Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-20 15:20:00
Azərbaycan universitetlərində ixtisasını dəyişən, köçürülən tələbələrin sayı – Çətin şərtlər, dolaşıq imtahanlar  

Tələbələrin  köçürülməsi  prosesi  “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində  təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Müvəqqəti Qaydaların tələblərinə əsasən tətbiq edilir.

Bu proses zamanı bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslərin akademik transkriptlə köçürüldüyü ixtisasın tədris planındakı fənlər üzrə kreditləri müqayisə olunur. Əgər  tələbənin  fənn üzrə  kredit  borcu yaranarsa, tələbə həmin fənni yenidən dinləməlidir. Bu zaman tələbə həmin fəndən dərslərdə iştirak etməklə tələbləri tam yerinə yetirməlidir.

Köçürüldükləri ixtisas imtahanlarından əlavə, imtahan vermək isə tələbələrə müəyyən problemlər yaradır. Adətən, 5-ci kursa qalan tələbələr onlara imtahanlarında heç bir güzəşt olunmadığından narazılıq edirlər.

Qanunvericilik…

Tələbələrin köçürülməsi ilə bağlı qanunvericiliyə əsasən, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi  ali  təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır.

Tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar  DİM tərəfindən müəyyən olunan eyni ixtisas qrupuna daxil olmalıdır.

Qanunvericiliyə əsasən, tələbələrə köçürülmə prosesi zamanı fərq imtahanları barədə geniş məlumat verilir.

Ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ixtisasdan digərinə köçürülməsinə yol verilmir. Magistraturada təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək və 1-ci tədris ilində eyni ixtisas üzrə bir ali təhsil müəssisəsindən  digərinə köçürülmək hüququna malikdirlər.

Qeyd edək ki, 2018-ci  ildə bakalavriatura və magistratura  üzrə 1067 nəfərin sorğusu təsdiq olunub.  Bakalavriatura  üzrə yerli ali təhsil müəssisələrindən 650, xaricdəki universitetlərdən  26, magistratura üzrə 15, orta-ixtisas təhsili üzrə 186 nəfərin sorğusuna müsbət cavab verilib. Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçir.