Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-01 12:49:49
Ukraynada çalışan, prorektor, deputat, “İlin alimi” seçilən Azərbaycan alimləri  

 Müxtəlif  illərdə Azərbaycandan dünyanın  bir  çox yerlərinə beyin axını olub. Bunun də həm obyektiv, həm də subyektiv səbəbləri var. Kimi oxuduğu universitetin elmi potensialını məqbul görərək, orada qalıb, kimisi isə sonradan gələn sərfəli təklifi geri çevirməyərək, xarici ölkələrin elmi və təhsil müəssisələrinə işləməyə gedib.

Səbəbindən asılı olmayaraq, itirən isə Azərbaycan elmi və təhsili olub. Bu gün təkcə Ukraynada elmin müxtəlif sahələrində ad-san qazanan xeyli alimlərimiz var.

AzEDU.az bu gün onlardan, daha doğrusu, onların yalnız bir qismindən bəhs edəcək. Təbii ki, adlarını sadaladığımız alimlər siyahının heç bir faizi də deyil və biz yeri gəldikcə, digərlərini də təqdim edəcəyik.

Hələlik isə aşağıdakı alimləri diqqətə çatdıraq: 

Gülməmmədov Fərman - 1939-cu il noyabrın 7-də qədim Borçalı mahalında – Gürcüstanın o vaxtkı Lüksemburq, indiki Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 

1947-ci ildə Darvaz kənd orta məktəbinin birinci sinfinə gedib, sonra təhsilini Bolnisi qəsəbəsində rus orta məktəbində davam etdirib. 1958-ci ildə orta məktəbi bitirib və elə həmin ildə Ukraynanın Donetsk Tibb İnstitutuna qəbul olunub. 1964-cü ildən Donetsk vilayət xəstəxanasında həkim kimi fəaliyyətə başlayıb. Az sonra isə Klinik-cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 

1971-ci ildə dissertasiya müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsi qazanıb.  1984-cü ildə “Yoğun bağırsaq xəstəliklərində cərrahi müalicə” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, ttibb elmləri doktoru elmi dərəcəsinə yüksəlib. 

Fərman Gülməmmədov 1991-1994-cü illərdə Azərbaycanda — Bakı şəhərində işləyib və Azərbaycan Elmi Tədqiqat Qastroenterologiya İnstitutunda bağırsaq xəstəliklərinin cərrahi əməliyyatları sahəsinə rəhbərlik edib. 1995-ci ildə yenidən  Donetskə qayıdıb və Tibb Universitetinin "Ümumi cərrahlıq” kafedrasının müdiri vəzifəsində fəaliyyətə başlayıb. 

Fərman Gülməmmədov məhsuldar elmi tədqiqat və praktiki tibbi fəaliyyətinə görə  SSRİ Tibb əlaçısı və Ukraynanın Əməkdar elm xadimi fəxri adlarına layiq görülmüşdür.  Onun rəhbərliyi altında 1 doktorluq və 6 namizədlik dissertasiyası müdafiə edilib. Professor Gülməmmədovun elmi və pedoqoji fəaliyyətinin nəticələri 300-dən çox elmi əsərdə, o cümlədən 2 fundamental monoqrafiyada öz əksini tapıb. Tanınmış alim 50-dən artıq beynəlxalq, ittifaq və respublika səviyyəli elmi konqres, müşavirə və konfranslarda çıxış edib, onlarla elmi məqalənin müəllifidir. 

Bağırov Məmməd - 3 noyabr 1942-ci ildə Gədəbəy rayonu Qaraməmmədli kəndində anadan olub. Orta təhsili doğma kəndindəki orta məktəbdə alıb. 1964-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu tamamlayıb və həmin ildən 1968-ci ilədək Gəncə şəhərindəki xəstəxanalardan birində cərrah işləyib. 1968-1972-ci illərdə Kiyevdəki Həkimlərin İxtisasartırma İnstitutunun cərrahiyyə kafedrasının aspirantı olub. 

Dissertasiyanı uğurla müdafiə edərək elmlər namizədi dərəcəsi aldıqdan sonra, 1972-1975-ci illərdə Kiyev şəhəri 6 saylı xəstəxananın Torakal cərrahiyə kafedrasının əvvəlcə ordinatoru, sonra isə kafedra müdiri vəzifələrində işləyib. 1975-1977-ci illərdə Kiyevdəki Torakal Cərrahiyə Mərkəzində cərrah işləyib. 

Bağırovun bundan sonrakı fəaliyyəti Kiyev Həkimlərin Təkminləşdirilməsi İnstitutu ilə bağlıdır. 1977-1986-ci illərdə bu müəssisənin Pulmonologiya kafedrasının asistenti, 1986-1990-cı illərdə dosenti və 1990-dan sonra professorudur. 1988-ci ildə “Traxeya xəstəliklərinin cərrahi müalicəsi” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi alıb. 

Məmməd Bağırov 1977-ci ildən bugünəcən cərrahların, pulmonoloqların və bronxoloqların hazırlanması istiqamətində böyük əmək sərf edir. O, pulmonologiya və torakal cərrahiyyə üzrə metodik vəsaitlərin müəllifidir.  Alimin dəstəyi ilə həkimlərin tədrisi üçün müvafiq kompüter proqramı hazırlanıb. Professorun rəhbərliyi altında 7 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilib. 

Professor Bağırov rekonstruktiv torakal cərrahiyyə üzrə dünyada aparıcı mütəxəssislərdən sayılır. Onun nailiyyətləri 300-dən çox elmi işdə, o cümlədən, 6 monoqrafiyada öz əksini tapıb. Həzm sistemi xəstəliklərinin müayinəsi və müalicəsi ilə bağlı 22 müəlliflik şəhadətnaməsi və patenti vardır.

1997-ci ildə pulmonologiya sahəsində xidmətlərinə görə Məmməd Bağırov Ukrayna Dövlət Mükafatına layiq görülmüş, 2008-ci ildə isə ona Ukrayna Respublikasının Elm və texnika üzrə əməkdar elm xadim fəxri adı verilib. 

Azərbaycanlı alim həm Avropanın, həm də Amerikanın Kardiotorakal Cərrahlar Assosiasiyasının üzvüdür. 1998 və 1999-cu illərdə Amerika və İngiltərə bioqrafiya cəmiyyətləri Məmməd Bağırovu dünyanın 100 ən yaxşı həkimi siyahısına salmışdır. 2012-ci ildə o, Amerika Bioqrafiya İnstitutu tərəfindən qızıl medalla təltif edilib.

Vəliyev Eldar - 1951-ci ildə Bakıda anadan olub. 1973-cü ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. 1977-ci ildə Ukraynada Xarkov Radiofizika və Elektronika İnstitutunun aspiranturasında radiofizika ixtisas üzrə namizədlik dissertasiyasını uğurla müdafiə edib və elə həmin institutda elmi işçi kimi fəaliyyətə başlayıb.

 1988-ci ildə isə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini qazanıb. 

Azərbaycanlı alim artıq 20 ilddən çoxdur ki, “Elektromaqnit nəzəriyyəsində Riyazi metodlar” (MMET) beynəlxalq elmi konfransının təşkilat komitəsinin sədridir. Bu nüfuzlu beynəlxalq tədbirin yaranması və inkişaf tarixi Eldar Vəliyevin adı ilə bağlıdır. Həmin konfrans mötəbər URSI (Radio Engineers, ABŞ) Beynəlxalq Birliyin siyahısına daxil edilib.

Həmyerlimiz 1997-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən ilin adamı elan edilib və 1999-cu ildə o, İEEE(Radio Engineers) Beynəlxalq İnstitutunun (ABŞ) həqiqi üzvü seçilib.

1990-2010 illər ərzində Eldar Vəliyev bir çox ölkələrin universitetlərinə professor olaraq dəvət edilib: Yaponiyanın Çou universiteti (1991, 1992, 1999, 2009-cu illər), Osaka Elektrokommunikasiya Universiteti  (1995), Türkiyənin Çukurva Universiteti,  (1992-1995-ci illər), ABŞ-ın Filadelfiya Pennsilvaniya Universitetində (2002) dəvətli müəllim kimi çalışıb. 

Azərbaycanlı alim 2008-2012-ci illərdə Xarkov Üzvi Kimya Elmi Tədqiqat və Layihə İnstitutunun, 2012-2016-cı illərdə Bələdiyyə İqtisadiyyatı Milli Akademiyasında (Xarkov) təlim, ixtisasartırma və Uzaqdan Təhsil Mərkəzinin direktoru olub. 2016-cı ildən  Uzaqdan Təhsil Mərkəzinin elmi və pedaqoji işlər üzrə prorektorudur.

Professor Vəliyev aparıcı milli və beynəlxalq jurnallarda 150-dən çox nəşr edilən orijinal elmi məqalələrin müəllifidir. Yaponiya və Avropada həmyerlimizin 3 kitabı nəşr olunub. O, 7 elmlər namizədi və bir elmlər doktoru yetişdirmişdir. 

