Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-07 14:47:00
BSU-nun əməkdaşı erməni hakerlərinin hücumuna məruz qalan saytın fəaliyyətini bərpa edib

Bakı Slavyan Universitetinin (BSU) Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin mütəxəssisi, Pedaqogika və psixologiya kafedrasının müəllimi Nurlan Məmmədov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Fedai.az saytını erməni hakerlərinin kiberhücumundan sonra dərhal bərpa edib.

 

AzEdu.az xəbər verir ki. universitetdən verilən məlumata görə, N.Məmmədov informasiya müharibəsi şəraitində Qarabağ həqiqətlərini, Azərbaycanın haqq səsini dünyaya operativ çatdırmaqla daim düşmən hədəfində qalan bu saytın təhlükəsiz və fasiləsiz fəaliyyətini uğurla mühafizə etməyə nail olub. Buna görə o, 67 mindən çox üzvü olan AVMVİB-nin “Milli Ordu - 100” yubiley medalı ilə təltif edilib.

 

Qeyd edək ki, N.Məmmədov bu il oktyabrın 3-də “Google” korporasiyasının İnformasiya Texnologiyaları (İT) üzrə beynəlxalq sertifikatını alıb. O, “Google” tərəfindən keçirilən “İT üzrə texniki dəstəyin əsasları” kursunu tam həcmdə, 98.78 faiz balla yüksək nəticə göstərərək informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, əsas şifrələnmə alqoritmləri və verilənlərin mühafizəsi mövzularında nəzəri və praktik tapşırıqları müvəffəqiyyətlə başa vurub. Bundan əvvəl isə Toronto Universitetinin və Corciya Texnologiyalar İnstitutunun da müvafiq sertifikatlarına layiq görülüb. Hazırda o, dünyanın top reytinqində ilk sıralarda qərarlaşan Harvard Universitetinin “Python və JavaScript ilə Veb proqramlaşdırma” modulu üzrə distant təhsil alır.