Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-02 11:11:00
ADNSU ordumuzun  təcavüzkar Ermənistana qarşı apardığı əks-hücum əməliyyatlarını alqışlayır - Bəyanat 

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Ermənistanın sentyabrın 27-də törətdiyi hərbi təxribata cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin apardığı əks-hücum əməliyyatlarını alqışlayır və inanır ki, Dağlıq Qarabağ və işğal olunmuş digər torpaqlarımızın azad olunacağı gün çox yaxındadır.

 

AzEdu.az-ın məlumatına görə, Ermənistanın işğal olunmuş torpaqlarda möhkəmlənmək niyyəti, həmin ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti aparması, Azərbaycana qarşı hərbi təxribatları intensivləşdirməsi və ən faciəlisi budur ki, bütün bunların özünü tərəqqipərvər adlandıran dünyanın böyük dövlətlərinin gözləri önündə baş verməsi münaqişənin danışıqlar yolu ilə həllinə inamı sıfıra endirib. Belə bir şəraitdə Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatları Azərbaycan xalqının 30 ilə yaxındır ki, doğma torpaqlarımızı işğal altında saxlayan və münaqişənin danışıqlar yolu ilə həllinə hər vəchlə əngəl yaradan Ermənistanın təcavüzkar siyasətinə qarşı haqlı cavabıdır. Bu gün Azərbaycanın Ermənistan işğalçılarına qarşı apardığı əkc-hücum əməliyyatlarına mane olmağa, xalqımızın haqlı mübarizəsinə kölgə salmağa çalışan qüvvələrə yalnız biz cavabımız var – Azərbaycanın heç kəsin torpaqlarında gözü yoxdur, biz öz doğma torpaqlarımızda təcavüzkarlara qarşı döyüşürük, çünki Dağlıq Qarabağ və işğal altında olan digər ətraf rayonlar Azərbaycandır!

 

Ölkəmiz üçün çətin və eyni zamanda şanlı bir dövrdə istər Azərbaycan əsgər və zabitlərinin göstərdikləri fədakarlıq, istərsə də Azərbaycan xalqının nümayiş etdirdiyi möhkəm birlik,  həmrəylik və Vətənə sevgi hər bir vətəndaşımızın milli qürur və fəxarət hissi yaşamasını şərtləndirib.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi əks-hücum əməliyyatlarında qəhrəmanlıq və şücaət nümunələri göstərən əsgərlərimiz arasında universitetimizin məzunlarının da olmasından böyük şərəf duyur. 20 minlik professor-müəllim və tələbə heyətinə malik olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə istənilən an silaha sarılaraq müqəddəs torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə iştiraka hazırdır.

 

Tarixi ədaləti bərpa etməyə qadir və hazır olan Azərbaycan Silahlı Qüvvələrinə, Azərbaycan dövlətinə və Azərbaycan xalqına eşq olsun!