Eldar Vəliyev 2000-ci ildən Ukrayna Tətbiqi Radioelektronika Akademiyasının, 2011-ci ildən Almaniya Təbii Avropa Elmlər Akademiyasının həqiqi üzvüdür. Azərbaycanın Əməkdar elm xadimidir.

Quliyev Arif - 1952-ci ildə Bərdə rayonunun Böyük Qacar kəndində anadan olub. Orta təhsildən sonra, 1968-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunmuş, tələbəlik illərində aktiv ictimai fəaliyyəti və savadına görə ali təhsilini tamamladıqdan dərhal sonra institut partiya təşkilatının zəmanəti ilə o, Bakı Ali Partiya Məktəbinə oxumağa göndərilib. 1975-ci ildən müxtəlif dövlət qurumlarında təşkilati və rəhbər vəzifələrdə çalışan hüquqşünas, 1998-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərinə köçür.  Arif Quliyev burada Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini artırmış, dövlət idarəçiliyi üzrə dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini qazanır. 

Arif Quliyevin doktorluq dissertasiyasının mövzusu “Ukrayna Azərbaycan qanunvericiliklərinin müqayisəli-hüquqi təhlili” olub. Hazırda Arif müəllim Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Əlaqələr İnstitutu və Beynəlxalq Hüquq kafedrasının professorudur. Xarici əlaqələr hüququ, Beynəlxalq humanitar hüququ,  Diplomatik və konsulluq xidməti, Diplomatik protokol və etiketi kimi fənnlər tədris edir. Alim, analoji mövzunu əhatə edən 5 monoqrafiya, 2 dərslik, 2 tədris vəsaiti, 150 –dən çox elmi və publisistik məqalənin müəllifidir. 2 ixtisaslaşma elmi şurasının və 3 elmi məqalələr jurnalının redaksiya heyətinin üzvüdür. 

Azərbaycanlı alimin çoxsaylı təltif və mükafatları sırasında Ukraynanın Əməkdar Təhsil işçisi fəxri adı da vardır. Ukraynada yaşayan azərbaycanlıların diaspor birliyində aktiv iştirak edən Arif Quliyev bu sahədə səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının “Tərəqqi” medalı” ilə təltif edilib. Bunlardan başqa, ictimaiyyətçi alim Ukrayna-Azərbaycan dostluq körpüsü Beynəlxalq nominasiyasının laureatı, Ukrayna və Beynəlxalq Jurnalistlər İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin,  Ukrayna hüqüqşünaslar Assosiyasının həqiqi üzvü, həmçinin  “Ukrayna  Azərbaycanlı alimləri elmi şurası” və “Xalq diplomatiyası institutu” ictimai təşkilatlarının sədridir.

Ömərov Murad - 1963-cü ildə Kürdəmir rayonunun Xırdapay kəndində dünyaya gəlib. Kənd məktəbində orta təhsilini tamamladıqdan sonra, 1980-ci ildə Xarkov Radio Elektronika İnstitutuna (indi XMREU) qəbul olunub, 1985-ci ilədə ali təhsilini başa vurduqdan sonra, elə həmin institutun idarəetmə aparatında əmək fəaliyyətinə başlayıb. Paralel olaraq, müəllim kimi də çalışan gənc mütəxəssis 1991-ci ildə İnformasiya ötürülməsi üzrə fiber-optik rabitə sistemləri sahəsində namizədlik dissertasiyasını mudafiə edib. Çalışdığı universitetdə yüksək nüfuz sahibi olan Murad Ömərov  2004-cu ildə Ukrayna Tətbiqi Radio Elektronika Akademiyasının akademiki seçilib. 2009-cu ildən professordur. Elə həmin ildə də Xarkov Milli Radio Elektronika Universitetinin Xarici Vətəndaşların Tədris Mərkəzinin direktoru vəzifəsinə təyin olunmuşdur. 2015-ci ilin oktyabrında universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru təyin edilib. 

Fəal ictimai fəaliyyətlə məşğul olan professor Murad Ömərov 2000-ci ildən etibarən Xarkov vilayəti Azərbaycan Ukrayna “Dostluq” cəmiyyətinin üzvü olmuş, 2001-ci ildə bu cəmiyyətin sədri, 2002-ci ildə isə Ukrayna Milli Mədəni Birlik Assosiasiyasının vitse-prezidenti secilib.

2002-2006-cı illərdə Xarkov şəhəri Kiyev rayon şurasının IV çağırış deputatı, İqtisadi inkişaf və sahibkarlıq daimi komissiyasının sədri seçilən Murad Ömərov, 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə “Tərəqqi” medalı ilə təltif edilib.