Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-28 10:05:00
İlk təhsil nazirimizin məşəqqətli həyatı və  ölümü – Oğurlanan pullar, gizli qalan qatil  

AzEdu.az   Respublika Günü  münasibətilə bu gün 102 yaşı tamamlanan  şanlı dövlətin AXC-nin  baş naziri olan, çox ləyaqətli şəxsiyyət Nəsib bəy Yusifbəyli haqqında bir faktı təqdim edəcək.

 

Bolşeviklər 1920-ci ilin aprelində Azərbaycanı işğal edəndə Cümhuriyyət rəhbərləri məcburi şəkildə mühacirətə getməli olurlar. Nəsib bəy də bir çoxları kimi Tiflisə yollanmaq istəyir. Təəssüf ki, yolda bir neçə nəfərin xainliyi səbəbindən amansızcasına qətlə yetirilir.

 

Cümhuriyyət hökumətinin xüsusi xidmət rəisi olan Nağı bəy Şeyxzamanlı özünün xatirələrində məhz həmin tarixlə bağlı çox maraqlı əhvalatı danışır:

 

“1920-ci il martın sonlarına doğru Nəsib bəyi evində ziyarət etmişdim. Bu görüş zamanı biz müxtəlif mövzularda söhbət etdik və sonra söhbətimiz Anadolu İstiqlal Savaşının üzərinə gəlib çıxdı. Bu zaman Nəsib bəy “gec də olsa, az da olsa Türkiyəyə bir az valyuta hazırlayıb yeznəm Pişnamazzadənin qardaşı oğlu Məmmədəli Əhmədzadə ilə göndərdim” dedi. Pulun miqdarını soruşmadım, o da açıqlamadı. 1961-ci ildə Əhmədzadə ilə Tehranda görüşdüm. Ondan yardım məsələsi haqqında soruşdum. İsrarıma baxmayaraq məlumat verməkdən imtina etdi. Mən də daha çox üz vurmadım. Daha sonra əldə etdiyim məlumata görə Əhmədzadə Nəsib bəyin göndərdiyi pulu İstanbula göndərmişdir. O zaman İstanbul ingilis və fransızların işğalı altında idi. O, Ankaraya gedib pulu lazımi yerə təhvil verə bilməmişdi. Artıq bu zaman, yəni 1920-ci il aprelin 27-də Azərbaycanı Moskvanın əmri ilə Qızıl Ordu işğal edir. O, 1920-ci ilin may ayında Azərbaycan dövlət xadimlərinin Gürcüstana keçdiklərini öyrənir. Əhmədzadə əlindəki pullardan min ingilis poundunu İtaliya bankı vasitəsilə İstanbuldan Tbilisiyə Nəsib bəyin adına göndərir. Halbuki, Nəsib bəy Tbilisə gəlib çata bilmir, yəni yolda naməlum şəxslər tərəfindən öldürülür. İstanbuldan göndərilən bu min ingilis poundunu Nəsb bəyin dostları Gürcüstan səfirimiz Pərviz bəy Vəkillinin vasitəsilə alırlar. Əhmədzadə daha sonra Nəsib bəyin öldürülmüş olduğunu söyləyir. Onun 1920-ci ilin oktyabr ayında Ankara hökumətinə 19 min Türk kağız lirəsi və bir milyon fransız frankı vermiş olduğunu öyrəndim”.

 

Nəsib bəy haqqında danışarkən, ən çox toxunulan məqamlardan biri də onun müəmmalı ölümüdür.

 

Qarxunlu Əşrəf  bəy təəssüf ki, Azərbaycan tarixinə Cümhuriyyətin baş naziri Nəsib bəy Yusifbəylinin “qatili” kimi düşüb. Bu barədə müxtəlif versiyalar da var. Guya, Ərəş bəylərbəyi olan Əşrəf bəy Nəsib bəyi evinə qonaq çağıraraq, orada öldürüb. Bəzi versiyalarda isə guya Nəsib bəyin üzərində daşıdığı böyük pul məbləğinə sahiblənmək üçün onu Kür qırağında qətlə yetirdiyini deyir. 

 

Hərb tarixçisi üzrə araşdırmaçı Şəmistan Nəzirli isə uzunmüddətli araşdırmaların nəticəsində bu faktə təkzib edən dəlillərlə yanaşı, Əşrəf bəyi sonradan ölümə aparan səbəbləri də müəyyənləşdirdi.

 

 Müsavat dövründə Ərəş mahalının bəylərbəyi olan Əşrəf bəyi 1924-cü ilə qədər heç nədə günahlandıra bilməyiblər. Şura hökuməti çalışıb ki, xaricə mühacirətə gedən Cümhuriyyət liderlərini təxribatla öldürməkdə, onlar haqqında donoslar toplamaqda Əşrəf bəyin nüfuzundan istifadə etsin. Lakin bunun heç biri alınmamışdır. Görünür bəylik nüfuzuna, qürur və şəxsiyyətinə belə alçaq hərəkətləri sığışdırmayan Əşrəf bəy şəninə ləkə gətirə biləcək bütün təkliflərdən min bir bəhanə ilə imtina edib.

 

 Mircəfər Bağırovun Markaryana, Laptinova, Aqrobaya tapşırığından aydın olur ki, bu ölkələrdən qayıdan Əşrəf bəy onların tapşırığını yerinə yetirməmişdir. Tapşırıq isə aydın idi: Əşrəf bəy Qarxunlu İran və Türkiyədəki Müsavat liderlərindən Gepoya donos gətirməli, ya da onlara sui-qəsd etməlidir. Lakin İrandan qayıdan Əşrəf bəy məlumat verir ki, xəstələndim, heç bir fəaliyyət göstərə bilmədim. Türkiyədən qayıdanda isə bəhanə gətirir ki, qorxdum ki, məni tanıyıb öldürərlər.

 

 Gepoçular və şəxsən Bağırov istəyirmiş ki, Əşrəf bəy onlara işləsin, daha doğrusu, casusluq etsin. Lakin Əşrəf bəy Qarxunlunun bəy qüruru, kişi vüqarı, milli təəssübkeşliyi belə satqınlığı qəbul etmir. 

 

 Nəticədə isə olablar elə Əşrəf bəyin özünə olur. Adıçəkilən mənbəyə istinadən Qarxunlu Əşrəfə atılan böhtanların birini təqdim edək:

 

 “Azərbaycan Baş Siyasi İdarəsinin sədr müavini Aqrobanın və şərq şöbəsinin rəis müavini Borşovun imzası ilə təcili və tamamilə məxfi məktub Şəki-Zaqatala Baş Siyasi İdarənin dairə rəisi Müzəffərovun ünvanına göndərir:

 

 "Sizin göndərdiyiniz Əşrəf bəy Tağıyev bizim tərəfimizdən həbs olunmuşdur. Sizin şəxsi cavabdehliyinizlə onun haqqında təcili köməkçi materiallar toplamağa başlayın. Bu şərtlə materiallar elə əsaslandırılmalıdır ki, Azərbaycan Baş Siyasi İdarəsi onu respublikadan kənara sürgün edə bilsin. Onun antisovet ünsürlərlə və cinayətkarlarla əlaqələrinə daha çox diqqət yetirmək lazımdır. Çalışın Əşrəf bəyin Şəki-Zaqatala üsyanının başçısı olması təsdiq olunsun.

 

Bizim tələb etdiyimiz material ən geci üç həftə ərzində çatdırılmalıdır".

 

Şəmistan Nəzirli özünün “Qarxunlu Əşrəf bəy” kitabında yazır:

 

“Qabaqda gedən əsgər ayaq saxladı. Geri qanrılıb arxadakına şəhadət barmağı ilə qapının üstündə yazılmış 58 rəqəmini göstərdi. Dayanıb nəzarətçini gözlədilər. Yaxındakı kameradan deyinə-deyinə çıxan sərt sifətli, caydaq nəzarətçi topa açarları cingildədib arasından asanlıqla birini tapıb qapıya saldı. Tükürpərdici səslə cırıldayan dəmir qapını geri itələdi. Əşrəf bəyin qabağındakı bolşevik əsgəri bir addım sağa çəkilib kinayə ilə rusca dedi:

- Bəy, buyur sarayına…

Nəzarətçi iri sümüklü əllərini açdı:

- Elə bu? Mən də elə bildim, üç nəfər olacaq, - dedi.

Dilli-dilavər əsgər onu cavabsız qoymadı:

  • Bu sənin üçün adi "quşcuğaz" deyil, ha… Bu, bir orduya bərabər Əşrəf bəy Qarxunludur. İndi Şəki üsyanının qarşısı alınacaq…

Nəm qoxuyan kamerada üç dəmir stul vardı. Əşrəf bəyə elə gəldi ki, onlar divara söykədilib. Əl atıb birini divardan aralayıb oturmaq istədi. Buz kimi armatur stul əlini ağrıtdı, divara elə bərkidilmişdi ki, tərpətmək mümkün deyildi. Qapının arxasında əsgər nəzarətçiyə nəsə deyirdi. Nəfəsliyə qəfil vurulan yumruq onu səksəndirdi. Nəzarətçi ətli sifətini deşiyə soxub kobud səslə:

Bəy, təcili nə sözün olsa üç dəfə qapını taqqıldadarsan, qulluğunda hazır olarıq. Çalışarıq darıxmayasan, - deyib, nəfəsliyi bağladı.

Ayaq səsləri uzaqlaşıb eşidilməz oldu. Səs-səmir tamam kəsildi. "Qu" desən qulaq tutulardı. Kameranın tam qaranlığında Əşrəf bəy əllərini hövkələdi. Divarların nəmi onu təpədən-dırnağa kimi üşütdü. Yalxı köynəkdə kürəyi soyuqdan göynəyirdi. Dərindən nəfəs alıb oturdu, armatur stul buz kimi idi. İndi hiss elədi ki, ağır havadan nəmdən çox miz iyi gəlir. Könül bulandıran pis qoxudan onu öyümək tutdu. Sağ əlilə sinəsini hövkələdi. Alatoranda qarşıdakı divarı zorla görə bilirdi.

 

O, bəxtinin gətirəcəyinə həmişə inanmışdı. İlk gəncliyindən bütün işləri uğurlu olmuşdu. Xüsusilə, bolşeviklər gələnə qədər uğursuzluq nə olduğunu bilməmişdi. Qırmızılar onu beş ildə iki dəfə həbs edib, bir dəlil-sübut olmadığına görə buraxmışdılar. Özü demişkən, Şura vaxtı tale iki dəfə üzünə gülmüşdü.

 

Bu da üçüncüsü… Bayaqkı dindirilmələrdən hiss edirdi ki, bu xına daha o xınadan deyil. İndi nədən qaçsa da, "qolçomaq" adından qaça bilməyəcəkdi. Keçmiş bəylərin, ağaların hamısı həbsxanalarda və Sibirdədir. "Şura hökuməti var - dövlətimizi aldı, bəs olmadı, indi də canımızı alır" - deyə, düşündü.

 

Uzanıb dincəlməyin həsrətində idi. Dünəndən başlayan sorğu-suallarda ayaq üstə durmaq və əyləşmək onu əldən salmışdı. Beli ağrıyırdı, canında qocalara xas küt sızıltı və üzücü ağrılar vardı. Əllərini dizinə qoydu, başını aşağı salıb fikrə getdi. Bağırovun müavini Aqrobanın gözünü bic-bic qıyıb verdiyi ikibaşlı sorğu-sualını unuda bilmirdi…