Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-04 16:17:00
Türkiyədə oxumaq istəyən abituriyentlərə zəruri tövsiyələr – Koordinatordan qızıl qaydalar  

“Türkiyə təhsil almaq istəyənlərin sayı son illərdə kəskin artıb. Bunun səbəbi vizasız gediş-gəliş, Türkiyənin bizim ölkəyə yaxın olması, təhsil haqqının digər ölkələrə nisbətdə aşağı olması, mədəniyyətlərin oxşar olması və s.-dır.  

Əgər tələbə ABŞ-da təhsil almağa gedirsə orda müəyyən çətinliklərlə qarşılaşa bilir, amma Türkiyədə mədəniyyətlərarası yaxınlıq olduğu üçün belə problem olmur. Əlavə olaraq, Türkiyədə təhsil, xüsusilə tibb təhsili güclüdür”. 

Bu sözləri AzEdu.az-a açıqlamasında CELT Kolleges Xaricdə Təhsil Mərkəzinin  Türkiyədə təhsil üzrə kordinatoru Fərid Kərimov deyib. O, Türkiyədə təhsil üçün tələb olunan sənədlər haqda məlumat verib:

“Hazırda demək olar ki, universitetlərin çoxuna qəbul var. Həm özəl, həm də dövlət universitetləri qəbulları davam etdirir. Qəbulu hələ avqustda açılacaq universitetlər də var.

Tələb olunan əsas sənədlər transkript, pasport, şəkil, əgər məzun deyilsə, məzuniyyət arayışı, məzun olubsa, attestatdır. Bundan əlavə, reytinqli universitetlərdə təhsil almaq üçün SAT imtahanı tələb olunur. Bununla bərabər tələbə ingiliscə oxusa TOEFL, türkcə oxumaq istəsə TÖMƏR imtahan tələb olunur”.

O, burada təhsil almaq istəyənlərin üzləşdiyi əsas problemləri qeyd edib:

“Adətən Türkiyədə təhsil almaq istəyənlərin maliyyə problemləri olur. Onlar hansısa reytinqli universitet istəsələr də, buna büdcələri çatmır. Digər problemlərdən biri də yerləşdirmə və oturma izni ilə bağlıdır.

Türkiyədə təhsil almaq istəyənlər əsasən iqtisadiyyat və mühəndislik sahələrinə üstünlük verirlər. Son illər tibb sahəsi də aparıcı ixtisaslar siyahısındadır”.

Onun sözlərinə görə Türkiyə universitetlərində təhsilhaqqı çox aşağıdır:

“Türkiyə dövlət universitetlərində təhsil haqqı çox aşağı olduğuna görə, orada  təqaüd yoxdur. İllik təhsil haqqı 300 dollardan başlayır. Əlavə olaraq Türkiyə dövlətinin xarici tələbələr üçün təsis etdiyi Türkiyə bursları proqramı var. Tələbələr bura müraciət edərək təqaüd ala bilərlər. Özəl universitetlər isə təqaüd verirlər. Bunun üçün SAT və TOEFL nəticələrinin olması kifayətdir”. 

Fərid Kərimov həmçinin tələbələrin Azərbaycandakı qəbul imtahanının balı ilə təhsil ala biləcəyi universitetləri sadalayıb:

“Sırf reytinqli universitetlərdən Orta Doğu Texniki Universiteti DİM-in keçirdiyi imytahanların balını qəbul edir. Bu yolla həmçinin Sabancı, Koç və digər universitetlərdə də təhsil almaq mümkündür.

Türkiyədə təhsil almaq üçün dil bilgisi vacibdir. Tələbə ingiliscə oxumaq istəyir və TOEFL sertifikatı yoxdursa, o, bir il hazırlıq oxumalıdır. Türkcə oxuyan tələbələr türk dili imtahanını rahat verə bilirlər”.

O, tələbələri bu məqamlarda yanılmamaq üçün diqqətli olamağa çağırıb:

“Türkiyədə təhsil almaq istəyən tələbələrə məsləhətim odur ki, tələb olunan imtahanlardan yaxşı nəticə əldə etsinlər və reytinqli universitetlərə qəbul olsunlar. Əgər özləri müraciət edirsə, çox diqqətli olsunlar. Bir səhvlə rədd cavabı ala bilərlər. Ən önəmlisi isə odur ki, Türkiyə universitetlərinə müraciət tarixləri tez-tez dəyişir, buna diqqət etsinlər”.

 Ətraflı məlumat üçün: http://www.celt.az/ 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları