Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-31 14:05:00
Qəbul imtahanının ilk mərhələsi - Rəqəmlərin diliylə  

Qəbul imtahanlarının birinci mərhələsi artıq başa çatıb. Statistik göstəricilərə görə,  I - IV ixtisas qrupu üzrə 68 min abituriyent imtahanda iştirak edib.

AzEdu.az xəbər verir ki, 2017-ci ildə bu rəqəm 70.797 abituriyent təşkil edib. Yəni, ötən illə müqayisədə qəbul imtahanlarının birinci mərhələsində iştirak edənlərin sayında 2797 nəfər azalma var. Daha öncəki illərin nəticələrinə görə isə bu göstərici hər keçən il azalmaqda davam edir.

2018-2019-cu  tədris ilində keçirilən qəbul imtahanlarının birinci mərhələsində 6754 nəfər 500-700 arası bal toplayıb. I  ixtisas qrupu üzrə qəbul  imtahanında 27.478 nəfər iştirak edib, onlardan 1916 - nəfər 500-700 arası bal toplayıb.

II ixtisas qrupu üzrə imtahanda iştirak edən  16.700 abituriyentdən 1328 nəfər 500-700 arası bal toplayıb. İmtahanda III ixtisas qrupu üzrə 18.900 nəfər iştirak edib ki, onlardan 2145 nəfər 500 - 700 arası bal toplayıb. IV ixtisas qrupu üzrə isə 4981 abituriyentdən 1365 nəfəri 500-700 arası bal toplayıb.

10 nəfər maksimum nəticə göstərib.

2017/2018-ci tədris ilində isə 2464 nəfər 600-dən yuxarı nəticə göstərib. 2016-cı ildə  bu 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib.

Ötən il qəbul imtahanlarının birinci mərhələsində maksimum nəticə göstərənlərin sayında nə artım, nə də azalma var. 2017-ci ildə də bu il olduğu kimi 10 nəfər 700 bal toplayıb.

Qeyd edək ki, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının ikinci mərhələsi I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək. V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları