şəffaf keçirildi. Hər bir namizədə bərabər imkanlar yaradıldı.

 

İlk  dərs günüm pandemiyaya görə onlayn keçirilsə də mənim üçün unudulmaz idi. Hazırda tətbiq olunan internet məhdudiyyəti səbəbindən  virtual dərslərin keçirilməsində  müəyyən çətinliklər var.

 

Amma müəllimlik kimi şərəfli peşəni seçmişiksə, demək, bütün bu kimi çətinliklərin öhdəsindən də gəlməliyik. Əminəm ki, peşəmə olan sevgim bunun öhdəsində gəlməyə kömək edəcək”.

 

 

Günay Dadaşova (Bakı şəhəri, 166 saylı məktəb)

 

 

O, açıqlaması zamanı distant təhsilin yol aça biləcəyi problemlərdən danışıb:

 

 “MİQ müsabiqəsində ilk iştirakım olduğu üçün imtahanlara ciddi-cəhdlə hazırlaşırdım. Açığı, bu il pandemiya şəraitində  MİQ müsabiqəsinin keçirilməməsindən belə narahat idim. Şükürlər olsun ki, imtahan şəffaflıqla keçirildi və istədiyim nəticəni göstərə bildim. 

 

İlk iş təcrübəm olduğu üçün birinci dərs günü çox həyəcanlı idim.  Şagirdlərim I sinifdə oxumaları  məsuliyyətimi daha da artırırdı. Buna baxmayaraq ilk dərs günüm olduqca yaxşı keçdi.

Distant tədris zamanı  uşaqlar özlərini   daha rahat hiss etsələr də, bu vəziyyət  onlarda məsuliyyətsizliyə yol aça bilər.

 

Xüsusilə də birinci sinif şagirdləri üçün oxuma, yazma vərdişlərini onlayn şəkildə aşılamaq çox çətin olacaq. Məktəbəhazırlıq görməyən uşaqlar üçün vəziyyət daha qəlizdir.

 

Xalqımızın sağlamlığı bütün zərurətlərdən öndə gəlir. Koronovirusun tezliklə ölkəmizi tərk edəcəyinə və ənənəvi dərslərə qayıdacağımız günü səbirsizliklə gözləyirəm. O vaxta qədər müəllimlərin üzərinə böyük yük düşdüyünü bilirəm və hər bir Azərbaycan müəlliminin bu çətinliyin öhdəsindən gələ biləcəyinə əminəm”.

 

 Fatimə Bəxşəliyeva (Şuşa şəhər 1 nömrəli tam orta məktəb)

 

 F.Baxşəliyeva distant təhsilin çətinliklərindən danışarkən internet problemindən xüsusi söz açır:

 

Öz şagirdlik dövrümdən də ilk dərs günü məktəbi həmişə dolu görməyə alışmışam. Bu il isə məktəbin həyətində çox az şagird vardı hamısı da sosial məsafə saxlayaraq dayanmışdılar. Müəllim kimi məktəbdə ilk dərs gününü tam fərqli xəyal edirdim. Məktəbi elə görmək mənə qəribə təsir bağışladı.

 

Onlayn dərs zamanı biz sıra çətinliklər yaşanır. Çox valideyn şagirdləri istifadəçi kodunu unudurlar.

 

Əsas çətinliyimiz isə internet problemilə əlaqədardır. Virtual dərslərdə bacardığım qədər uşaqları dərsə həvəsləndirməyə  çalışıram Əlimdən  gələni etsəm də ənənəvi təhsilin yerini vermək olmur. Uşaqlar dərsə nə qədər həvəsli olsalar da internet problemi səbəbindən bəzən heç müəllimin səsini eşidə bilmirlər. Bəzi evlərdə isə, ümumiyyətlə modem belə yoxdur. Onlar dərs üçün mobil telefonlarla  internet paketləri götürməli olurlar ki, bu da baha başa gəlir.  Təhsil bizim gələcəyimizdir.  Dövlətimizin bu istiqamətdə  valideynlərə dəstək olmasını istərdim”.