Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-20 17:53:40
Azərbaycan təhsilinin möhtəşəm fürsəti – SABAH qrupları – ŞƏRTLƏR, İMKANLAR VƏ TƏQAÜDLƏR  

SABAH qrupları 11 dövlət ali təhsil müəssisəsində fəaliyyət göstərir. SABAH abreviaturasının açılışı savadlı, bacarıqlı, hazırlıqlı deməkdir. Bu qruplara məhz həmin keyfiyyətlərə malik tələbələr qəbul edilir.

SABAH qruplarının tələbələri əlavə təqaüd, gündə 3 dəfə qidalanma daxil olmaqla, ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha cazibədar namizədlərə çevrilmə kimi üstünlüklərdən yararlanırlar.

Burada tədris xüsusi proqramlar əsasında aparılır. Bu qruplarda tədrisin ən böyük fərqi isə ingilis dilinin daha intensiv tədris olunmasıdır. Belə ki, bu qruplarda həftədə 6 saat olmaqla ildə 180 saat ingilis dilinin tədrisi nəzərdə tutulub. Burada tədris prosesinə istehsalatdan  gələn mütəxəssislər, şirkət rəhbərləri, şirkətlərin məsul işçiləri də cəlb olunur. Bununla yanaşı, tədris aparan müəllimlər xüsusi müsabiqə vasitəsilə seçilir, tələbələrə tədris və tədrisdənkənar (təlimlər, təcrübə proqramları, təqaüd proqramları, müsabiqələr, sosial tədbirlər, xaric dillərin tədrisi və s.) imkanlar təklif olunmaqla müasir təhsil mühiti yaradılır.

Bu qruplara dövlət ali təhsil müəssisələrində müəyyən edilən ixtisaslar üzrə əyani formada təhsil alan,  I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan vətəndaşları müraciət edə bilərlər.

SABAH qruplarına tələbələrin qəbulu tədris  ilində bir dəfə olmaqla üçmərhələli müsabiqə yolu ilə aparılır. Qəbul akademik göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müsabiqədə iştirak etmək istəyən tələbələr SABAH qruplarının rəsmi internet səhifəsində ( www.sabah.edu.az ) yerləşdirilmiş elektron ərizəni doldurulmalıdırlar. Burada tələbələr yalnız təhsil aldıqları ixtisas üzrə iştirak edə bilərlər. Test imtahanı ingilis dili və məntiq komponentləri üzrə keçirilir. İmtahanda iştirak edən hər kəsə İngilis dili və məntiqdən ayrı-ayrılıqda 50 sual təqdim edilir. Sualların cavablandırılmasına 2 saat vaxt verilir.

Növbəti mərhələ isə müsahibədir. Müsahibə hər bir ixtisas üzrə ali təhsil müəssisələrində akademik fəaliyyət göstərən şəxslər, SABAH mərkəzlərinin əməkdaşları və müvafiq sahə üzrə işgüzar mühitdə fəaliyyət göstərən təcrübəli peşəkarlardan ibarət olan  komissiya tərəfindən şifahi formada aparılır. Bu mərhələdə tələbələrin ixtisas üzrə fundamental bilikləri,ümumi dünyagörüşü, xarici dil, ünsiyyət və s.  kimi bir sıra bilik və bacarıqları yoxlanılır.

Ümumilikdə bütün mərhələlər üzrə qiymətləndirmə aşağıdakı meyarlar əsasında həyata keçirilir:

Akademik göstəricilər (ÜOMG);

Test imtahanının nəticəsi;

Müsahibə nəticəsi;

Ali təhsil müəssisəsinə qəbul balı.

SABAH qruplarında təhsil ödənişli və ödənişsiz əsaslarla təşkil oluna bilər. Təhsil alan bütün tələbələr buradalı ilk təhsil semestrində 50 manat təqaüdlə təmin olunurlar. Növbəti semestrlər üzrə təqaüdçülər akademik göstəricilərinə əsasən müəyyənləşdirilir. Uyğun olaraq 50 manat (həvəsləndirici) və 70 manat (əlaçı) məbləğində təqaüd ala bilirlər.  SABAH təqaüdü alan tələbənin hər hansı səbəbdən SABAH qruplarında təhsili dayandırıldıqda ona həmin təqaüdün ödənilməsi də dayandırılır.

SABAH qruplarının tələbələri hazırda ixtisaslarına müvafiq olaraq 11 baza ali təhsil müəssisəsində təhsil alır: BDU, ADİU, AzMİU, ADNSU, ADPU, ADU, AzTU, AdMİU, ADRA, BMA, BSU. Onlara standard bakalavr diplomu ilə yanaşı SABAH qruplarında təhsili təsdiqləyən xüsusi şəhadətnamə verilir. SABAH tələbələri oxuduğu ali təhsil müəssisəsini dəyişmək hüququna da malikdirlər. SABAH qruplarına ixtisas üzrə digər ali təhsil müəssisəsindən qəbul olunan tələbələr istədiyi uyğun ali təhsil müəssisəsisələrinə mərkəzləşdirilmiş formada köçürülür və müvafiq olaraq köçürüldükləri ali təhsil müəssisəsinin diplomunu alırlar. Sabah qruplarına qəbul zamanı oxuduğu universiteti dəyişən  ödənişli tələbə köçürüldüyü ali təhsil müəssisəsinin müvafiq ixtisas üzrə həmin kursuna tətbiq olunan təhsil haqqını ödəməlidir. Qeyd edək ki, sabah qruplarına qəbul olunarkən ixtisası dəyişmək  mümkün deyil

Tələbələrin öz müraciətləri əsasında  əsaslı səbəblər olduğu halda ən tezi buradakı təhsilin I semestrinin sonunda xaric oluna bilər. Müvafiq ixtisas üzrə SABAH qruplarında təhsil almaq üçün bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi zərurəti yaranan tələbələr universitetin müvafiq ixtisaslarının I kurs üzrə tədris planları arasında 2 fəndən artıq akademik fərq olmadığı halda mümkündür. Fənlərin yay məktəbi və ya alt qrupda dinlənilməsi tələbələrin öz vəsaiti hesabına həyata keçirilir.

Sabah qrupları universitetlərə uyğun olaraq bir sıra xaricdə təhsil proqramları ilə əməkdaşlıq etdiyindən, burada oxuyan tələbələrin əcnəbi ölkələrdə təhsil imkanları da genişdir.

Qeyd edək ki, Təhsil Nazirliyinin illik hesabatında sabah məzunlarına da diqqət yetirilib. Belə ki, bu il “SABAH” qruplarını 850-yə yaxın məzun bitirir. 2017-2018-ci dərs ilində 12 ali təhsil müəssisəsində 32 ixtisas üzrə 851 tələbə müsabiqədən keçərək SABAH qruplarına qəbul olub. SABAH qrupları artıq ikinci ildir ki, öz məzunlarını yola salır. 2016-2017-ci tədris ili üzrə bu qrupların ilk məzunlarının sayı 722 nəfər olub. Cari tədris ilində isə 850-yə yaxın SABAH məzunu təhsilini başa vurur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları